Məhkəmə qərarları › İş №2(037)-8/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-8/2025

08.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-8/2025 08.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “evin və torpaq sahəsinin naturada real bölgü əsasında bölünməsi və cavabdeh tərəfindən istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair mülki işə 08 yanvar 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon İsmayıllı kəndi ərazisində yerləşən mərhum əri X1 miras qalmış 1965-ci ildə inşa olunmuş ümumi sahəsi 110.2 kv.metr olan fərdi yaşayış evi, yardımçı sahəsini və JN-031A KOD 40719028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə verilmiş 0.12 hektar həyətyanı torpaq sahəsini İsmayıllı Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 2(037)-403/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş qaydaya uyğun olaraq yaşayış evindən və torpaq sahəsindən ona çatan hissədə olan payı real naturada bölünüb ayrılıb ona verilməsi və Cavabdeh tərəfindən istifadəyə törədilən maneələrə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 2(037)-403/2023 saylı qətnaməsinə əsasən Cavabdeh İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 28 iyun 2018-ci il tarixli reyestrdə 21/243 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi mərhum əri X1 miras qalmış İsmayıllı rayon İsmayıllı kəndi ərazisində yerləşən fərdi yaşayış evinə və 0.12 hektar həyətyanı torpaq sahəsinə dair 1/4 hissəsi onun, 1/4 hissədə Cavabdeh, 1/4 hissədə X3 və 1/4 hissədə X2 hər birinin ayrı-ayrılıqda paylarının müəyyən edilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış 22 iyun 2023-cü il tarixli icra vərəqəsi icra olunması üçün həmin tarixdə İsmayıllı rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Lakin İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayevin icraatına daxil olmuş icra vərəqəsinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri aparılsa da məhkəmə qətnaməsi ilə müəyyən olunmuş miras payı yəni fərdi yaşayış evi və torpaq sahəsinin real paylara bölünüb ona verilməmişdir. İcra məmuru Rahim Mustafayev məhkəmə qətnaməsi ilə müəyyən olunmuş miras əmlakını yəni fərdi yaşayış evini, həmin evə aid həyətyanı torpaq sahəsini ayrı-ayrılıqda paylara real bölünüb ona verilməsi təmin edilməmişdir. İcra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən icra sənədində göstərilən paylar dəqiq müəyyən edilmədiyindən ev və torpaq sahəsinin bölgüsü aydın olmadığından həmin icra sənədinin izah olunması üçün İsmayıllı Rayon Məhkəməsinə izah ərizəsi ilə müraciət etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 8(037)-34/2024 saylı qərardadı ilə İsmayıllı rayon İcra və probasiya şöbəsinin ərizəsi təmin olunmamışdır.Beləliklə, icra məmuru məhkəmə qətnaməsini icra etməmişdir. Belə ki, mövcud olan fərdi yaşayış evi və torpaq sahəsinin real bölgüsünü apara bilməyəcəyini göstərməklə təyin olunmuş icra hərəkətləri qeyri müəyyən vaxtadək təxirə salınmış və aralarında olan mübahisəli əmlak bölünməmiş qalmışdır. Qeyd etmək istəyir ki, İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən məhkəmə qətnaməsi ilə müəyyən olunmuş miras əmlakı üzrə fərdi yaşayış evinə, həyətyanı torpaq sahəsinə mülkiyyətdən payının ayrılmasını istəyir, çünki öz payının üzərində sərbəst şəkildə mülkiyyət hüququnu həyata keçirmək onun hüququdur. Bu barədə, yəni fərdi yaşayış evi və torpaq sahəsindən payların müəyyən edilməsi üçün o cavabdehlə razılığa gələ bilməmişdir. Məsələni mübahisəsiz məhkəmədən kənar həll edilməsi üçün təşəbbüs göstərsə də heç bir nəticə əldə edə bilməmişdir. Cavabdehlə verdiyi təklifə əsasən payların real bölgüsünün aparılmasında razılığa gələ bilməmişlər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvəda olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Hesab edir ki, hazırkı iş üzrə müəyyən olunmuş işin faktiki hallarından göründüyü kimi texniki pasporta əsasən İsmayıllı rayon İsmayıllı kəndində 0,12 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evindən onun payının ayrılması mümkündür.Ona görə də İsmayıllı rayon İsmayıllı kəndi ərazisində yerləşən mərhum əri X1 miras qalmış 1965-ci ildə inşa olunmuş ümumi sahəsi 110.2 kv.metr olan fərdi yaşayış evi, yardımçı sahəsini və JN-031A KOD 40719028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə verilmiş 0.12 hektar həyətyanı torpaq sahəsini İsmayıllı Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 2(037)-403/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş qaydaya uyğun olaraq yaşayış evindən və torpaq sahəsindən ona çatan hissədə olan payı real naturada bölünüb ayrılıb ona verilməsi və Cavabdeh tərəfindən istifadəyə törədilən maneələrə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, əlavə olaraq göstərdi ki, onun hazırda yaşadığı yardımçı tikilinin dam örtüyü cavabdeh tərəfindən dəyişdirilmiş, lakin digər təmir işləri aparılmamışdır. O, həmin tikilidə yaşamaq fikrindədir və cavabdeh tərəfindən ona məxsus torpaq sahəsini dəmir mərzlə ayrılarsa orada iri buynuzlu heyvan saxlamaq fikri var. Bundan başqa məhkəmədən onun təhlükəsizliyinin də təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu,İsmayıllı kəndində yaşayır. Məlum edir ki, hazırkı iş üzrə iddiaçı analığı İddiaçı ona qarşı İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən, mərhum atası Məhəmməd Məmmədovdan miras qalmış, 1965-ci ildə inşa olunmuş, ümumi sahəsi 110,2 kv.metr olan fərdi yaşayış evi, yardımçı sahəsi və JN-031A Kod 40719028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İsmayıllı rayon AİK-nın xx.xx.2001-ci il tarixli 120 saylı qərarı ilə verilmiş 0,12 hektar həyətyanı torpaq sahəsini İsmayıllı Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(037)-403/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş qaydaya uyğun olaraq yaşayış evindən və torpaq sahəsindən ona (iddiaçıya) çatan hissədə olan payı real naturada bölünüb ayrılıb ona verilməsi və onun tərəfindən istifadəsinə törədilən maneçiliklərə son qoyulması tələbi ilə iddia qaldırmışdır. O, cavabdeh olaraq İddiaçı iddiasını hazırkı vəziyyətdə tamamilə əsassız hesab edir. Əvvəla, İsmayıllı Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli qətnaməsi üzrə yeni açılmış hal mövcuddur. Belə ki, o 14 aprel 2024-cü il tarixdə iddiaçının real bölünməsini tələb etdiyi miras qalan evdən iddiaçının gizlədib saxladığı mərhum anası Camal Mamedovanın adına 1987-ci ilin oktyabr ayında tərtib edilmiş 458 nömrəli fərdi yaşayış evinin texniki pasportunu və 3 nömrəli reyestr kitabının 21-ci səhifəsində 458 inventar işi kimi qeyd edilmiş qeydiyyat vəsiqəsini aşkar etmişdir. Həmin fərdi yaşayış evinin texniki pasportundan və qeydiyyat vəsiqəsindən görünür ki, sənəd üzrə 0,26 hektar faktiki 0,2964 hektar həyətyanı torpaq sahəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 110.2 kv.metr, yaşayış sahəsi 44,8 kv,metr və yardımçı sahəsi 65.4 kv.metr olan fərdi yaşayış evi anası Camal Mamedovanın adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. Anası 2001-ci ilin oktyabr ayında vəfat etmişdir. İsmayıllı rayonu,İsmayıllı kəndində isə məlum torpaq islahatları İsmayıllı rayon AİK-nın 2001-ci il 20 fevral tarixli 120 saylı qərarına uyğun aparılmışdır. Demək islahatlar gedərkən anası sağ olmuş və həyətyanı torpaq sahəsi anasının qanuni istifadəsində, fərdi yaşayış evi isə mülkiyyətində olmuşdur. Lakin sözügedən məhkəmə qətnaməsində atasından miras qalan fərdi yaşayış evi İsmayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 48-23 RA/2-m/14-91 nömrəli arayışa əsasən miras kütləsinə daxil edilərək vərəsələr arasında, o cümlədən də vərəsə kimi iddiaçı da daxil olmaqla hər bir vərəsəyə 1/4 pay həcmində bölünmüşdür. Halbu ki, həmin fərdi yaşayış evi anasının mülkiyyətindədir və iddiaçı olan analığı Fəzilə onun doğma anasına münasibətdə vərəsə sayıla bilməz. Həmçinin islahatlar zamanı anası sağ ola-ola onun qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi qeyri-qanuni olaraq yalnız atasının əvəzsiz mülkiyyətinə verilmişdir. Bundan əlavə iddiaçı atasından miras qalan 4000 ədəd mişar daşını Göyçay rayonundakı ata yurduna daşıtdırıb aparmış və 5 baş inəkdən özü istifadə edir. Həmin daşınar əmlaklardan digər vərəsələrin payı verilməmişdir. Bundan əlavə də, vərəsə olan bacısı Şamama Abbasova mirasdan kənarda qalmış, baxmayaraq ki, mirası o da onlarla bərabər qəbul etmiş, mirasdan imtina etməmişdir. Bütün bu qeyd edilən halların mövcudluğu hazırkı vəziyyətdə iddiaçının miras daşınmaz əmlakın real bölgü əsasında bölünməsi tələbinin təminini mümkünsüz edir. Mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin naturada birgə mülkiyyətçilər arasında bərabər bölünməsinin mümkün olmaması Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin sorğuya cavab məktubları ilə də təsdiq edilmişdir. Bundan başqa o iddiaçıya yaşamasına heç bir maneçilik törətmir, onun yaşadığı tikilinin dam örtüyünü dəyişmiş, digər təmir işlərini görmək istədikdə isə iddiaçı ona imkan verməmişdir. Buna baxmayaraq aralarında razılaşma olarsa o iddiaçının yaşadığı tikilini təmir edəcək, ona məxsus torpaq sahəsini isə tellərlə sərhədlərini ayıracaqdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mütəxəssis rəyini və işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)- 403/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Cavabdeh İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 28 iyun 2018-ci il tarixli reyestrdə 2V-243 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilərək mərhum X1 miras qalmış İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 1965-ci ildə inşa olunmuş ümumi sahəsi 110.2 kv.metr olan fərdi yaşayış evinə və JN- 031A KOD 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə verilmiş 0.12 hektar həyətyanı torpaq sahəsinə dair 1/4 hissədə İddiaçı, 1/4 hissədə Cavabdeh, 1/4 hissədə X3 və 1/4 hissədə X2 hər birinin ayrı-ayrılıqda payları müəyyən edilmişdir. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(037)-34/2024 saylı qanuni qüvvəyə minmiş qərardadından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(037)-403/2023 saylı icra sənədinə izah verilməsinə dair İsmayıllı rayon İcra və probasiya şöbəsindən daxil olmuş ərizə təmin edilməmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 25 iyun 2024-cü il tarixli 3- 21-3-42/2-3446/2024 saylı sorğuya cavab məktubundan görünür ki, mülki işdə göstərilən JN-013 A KOD 40719028 nömrəli şəhadətnamə ilə İddiaçı, Cavabdeh,X4 və X2 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.12 hektar torpaq sahəsinin faktiki naturada ölçülməsi üçün mütəxəssisin iştirakı təmin edilmiş, iddia olunan torpaq sahəsinin döngə nöqtələri üzrə GPS aləti vasitəsilə ölçü işləri aparıldıqdan sonra kamerial qaydada araşdırma zamanı məlum olmuşdur ki, JN-013 A KOD 40719028 nömrəli şəhadətnamə ilə İddiaçı, Cavabdeh, X4 və X2 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.12 hektar torpaq sahəsi və torpaq sahəsinin daxilində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət olduğundan verilən nisbətlərlə fərdi yaşayış evinin (fərdi yaşayış evinin ümumi, yaşayış və köməkçi sahəsinin) torpaq sahəsi ilə birgə eyni miqdarda bölünməsi mümkün deyildir. İşdə olan, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 16 dekabr 2024-cü il tarixli 3- 21-3-42/2-6833/2024 saylı əlavə sorğuya cavab məktubundan görünür ki, mülki işdə göstərilən JN-013A KOD 40719028 nömrəli şəhadətnamə ilə İddiaçı, Cavabdeh, X4 və X2 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.12 hektar torpaq sahəsinin faktiki naturada ölçülməsi üçün mütəxəssisin iştirakı təmin edilmiş, iddia olunan torpaq sahəsinin döngə nöqtələri üzrə GPS aləti vasitəsi ilə ölçü işləri aparıldıqdan sonra kamerial qaydada araşdırma zamanı məlum olmuşdur ki, faktiki naturada ölçülmüş 0.125 hektar torpaq sahəsi ilə JN-013 A KOD 40719028 nömrəli şəhadətnamə ilə İddiaçı, Cavabdeh, X4 və X2 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.12 hektar torpaq sahəsi arasında konfiqurasiya uyğunsuzluğu mövcuddur, eyni zamanda torpaq sahəsinin daxilində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət olduğuna və bölgü aparılmadığına görə məhkəmə tərəfindən ünvanlanmış sualların cavablandırılması mümkün olmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə mütəxəssis rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra,belə hesab edir ki,mütəxəssis rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbul ediləndir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 25 iyun 2024-cü il tarixli 3- 21-3-42/2-3446/2024 saylı sorğuya cavab məktubunda JN-013 A KOD 40719028 nömrəli şəhadətnamə ilə İddiaçı, Cavabdeh, Ətraf Mamedov və Xaləddin Mamedovun ümumi birgə mülkiyyətlərinə verilmiş 0.12 hektar torpaq sahəsinin faktiki naturada döngə nöqtələri üzrə GPS aləti vasitəsilə ölçü işləri aparıldıqdan sonra kamerial qaydada araşdırma zamanı 0.12 hektar torpaq sahəsi və torpaq sahəsinin daxilində yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət olduğundan verilən nisbətlərlə fərdi yaşayış evinin (fərdi yaşayış evinin ümumi, yaşayış və köməkçi sahəsinin) torpaq sahəsi ilə birgə eyni miqdarda bölünməsinin mümkün olmadığı məlum olmuşdur. Eyni zamanda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 16 dekabr 2024-cü il tarixli 3-21-3-42/2-6833/2024 saylı əlavə sorğuya cavab məktubunda mülki işdə göstərilən JN-013A KOD 40719028 nömrəli şəhadətnamə ilə İddiaçı, Cavabdeh, Ətraf Mamedov və Xaləddin Mamedovun birgə mülkiyyətlərinə verilmiş 0.12 hektar torpaq sahəsinin faktiki naturada ölçülmüş 0.125 hektar torpaq sahəsi ilə JN-013 A KOD 40719028 nömrəli şəhadətnamə ilə İddiaçı, Cavabdeh, Ətraf Mamedov və Xaləddin Mamedovun ümumi birgə mülkiyyətlərinə verilmiş 0.12 hektar torpaq sahəsi arasında konfiqurasiya uyğunsuzluğu mövcuddur və eyni zamanda torpaq sahəsinin daxilində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət olduğuna və bölgü aparılmadığına görə məhkəmə tərəfindən ünvanlanmış sualların cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini,nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını,həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin naturada paylı mülkiyyətçilər arasında bərabər bölünməsinin mümkün olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq,belə qənaətə gəlir ki,JN-013 A KOD 40719028 nömrəli şəhadətnamə ilə İddiaçı, Cavabdeh, Ətraf Mamedov və Xaləddin Mamedovun ümumi birgə mülkiyyətlərinə verilmiş 0.12 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin daxilində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət olduğundan verilən nisbətlərlə fərdi yaşayış evinin (fərdi yaşayış evinin ümumi, yaşayış və köməkçi sahəsinin) torpaq sahəsi ilə birgə eyni miqdarda bölünməsi mümkün olmamışdır və eyni zamanda JN-013A KOD 40719028 nömrəli şəhadətnamə ilə İddiaçı, Cavabdeh, Ətraf Mamedov və Xaləddin Mamedovun birgə mülkiyyətlərinə verilmiş 0.12 hektar torpaq sahəsinin faktiki naturada ölçülmüş 0.125 hektar torpaq sahəsi ilə JN-013 A KOD 40719028 nömrəli şəhadətnamə ilə İddiaçı, Cavabdeh, Ətraf Mamedov və Xaləddin Mamedovun ümumi birgə mülkiyyətlərinə verilmiş 0.12 hektar torpaq sahəsi arasında konfiqurasiya uyğunsuzluğu mövcuddur. Mübahisə predmeti olan 0.12 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin naturada paylı mülkiyyətçilər arasında bərabər bölünməsi mümkün deyildir. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə,onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur.Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur.Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir.Belə ki,proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir.Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların,yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir.Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ,əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir.Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür;məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar;prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır:tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, İddiaçı Cavabdeh qarşı evin və torpaq sahəsinin naturada real bölgü əsasında bölünməsi və cavabdeh tərəfindən istifadəyə törədilən maneələrə son qoyulmasına dair iddia tələbi əsassız olduğundan təmin edilməməli, eyni zamanda gələcəkdə ikinci mərhələ üzrə daşınmaz əmlakın açıq hərracdan satılması barədə iddia qaldırmaq hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi,məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı evin və torpaq sahəsinin naturada real bölgü əsasında bölünməsi və cavabdeh tərəfindən istifadəyə törədilən maneələrə son qoyulmasına dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar