Məhkəmə qərarları › İş №2(037)-702/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-702/2021

18.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-702/2021 18.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması tələbinə dair mülki işə 18 avqust 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək “Azəriqaz” İstehsalat Birliyi (bundan sonra cavabdeh) tərəfindən **********04150 nömrəli abonent koduna işlənmiş 3456 kub metr təbii qazın dəyəri 691 (altı yüz doxsan bir) manat 20 (iyirmi) qəpik debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 22 may 2018-ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin tabeçiliyində olan X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. O, tərtib olunmuş aktı imzalamışdır. Bir müddət sonra cavabdeh tərəfindən ona bildirilmişdir ki, ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və verilmiş rəydə sayğacın hesablama mexanizminin alt hissədən deşildiyi qeyd edilmişdir. Ona görə də 31 may 2018-ci il tarixdə “təbii X1nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə qərar qəbul edilərək 3456 kub. metr itirilmiş təbii qaz iddiaçının hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. O, “Təbii X1nın pozulması haqqında” tərtib olunmuş aktı imzalamaqdan imtina etmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. O, istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödəmişdir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün deyildir. Qeyd etdiklərinə əsasən cavabdeh təşkilat tərəfindən onun hesabına vurulmuş 691,2 manat debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən 22 may 2018-ci il tarixdə iddiaçının İsmayıllı rayonun Mican kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X1na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı iddiaçı imzalamışdır. “Azəriqaz” İB-nin “Təbii X1nın pozulması haqqında” 31 may 2018-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi, 1 ədəd axınlı su qızdırıcı vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. “Azəriqaz” İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 31 may 2018-ci il tarixli qərarın surətindən görünür ki, qərarda sayğacın hesablama mexanizminin alt hissədən deşildiyi qeyd edilmişdir. Qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 3456 kub metr müəyyən edilmiş və həmçinin iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. 05 iyul 2021-ci il tarixli abonentin saldosundan görünür ki, 2018-ci ilin may ayının sonuna iddiaçının **********04150 nömrəli abonent koduna 691,2 manat borc vurulmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən 22 may 2018-ci il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X1na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən ******* nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı iddiaçı imzalamışdır. İddiaçının yaşadığı evin qaz xəttindən açılmış ******* nömrəli sayğacda nöqsan aşkar olunduğundan abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair 31 may 2018-ci il tarixli ******* nömrəli “Təbii X1nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. “Azəriqaz” İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 31 may 2018-ci il tarixli qərarda sayğacın hesablama mexanizminin alt hissədən deşildiyi qeyd edilmiş və həmin qərara əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 3456 kub metr müəyyən edilmişdir. Həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. İddiaçı cavabdeh tərəfindən hesabına işlənmiş 691,2 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən iddia tələbinə dair münasibətini öyrənmək mümkün olmamışdır. “X1”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 3456 kub metr miqdarında, yəni 691,2 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Bundan başqa qanunvericiliyin tələbinə görə qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı tərəfindən həyata keçirilir. Ona görə də məhkəmə hesab edir ki, itirilmiş təbii qazın istehlakçının hesabına işlənməsi, ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə debitor borcun və qaz sayğacının dəyərinin tələb edilməsi əsassızdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, “Azəriqaz” İB tərəfindən iddiaçının hesabına işlənmiş 3456 kub metr itirilmiş təbii qazın dəyəri 691,2 manat debitor borcun silinməsi və iddiaçının dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyidən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı **********04150 nömrəli abonent koduna vurulmuş 3456 kub metr təbii qazın dəyəri 691 (altı yüz doxsan bir) manat 20 (iyirmi) qəpik debitor borc məbləği silinsin. İddiaçı dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunsun. “Azəriqaz” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu məbləği tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar