Məhkəmə qərarları › İş №2(037)-81/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-81/2025

23.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-81/2025 23.06.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı həyətyanı torpaq sahəsinin payına düşən hissəsinin naturada real bölgü əsasında bölünərək ayrılması və həmin həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə qadağa qoyulması tələbinə dair mülki işə 23 iyun 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-131A Kod 40711028 olan şəhadətnamə üzrə İsmayıllı rayonu İstisu kəndində yerləşən, 0,28 hektar həyətyanı torpaq sahəsinin onun payına düşən 0,07 hektar hissəsinin naturada real bölgü əsasında bölünərək ayrılması və həmin həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən maneçilik törədilməsinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ölkədə aparılan torpaq islahatları zamanı İsmayıllı rayonu İstisu kəndində yerləşən 0,28 hektar həyətyanı torpaq sahəsi onun, qardaşları Cavabdeh1, Cavabdeh2 və bacısı X1 birgə mülkiyyətinə verilərək keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-131A Kod 40711028 olan şəhadətnamə verilmişdir. Həmin həyətyanı torpaq sahəsinin 0,07 hektarı onun payına düşür. Qeyd edilən torpaq sahəsindən digər birgə mülkiyyətçilərdən qardaşı Cavabdeh1 bölgüyə narazılığına və hədə-qorxu gəlməsinə görə aralarında razılığa gələrək real bölgü planının tərtib edilməsi mümkün olmamışdır. O, həyətyanı torpaq sahəsinin naturada real şəkildə bölünərək mülkiyyət payının ayrılması barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş və həmin təşkilat tələbini təmin etməkdən imtina etmişdir. İmtinaya əsas kimi birgə mülkiyyətdə olan torpaq sahəsinin bölgüsü birgə mülkiyyətçilərin razılığına əsasən həyata keçirildiyi, əgər razılığa gələ bilmədikdə məhkəmə yolu ilə həyata keçirildiyi göstərilmişdir. Onunla cavabdehlər arasında qanuni mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin real bölgü aparılmasına əsasən Cavabdeh1 maneçilik törədir. Bu səbəbdən torpağın bölgüsünə dair notarial qaydada təsdiq olunmuş bölgü planı və sazişin əldə edilməsi mümkün deyil. Torpağın mülkiyyətə verilməsinə dair JN-131A Kod 40711028 olan şəhadətnamə üzrə İsmayıllı rayonu İstisu kəndində yerləşən, 0,28 hektar həyətyanı torpaq sahəsinin onun payına düşən 0,07 hektar hissəsinin naturada real bölgü əsasında bölünərək ayrılması və həmin həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən maneçilik törədilməsinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh2 izahat verərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə JN-131A Kod 40711028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İsmayıllı rayonu İstisu kəndi ərazisindən onun, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X1 ümumi birgə mülkiyyətinə 0,28 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsinin naturada paylarına uyğun bölünməsinə etiraz etmir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını qərara almışdır. JN-131A Kod 40711028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2, İddiaçı, X2 və Cavabdeh1 birgə mülkiyyətinə İsmayıllı rayonu İstisu kəndi ərazisindən 0,28 hektar həyətyanı torpaq sahəsi verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin İddiaçı ünvanladığı 06 aprel 2024-cü il tarixli, 3-21-3-42/2-Q-00xxxx/2024 nömrəli məktubundan görünür ki, ümumi birgə mülkiyyətə verilmiş torpaq sahələrində hər hansı mülkiyyətçinin payının naturada bölünərək ona verilməsi bütün payçıların razılığı əsasında həyata keçirildiyi və payçılar payın naturada bölünərək ayrlmasına razılıq bildirmədikləri təqdirdə məhkəmə yolu ilə həll edildiyi bildirilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 04 mart 2025-ci il tarixli, 3-21-3-42/2-1075/2025 nömrəli məktubundan görünür ki, məhkəmə tərəfindən qoyulmuş sualı cavablandırmaq məqsədi ilə mübahisəli torpaq sahəsinə birgə baxış keçirilməsi üçün İddiaçı ilə telefon əlaqəsi saxlanılmışdır. İddiaçı bildirdi ki, Naxçıvan şəhərində yaşayır və hal-hazırda baxışda iştirak edə bilmir. İddiaçı iştirak etmədiyinə görə tələbdə göstərilmiş torpaq sahəsinin ölçülməsi və məhkəmə tərəfindən qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. İddiaçı keçiriləcək baxışda iştirak edəcəyi təqdirdə mübahisəli torpaq sahəsində ölçü işləri aparılaraq məhkəmə tərəfindən qoyulmuş sual cavablandırılacaqdır. Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2025-ci il tarixli, 3-16-16/2-10/130/2025 nömrəli məlumatından görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə xx.xx.2025-ci il saat 14:00-da baxış keçirilməsinin təşkil edilməsi barədə vəsatət verilmişdir. Qeyd olunan tarixdə iş üzrə cavabdeh tərəfin baxış tədqiqat obyektinə baxış keçirilməsinə şərait yaratmaması səbəbindən mübahisə predmeti olan torpaq sahəsinə baxış keçirilməklə müvafiq ölçü işlərinin aparılması mümkün olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları ilə müəyyən edildi ki, JN-131A Kod 40711028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Cavabdeh2, İddiaçı, X2 və Cavabdeh1 birgə mülkiyyətinə İsmayıllı rayonu İstisu kəndi ərazisindən 0,28 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə iddia tələbinin həyətyanı torpaq sahəsinin payına düşən hissəsinin naturada real bölgü əsasında bölünərək ayrılması hissəsinə münasibətdə qeyd edir ki, məhkəmənin 23 dekabr 2024-cü il tarixli qərardadına əsasən İsmayıllı rayonu İstisu kəndi ünvanında yerləşən mübahisəli əraziyə yerində müayinə keçirilməklə, torpağın mülkiyyətə verilməsinə dair JN-131A Kod 40711028 olan şəhadətnaməyə əsasən Cavabdeh2, İddiaçı, X2 və Cavabdeh1 mülkiyyətində olan, İsmayıllı rayonu İstisu kəndində yerləşən 0,28 hektar həyətyanı torpaq sahəsinin 1/4 (0,07 hektar) hissəsinin naturada real bölgü əsasında bölünməsinin mümkünlüyü barədə mütəxəssis rəyi verilməsi üçün Azərbaycan Respublikası “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə, ekspert rəyi verilməsi üçün isə Məhkəmə Ekspertizası Mərkəzinə sorğular edilmişdir. Sorğuya cavab olaraq, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi 04 mart 2025-ci il tarixli, 3-21- 3-42/2-1075/2025 nömrəli məktubunda qeyd edir ki, məhkəmə tərəfindən qoyulmuş sualı cavablandırmaq məqsədi ilə mübahisəli torpaq sahəsinə birgə baxış keçirilməsi üçün İddiaçı ilə telefon əlaqəsi saxlanılmışdır. İddiaçı bildirdi ki, Naxçıvan şəhərində yaşayır və hal-hazırda baxışda iştirak edə bilmir. İddiaçı iştirak etmədiyinə görə tələbdə göstərilmiş torpaq sahəsinin ölçülməsi və məhkəmə tərəfindən qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. İddiaçı keçiriləcək baxışda iştirak edəcəyi təqdirdə mübahisəli torpaq sahəsində ölçü işləri aparılaraq məhkəmə tərəfindən qoyulmuş sual cavablandırılacaqdır. Sorğuya cavab olaraq, Məhkəmə Ekspertizası Mərkəzi 17 mart 2025-ci il tarixli, 3-16-16/2- 10/130/2025 nömrəli məlumatında isə qeyd edir ki, ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə xx.xx.2025-ci il saat 14:00da baxış keçirilməsinin təşkil edilməsi barədə vəsatət verilmişdir. Qeyd olunan tarixdə iş üzrə cavabdeh tərəfin baxış tədqiqat obyektinə baxış keçirilməsinə şərait yaratmaması səbəbindən mübahisə predmeti olan torpaq sahəsinə baxış keçirilməklə müvafiq ölçü işlərinin aparılması mümkün olmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında torpağa dair hər hansı mübahisə mövcud deyil və hazırda da tərəflər arasında sözügedən torpaq sahəsinin naturada bölünməsi ilə bağlı hər hansı bir etirazın olmadığı müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsinə dair sənəddə həmin torpaq sahəsinin bütün koordinatları öz əksini tapmışdır. Ona görə də məhkəmə, hər bir paylı mülkiyyətçinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmə hüququnun olması barədə qanunun tələblərini rəhbər tutaraq qərara gəlir ki, iddia tələbinə mahiyyəti üzrə baxılmalı, torpağın mülkiyyətə verilməsinə dair JN-131A Kod 40711028 olan şəhadətnamə üzrə İsmayıllı rayonu İstisu kəndində yerləşən, 0,28 hektar həyətyanı torpaq sahəsinin İddiaçı payına düşən 0,07 hektar hissəsi naturada real bölgü əsasında bölünərək ayrılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə,qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Məhkəmə iddia tələbinin həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə qadağa qoyulması hissəsinə münasibətdə qeyd edir ki, cavabdehlər iddiaçının paylı mülkiyyətçisi olduğu torpaq sahəsindən sahiblik və istifadə hüququnun həyata keçirilməsinə mane olmaları onun əmlak üzərində istifadə hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnir. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə qadağa qoyulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçının dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-131A Kod 40711028 olan şəhadətnamə üzrə İsmayıllı rayonu İstisu kəndində yerləşən, 0,28 hektar həyətyanı torpaq sahəsinin İddiaçı payına düşən 0,07 hektar hissəsi naturada real bölgü əsasında bölünərək ayrılsın. Həmin həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən maneçilik törədilməsinə qadağa qoyulsun. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar