Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-74/2021 03.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 (bundan sonra birinci cavabdeh), Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) və Cavabdeh3 (bundan sonra üçüncü cavabdeh) müştərək qaydada 27,72 ABŞ dollar əsas, 109,64 ABŞ dollar faiz, 272,51 ABŞ dollar cərimə olmaqla, cəmi 409,87 ABŞ dollar məbləğində borcun və 30 manat dövlət rüsumunun alınaraq ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 10_USD nömrəli kredit müqaviləsinə əsasən borcalana 18 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında zaminlik müqaviləsi bağlanmışdır. Birinci cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri ödəməmişdir. Birinci cavabdehin kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə dümüş və ona 713,5 manat kompensasiya ödənilərək 47,13 manat kredit borcu qalmışdır. Bundan sonra da cavabdeh qalıq borcunu da ödəməmişdir. Cavabdehlərdən müştərək qaydada 27,72 ABŞ dollar əsas, 109,64 ABŞ dollar faiz, 272,51 ABŞ dollar cərimə olmaqla, cəmi 409,87 ABŞ dollar məbləğində borcun və 30 manat dövlət rüsumunun alınaraq ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, onunla iddiaçı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 10_USD nömrəli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 1500 manat məbləğində kredit verilmişdir. Bir müddət müqavilə şərtlərinə uyğun ödənişlər etmişdir. Bank bağlanmış və kredit borcunu hara ödəyəcəyini öyrənə bilməmişdir. 2019-cu ilin fevral ayında Prezident Fərman verdikdən sonra ödənişləri dayandırmışdır. Banka müraciət etmiş və ona kompensasiya ödənilmişdir. Ona kompensasiya verildiyindən borcunun silindiyini və müqavilə üzrə heç bir öhdəliyinin qalmadığını düşünmüşdür. Sonradan 47,13 manat borcu qaldığını bilsə də həmin borcu hara ödəyəcəyini bilməmişdir. Onun kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşsə də iddiaçı tərəfindən onlara qalıq borcun ödənilməsinə dair yeni müqavilə bağlanılması üçün bildiriş göndərilməmişdir. Bu səbəbdən yeni müqavilə bağlanılması üçün vaxtında iddiaçıya müraciət etməmişdir. O, iddia tələbinin 27,72 ABŞ dolları əsas borc hissəsini qəbul edir və hissə-hissə ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İkinci cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 10_USD nömrəli kredit müqaviləsinin təminatı kimi onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Onun zaminlik müqaviləsi üzrə bank qarşısında öhdəliyinin icrası müddəti bitmişdir. Ona görə də onun zaminliyinə xitam verilməsini və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Üçüncü cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 10_USD nömrəli kredit müqaviləsinin təminatı olan onunla iddiaçı arasında bağlanmış zaminlik müqaviləsi üzrə bank qarşısında öhdəliyinin icrası müddəti bitdiyini göstərmiş və zaminliyinə xitam verilməsini xahiş etmişdir. xx xxxx 2015-ci il tarixli 10_USD nömrəli kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən birinci cavabdehə illik 28 faiz dərəcəsi ilə 18 ay müddətinə 1500 USD məbləğində kredit verilmiş, birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə birinci cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. xx xxxx 2015-ci il tarixli 10_USD nömrəli kredit müqaviləsinə əlavədən görünür ki, birinci cavabdeh 18 ay müddətində 1500 USD əsas borc və 354,18 USD faiz borcu, cəmi 1854,18 USD məbləğini ödəməyi öhdəsinə götürmüşdür. xx xxxx 2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqavilələrinə əsasən ikinci və üçüncü cavabdehlər birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx xxxxxxx 2019-cu il tarixli **********530 nömrəli bildirişdən görünür ki, birinci cavabdehə kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya edilməsi məqsədi ilə ləğv prosesində olan “xxxx” ASC-nin ünvan 1 ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına və yaxud yaşadığı ünvana yaxın olan ləğv prosesində olan istənilən bankın inzibati binasına yaxınlaşmağı bildirilmişdir. Xəbərdarlıqdan görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəliyini icra etmədikləri üçün borcun könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli **********529 nömrəli arayışdan görünür ki, 17 iyun 2015-ci il tarixli 10_USD nömrəli kredit müqaviləsinə əsasən birinci cavabdehin xx xxxxxxxx 2020-ci il tarixinə 27,72 ABŞ dolları əsas, 109,64 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış faiz, 272,51 ABŞ dolları müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə, ümumi yaranmış borcu 409,87 ABŞ dolları məbləğində olmuşdur. Problemli kreditlərin kompensasiyasına dair mərkəzi bazadan çıxarılmış məlumatdan görünür ki, hazırkı iş üzrə kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, birinci cavabdehə 713,5 manat kompensasiya ödənilmiş və birinci cavabdehin 47,13 manat qalıq borcu qalmışdır. xx xxxxxx 2019-cu il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı ASC ilə birinci cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 10_USD nömrəli kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə illik 28% dərəcəsi ilə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə ikinci və üçüncü cavabdehlər arasında xx xxxx 2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Müqavilədə birinci cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və borcun gecikdirilməsinə görə dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. Birinci cavabdehin kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, birinci cavabdehə 713,5 manat kompensasiya ödənilmiş və 47,13 manat əsas qalıq borcu qalmışdır. İddiaçı cavabdehlərdən 27,72 ABŞ dollar əsas, 109,64 ABŞ dollar faiz, 272,51 ABŞ dollar cərimə olmaqla, cəmi 409,87 ABŞ dollar məbləğində borcun və 30 manat dövlət rüsumunun alınaraq ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə ödənilməsini tələb edir. Birinci cavabdeh kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyünü, ona 713,5 manat kompensasiya ödənildiyini, onlara yeni müqavilə bağlanılması üçün bildiriş göndərilmədiyindən vaxtında iddiaçıya müraciət etmədiyini, iddia tələbini 27,72 ABŞ dolları əsas borc hissəsini qəbul etdiyini və hissə-hissə ödəyəcəyini bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İkinci cavabdeh iddia tələbini qəbul etmir, onun zaminlik müqaviləsi üzrə bank qarşısında öhdəliyinin icrası müddətinin bitdiyini bildirərək zaminliyinə xitam verilməsini xahiş edir. Üçüncü cavabdeh ərizə göndərərək zaminlik müqaviləsi üzrə bank qarşısında öhdəliyinin icrası müddətinin bitdiyini bildirərək zaminliyinə xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbi baxımından hesab edir ki, iddiaçı xx xxxx 2015-ci il tarixli 10_USD kredit müqaviləsi üzrə 27,72 ABŞ dollar əsas, 109,64 ABŞ dollar faiz, 272,51 ABŞ dollar cərimə olmaqla, cəmi 409,87 ABŞ dollar məbləğində kredit borcunu ikinci və üçüncü cavabdehlərdən tələb etməkdə haqlı deyil. Çünki, həmin müqavilə üzrə kredit 18 ay müddətinə verildiyindən yuxarıda göstərilən maddənin tələbinə görə iddiaçı cavabdeh zaminlərə qarşı iddianı borcun ödənilməsinin müddətinin bitdiyi xx xxxxxx 2017-ci il tarixdən bir il, bəzi hallarda isə iki il keçənədək yəni, xx xxxxxx 2019-cu il tarixədək qaldıra bilərdi. İddiaçı cavabdeh zaminlərə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia irəli sürmədiyindən onların zaminliklərinə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet portalından çıxarışdan görünür ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə xx xxxx 2019-cu il tarixinə kredit borcu üzrə əsas qalıq borcu 47,13 manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. Hazırkı iş üzrə cavabdehlərdən tələb etdiyi əsas kredit borcu “Problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdükdən sonra qalmış qalıq borca bərabərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi borclu tərəfindən pulun ödənilməsinin gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Eyni zamanda, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx xxxxxx 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə X2 Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Habelə, Fərmanın 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Birinci cavabdeh yeni müqavilə bağlanılması üçün iddiaçıya müraciət etməmişdir. Bundan əlavə, Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, sözügedən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Sözügedən Fərman birinci cavabdehə münasibətdə kreditin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbinin restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, həmin Fərmanda vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzətli kreditin verilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda banklar problemli kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz, banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən, xx xxxx 2015-ci il tarixli 10_USD nömrəli kredit müqaviləsi üzrə birinci cavabdehdən 27,72 ABŞ dolları əsas borc məbləğinin tutulmasına dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1 və 8.1.2-ci maddələrinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan çox olduqda isə 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə ödənilmiş tələblərin məbləği 500 manatdan az olduğundan birinci cavabdehdən 20 manat məbləğində dövlət rüsumu tutulmalı, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə görə pul öhdəliyi manatla ifadə olunmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun məhkəmə qətnaməsi haqqında xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər qətnamədə Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır.Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə borc məbləği xarici valyuta ilə göstərildiyindən qətnamədə alınan məbləğin qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmalı olması göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 27 (iyirmi yeddi) ABŞ dolları 72 (yetmiş iki) sent kredit borcu həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla və 20 (iyrirmi) manat ödənilmiş rüsum məbləği alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-74/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-74/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver