Məhkəmə qərarları › İş №2(037)-800/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-800/2024

21.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-800/2024 21.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair mülki işə 21 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən **********04420 nömrəli abonent koduna vurulmuş 4320 kub metr təbii qazın dəyəri 518,40 manat borcun silinməsini və qaz sayğacının dəyərinin ödənilməsindən azad olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixdə və məhkəmə baxış iclasları isə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən bir dəfə məhkəmə hazırlıq iclası və iki dəfə məhkəmə baxış iclası təyin olunsa da, iddiaçı qeyd olunan məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəblərini bildirməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdeh nümayəndəsi Ramil Ömərov tərəfindən əvvəlki məhkəmə iclasında məhkəmə hazırlıq və baxış iclaslarının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi barədə elektron ərizə daxil olsa da, mülki işə iddiaçının iştirakı olmadan baxılmasının tələb edilməsinə dair hər hansı sənəd məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 №-li qərarının 9.1 maddəsinə əsasən MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarına gəlmədiyinə və işə onun iştirakı olmadan baxılmasını xahiş etmədiyinə, cavabdeh tərəfindən isə mülki işə mahiyyəti üzrə baxılmasının tələb edilməsi barədə hər hansı sənəd daxil olmadığından iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsi və əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılması barədə qərardad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdehnə qarşı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar