Məhkəmə qərarları › İş №2(037)-809/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-809/2020

26.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-809/2020 26.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) “Cavabdeh” İstehsalat Birliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh” İB tərəfindən **********00890 nömrəli abonent koduna işlənmiş 2916 kub metr təbii qazın dəyəri 291 (iki yüz doxsan bir) manat 60 (altmış) qəpik debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə iddiaçının iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2019-cu il tarixdə “Cavabdeh” İB-nin tabeçiliyində olan Ağsu Regional X4 əməkdaşları tərəfindən iddiaçının yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı 25753955 nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. Bir müddət sonra cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, 25753955 nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və verilmiş rəydə sayğacın daxili qulaqcıqlarında əzik cızıq izlərinin aşkar olunduğu qeyd edilmişdir. Ona görə də xx xxxx 2019-cu il tarixdə “təbii X2nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 2916 kub. metr itirilmiş təbii qaz iddiaçının hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. Cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq iddiaçının hesabına işlənmişdir. İddiaçı və ailə üzvləri tərəfindən qaz sayğacına müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. X4 nəzarətçisi tərəfindən yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş təqdim edilir. İddiaçı istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödəmişdir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün olmamışdır. İddiaçı cavabdeh təşkilat tərəfindən hesabına vurulmuş 291,6 manat debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, xx xxxx 2019-cu il tarixdə “Cavabdeh” İB-nin X5 X1 Xidmət Sahəsinin əməkdaşları tərəfindən iddiaçının İsmayıllı rayonun Topçu kəndində yerləşən fərdi yaşayış evinin qaz xəttinə qoşulmuş qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açılaraq götürülmüşdür. Bununla bağlı həmin tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş aktı iddiaçı imzalamışdır. Açılmış Elster-G4 markalı 25753955 nömrəli qaz sayğacı yoxlamadan keçmiş və AR DNŞ İTRİ tərəfindən tərtib edilmiş 29/1710-00314-1 nömrəli aktda sayğacın daxili qulaqcıqlarında əzik-cızıq izlərinin aşkarlandığı qeyd edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Cavabdeh” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamamışdır. Akta əsasən həmin tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 2916 kub.metr itirilmiş qazın dəyəri 291,6 manat məbləği hesablanaraq iddiaçının abonent bazasındakı koduna vurulmuşdur. İddiaçının abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Ona görə də iddiaçının iddia tələbini əsassız hesab edir və həmin tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli xx xxxx 2019-cu il tarixli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən həmin tarixdə iddiaçının İsmayıllı rayonun Topçu kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı iddiaçı imzalamışdır. “Cavabdeh” İB-nin Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş xx xxxx 2019-cu il tarixli MSK 23/1710-01392-2 nömrəli aktın surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış 25753955 nömrəli sayğaca xx xxxx 2019-cu il tarixdə İnformasiya Texnologiyaları və X3 və məişət qaz sayğacların kalibrləmə laboratoriyasında baxış keçirilərkən sayğacın daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar edilmişdir. “Cavabdeh” İB-nin “Təbii X2nın pozulması haqqında” xx xxxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-3 tipli qaz piltəsi və 1 ədəd dəmir soba vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamamışdır. “Cavabdeh” İB-nin Ağsu Regional X4 əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 2916 kub metr müəyyən edilmiş və həmçinin iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. Abonentin saldosundan görünür ki, 2019-cu ilin iyun ayının sonuna iddiaçının **********00890 nömrəli abonent koduna 291,6 manat borc vurulmuşdur. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən xx xxxx 2019-cu il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən 25753955 nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı iddiaçı imzalamışdır. İddiaçının yaşadığı evin qaz xəttindən açılmış 25753955 nömrəli sayğaca laboratoriyada baxış keçirilərkən sayğacın daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu aşkar edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Cavabdeh” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamamışdır. “Cavabdeh” İB-nin Ağsu Regional X4 əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 2916 kub metr müəyyən edilmişdir. İddiaçı cavabdeh tərəfindən hesabına işlənmiş 291,6 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. “X2”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış 25753955 nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 2916 kub metr miqdarında, yəni 291,6 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Ona görə də məhkəmə hesab edir ki, itirilmiş həmin təbii qazın istehlakçının hesabına işlənməsi və ondan təbii qazın dəyəri olaraq hər hansı məbləğdə debitor borcun tələb edilməsi əsassızdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, “Cavabdeh” İB tərəfindən iddiaçının hesabına işlənmiş 2916 kub metr itirilmiş təbii qazın dəyəri 291,6 manat debitor borcun silinməsi və iddiaçının dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, cavabdeh “Cavabdeh” İstehsalat Birliyidən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı **********00890 nömrəli abonent koduna vurulmuş 2916 kub metr təbii qazın dəyəri 291 (iki yüz doxsan bir) manat 60 (altmış) qəpik debitor borc məbləği silinsin. İddiaçı dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunsun. “Cavabdeh” İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu məbləği alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar