Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-86/2024 13.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1,İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın onların tərəfindən də qəbul edilməsinin müəyyən olunması və miras əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair mülki işə 13 iyun 2024-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1,İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X3 miras qalmış İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,09 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair İsmayıllı rayonu Notariat kontoru tərəfindən 2012-ci ildə Cavabdeh adına verilmiş Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakın onlar tərəfindən də qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakın qanun üzrə birinci növbə vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar İsmayıllı rayonunun Basqal qəsəbəsində doğulub boya-başa çatmaqla ailədə yeddi qardaş olmuşlar. Qardaşlardan dördü vəfat etmiş, iddiaçılardan İddiaçı3 Rusiya vətəndaşıdır. X2 xx.xx.2004-cü il tarixdə vəfat etmiş, ondan İsmayıllı rayonu Basqal qəsəbəsində 0,09 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras qalmışdır.Atalarının vəfatınadək və vəfatından sonra miras evdə və həyətyanı torpaq sahəsində cavabdeh olan qardaşı Cavabdeh və anaları İddiaçı1 yaşamış, iki qardaşlar İddiaçı2 və İddiaçı3 da həmişə Rusiya federasiyasında yaşasalar da daimi olaraq gələrək valideynlərinin maddi və mənəvi təminatını ödəmiş, qayğılarını çəkmişlər.Atalarının vəfatından sonra da analarının maddi təminatını ödəməklə yanaşı miras əmlakın qorunması,əsaslı təmirinə vəsait xərcləmişlər. Bütün bunlara baxmayaraq cavabdeh 2012-ci ildə onların xəbəri olmadan hansısa yollarla onların adından imza etməklə onun xeyrinə imtina ərizəsində imzalarının həqiqiliyi İsmayıllı rayonu, Basqal qəsəbə İƏD üzrə nümayəndəlikdə təsdiq edilərək İsmayıllı rayonu Notariat kontorundan öz adına “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” almış və fərdi yaşayış evini öz adına keçirmişdir. Bu haqda iddiaçılar 2023-cü ilin sentyabr ayında miras əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün notariat kontoruna müraciət etdikdən sonra məlumat almışlar.Onlar heç vaxt nə İsmayıllı rayon Basqal qəsəbə İƏD üzrə nümayəndəlikdə, nə dəki, İsmayıllı rayon Notariat kontorunda olmamışlar və vərəsəliklə bağlı hər hansı sənədə imza etməmişlər. Ona görə də mərhum ataları X3 miras qalmış İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair İsmayıllı rayonu Notariat kontoru tərəfindən 2012-ci ildə Cavabdeh adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, miras əmlakın onlar tərəfindən də qəbul edilməsi faktının müəyyən edilməli və miras əmlakın qanun üzrə birinci növbə vərəsələr arasında bölünməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(037)-86/2024 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi,mirasın onlar tərəfindən də qəbul edilməsi faktının müəyyən olunması və miras əmlakın tərəflər arasında bölünməsi tələbi barədə mülki iş üzrə icraata cavabdeh İddiaçı1 dair hissədə xitam verilmişdir. İddiaçı2 məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/qardaşı İddiaçı3 təmsil etmişdir. Məhkəmə iclasında iddiaçı və digər İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/qardaşı İddiaçı3 iddia ərizəsi ilə eyni məzmunlu ifadə verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, atası Baloğlan Dəmirov xx.xx.2004-cü il tarixdə vəfat etmiş, ondan İsmayıllı rayonu Basqal qəsəbəsində 0,09 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras qalmışdır.Atasının vəfatından sonra həmin evdə o və anası İddiaçı1 yaşamış, həmin evdə anasının bütün qayğı və əziyyətlərini çəkmiş, təsərrüfatı o idarə etmişdir. Digər iki qardaşları Sarvan və İlham Rusiyada yaşamışlar və onlar da öz növbələrində analarının qayğısını çəkmişlər.2005-ci ildə anası Nazxanım və qardaşları İlham və Sarvanın razılığı ilə onlar evin ona vərəsəlik üzrə verilməsi barədə razılığa gəlmişlər. Belə ki, həmin evdə o ailəsi ilə birlikdə yaşamış, evin bütün qayğılarını o çəkmişdir. Onların razılığı ilə xx.xx.2005-ci il tarixdə Basqal qəsəbə İƏD üzrə nümayəndəsi Qahir Məhərrəmovun iştirakı ilə anası və qardaşları izahat yazaraq Basqal qəsəbəsində olan 4 otaqlı bir mərtəbəli yaşayış evinin özünün və bütün övladlarının razılığı ilə ona şəxsi mülkiyyət kimi verilməsinə razılıq bildirmişlər. Həmin mülkə və torpaq sahəsinə olan iddiaların qanunsuz olması barədə bildirib düzgünlüyünü öz imzaları ilə təsdiq etmişlər. Daha sonra ona İsmayıllı rayon Notariat kontorunda xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə tam və qanunidir. Oradakı imzalar onlara məxsusdur və anası və qardaşlarının belə bir iddiaları onda təssüf hissi doğurur. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, həmçinin iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan İsmayıllı rayon BBAK Şöbəsi tərəfindən verilmiş, 13 fevral 1975-ci il tarixli, İİİ- ЖГ № 251998 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı3 xx.xx.1966-cı il tarixdə doğulmuşdur. X2, anası İddiaçı1dır. İşdə olan İsmayıllı rayon VVAQ Şöbəsi tərəfindən verilmiş, 18 fevral 1975-ci il tarixli, İİİ-ЖГ №252001 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.1972ci il tarixdə doğulmuşdur. X2, anası İddiaçı1dır. İşdə olan JN-287A KOD 40700016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin sürətindən görünür ki, İsmayıllı rayon AİK-nın 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə İsmayıllı rayonu,Basqal qəsəbəsində yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsi X4 və İddiaçı1 birgə mülkiyyətlərinə verilmişdir. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X8 arasında İsmayıllı rayonu Basqal kənd sovetliyində rəsmi nikah qeydə alınmışdır.Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1975-ci ilin fevral ayının 13 günündə 01 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 aprel 2004-cü il tarixli,AZ-İ № 074759 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2004cü il tarixdə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2004-cü ilin aprel ayının 03 günündə 09 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 yanvar 2024-cü il tarixli, AZ-İİ № 383961 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024cü ilin 01 ayının 23 günündə 32 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx.xx.2005-ci il tarixdə Basqal qəsəbə İƏB üzrə nümayəndəlik tərəfindən təsdiq edilmiş izahatdan görünür ki, İddiaçı1 adından yazılmış izahatda İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən 4 otaqlı, 1 mərtəbəli yaşayış evini bütün övladlarının razılığı ilə oğlu Cavabdeh şəxsi mülkiyyət kimi verilməsinə razılığını bildirmiş, bundan sonra həmin mülkin və ətrafında olan ona aid torpaq sahəsinə heç bir kəsin iddiasının qanunsuz olması qeyd edilərək imza edilmişdir. İşdə olan xx.xx.2005-ci il tarixdə Basqal qəsəbə İƏB üzrə nümayəndəlik tərəfindən təsdiq edilmiş izahatdan görünür ki, İddiaçı3 adından yazılmış izahatda İsmayıllı rayon Basqal qəsəbəsində anasının təsərrüfatında olan 4 otaqlı, 1 mərtəbəli yaşayış evinin həyətyanı torpaq sahəsi ilə birlikdə qardaşı Cavabdeh anası tərəfindən verilməsinə heç bir etirazının olmadığı,bundan sonra heç vaxt bu ev və həyətyanı torpaq sahəsinin iddia edilməsinin qanunsuz olması qeyd edilərək imza edilmişdir. İşdə olan xx.xx.2005-ci il tarixdə Basqal qəsəbə İƏB üzrə nümayəndəlik tərəfindən təsdiq edilmiş izahatdan görünür ki, İddiaçı2 adından yazılmış izahatda onların İsmayıllı rayon Basqal qəsəbəsində anasının təsərrüfatında olan 4 otaqlı, 1 mərtəbəli yaşayış evinin qardaşı Cavabdeh şəxsi mülkiyyət kimi verilməsinə heç bir etirazının olmadığı, bundan sonra bu evin və ona aid torpaq sahəsinin iddia edilməsinin qanunsuz olması qeyd edilərək imza edilmişdir. İşdə olan İsmayıllı rayon Notariat kontoru tərəfindən verilmiş, reyestrdə 2V-2/1403 nömrə ilə qeydə alınmış 22 sentyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin sürətindən görünür ki,xx.xx.2004-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi oğlu Cavabdeh miras əmlakdan irs almışdır.Şəhadətnamə verilən miras əmlak mərhumun adına olan əmanət hesabındakı pul məbləğindən ibarətdir. İşdə olan İddiaçı1 adından İsmayıllı rayon Dövlət Notariat Kontoruna ünvanlanmış İsmayıllı RİHB-nın Basqal qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş ərizənin sürətindən görünür ki, Dəmirova X5 rayon Dövlət Notariat Kontoruna ərizə ünvanlayaraq xx.xx.2004-cü il tarixdə vəfat etmiş əri X3 miras qalmış əmlakı qəbul etmədiyini, etməyəcəyini və gələcəkdə həmin əmlak iddiası ilə məhkəmə orqanlarına müraciət etməyəcəyini qeyd etmişdir. İşdə olan 1989-cu il tarixli, 308 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun” surətindən görünür ki, İsmayıllı rayonu, Basqal kəndində yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 54.8 kv.metr, yaşayış sahəsi 34.6 kv.metr və köməkçi sahəsi 20.2 kv.metr olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi X4 mülkiyyətinə verilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, mərhum X6 ilə Əliyeva (Dəmirova) Nazxanım Nəbi qızının birgə nikahından digərləri ilə yanaşı, İddiaçı3, İddiaçı2 və Cavabdeh adlı uşaqlar doğulmuşdur. X6 xx.xx.2004-cü il tarixdə ölmüşdür. Ondan İsmayıllı rayonu Basqal qəsəbəsində 0,09 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Cavabdeh xx.xx.2012-ci il tarixdə İsmayıllı rayonu Notariat Kontoruna müraciət edərək, atası xx.xx.2004-cü il tarixdə vəfat etmiş X4 adına olan əmanət hesabındakı pul məbləğinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Məhkəmə, iddianın düzgün həll edilməsi üçün ilk növbədə miras toplusuna daxil olan əmlakların dairəsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki‚ İsmayıllı rayonu Basqal qəsəbəsində 0,09 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət əmlaklar miras qalmışdır. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruri hesab edir.Həmin qaydalara əsasən,şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir.Mirasın qəbul edilməsi dedikdə,vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür.Mülki Məcəllənin 1243.1-ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası faktiki, yəni sahiblik və idarə etmək üsulu ilə qəbul etməli, yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır.Belə ki,vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir.Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.Vərəsəlik institutu fərdilik və ailə-təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. X9 xx.xx.2004-cü il tarixdə vəfat ediyindən ondan qalan mirasla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh mirasın açıldığı vaxt X4 birinci növbəli vərəsələri olmuşdur. Belə ki, işin müəyyən edilmiş hallarından da görünür ki, X9 öldükdən sonra onun birinci növbəli vərəsələri, arvadı İddiaçı1, oğlu Cavabdeh miras açıldıqdan əvvəl və sonra da miras evdə yaşamaqla, həmçinin miras evin qorunub saxlanmasında, abadlaşmasında, birgə təsərrüfatın aparılmasında yaxından iştirak etməklə, ondan qalmış mirası faktiki qəbul etmişlər. Bu hal işin mübahisəsiz halıdır.Eyni zamanda İddiaçı3 və İddiaçı2 miras qoyanın ölümündən əvvəl və sonra valideynlərinin qayğısını çəkərək (bu hal cavabdeh tərəfindən də etiraf edilir) və sonradan notariat ofisinə müraciət etməklə mirası qəbul etdiyini bəyan etmişlər. Ona görə də məhkəmə hesab edir ki, X9un birinci növbəli vərəsələri, arvadı Nazxanım və uşaqları İlham, Sarvan və Əlvan ondan qalmış mirası qəbul etmək niyyətində olduqları üçün real davranış nümayiş etdirmişlər. Bununla da sözügedən şəxslər mirası qəbul etmək niyyətində olduqları üçün subyektiv vərəsəlik hüququna malikdirlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilir ki,vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki,mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o,mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə istinad edilən normanın tələbləri baxımından hesab edir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X9dan miras qalmış JN- 287A KOD 40700016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,09 hektar həyətyanı torpaq sahəsi Dəmirov Baloğlan və İddiaçı1 birgə mülkiyyətlərində olduğundan sözügedən torpaq sahəsinin Dəmirov Baloğlana aid ½ hissəsi mirasın kütləsinə daxil edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 dekabr 2023-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki,vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Eyni zamanda Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulayır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Məhkəmə cavabdehin iddiaçılar tərəfindən xx.xx.2005-ci il tarixdə Basqal qəsəbə İƏD üzrə nümayəndəsi Qahir Məhərrəmovun iştirakı ilə anası və qardaşları izahat yazaraq Basqal qəsəbəsində olan 4 otaqlı bir mərtəbəli yaşayış evinin özünün və bütün övladlarının razılığı ilə ona şəxsi mülkiyyət kimi verilməsinə razılıq barədə etiraz mülahizəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən ərizələr mirasdan imtina kimi qiymətləndirilə bilməz. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 dekabr 2023–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki,mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göründüyü kimi, cavabdeh iddiaçıların qeyd edilən razılıq ərizələrini imtina kimi qeyd etsə də qanunvericilik mirasdan imtinanın xüsusi və imperativ formasını, məhz notarial qaydada təsdiq şərti ilə şərtləndirmişdir. İş materiallarına əlavə edilmiş notariat işindən görünür ki, vərəsələrdən yalnız İddiaçı1 əri Baloğlan Dəmirovdan miras qalmış əmlakı qəbul etmədiyini, gələcəkdə də həmin əmlak barədə məhkəməyə müraciət etməyəcəyini bildirərək mirasdan imtina etmişdir. Eyni zamanda sözügedən imtinanın konkret olaraq hansı vərəsənin xeyrinə edildiyi ərizədə tam göstərilmədiyindən, həmin imtina ümumi imtina kimi qəbul edilməli və onun miras əmlakdakı payı digər vərəsələr arasında bərabər bölünməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki,o,mirasdan imtina etmişdir. Göründüyü kimi İddiaçı1 ərizəsində ərindən miras qalmış əmlakları deyil,əmlakdan imtina etdiyini qeyd etmişdir.Ona görə də məhkəmə sözügedən imtinanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257.2-ci maddəsinə əsasən həmin imtinanı mirasdan imtina kimi qəbul edir. Məhkəmə iddia tələbinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçılar X9dan miras qalmış torpaq sahəsi və həmin torpaq sahəsinə dair cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyini və həmin şəhadətnamənin etibarsız hesab edilməsini bildirsələr də, məhkəmə araşdırması zamanı sözügedən şəhadətnamənin torpaq sahəsi və onun üzərində yerləşən miras əmlaka dair olmadığı, Dəmirov Baloğlanın adına olan əmanət hesabındaki pul məbləğinə dair olduğu müəyyən edilmişdir.Belə ki,sözügdən şəhadətnamə ilə əldə olunmuş əmlak (əmanət hesabındaki pul) barədə hazırda tərəflər arasında hər hansı mübahisə mövcud deyildir. Mübahisə məhz torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ilə bağlıdır ki, iddiaçılar həmin əmlaklara dair cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli,tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X1 miras qalan, İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsinin ona çatan 2/1 hissəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair miras əmlakın X4 birinci növbədə vərəsələri İddiaçı2 və İddiaçı3 tərəfindən də qəbul edilməsi faktı müəyyən edilməli, X1 miras qalan, İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsinin ona çatan 2/1 hissəsinə dair İddiaçı2 3/1, İddiaçı3 3/1 və Cavabdeh 3/1 hissədə payları müəyyən edilməli və X1 miras qalan, İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən fərdi yaşayış evinə dair İddiaçı2 3/1, İddiaçı3 3/1 və Cavabdeh 3/1 hissədə payları müəyyən edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, X9dan miras qalmış JN- 287A KOD 40700016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsi Dəmirov Baloğlan və İddiaçı1 birgə mülkiyyətlərində olduğundan sözügedən torpaq sahəsinin Dəmirov Baloğlana aid ½ hissəsi mirasın kütləsinə daxil edildikdən sonra, mərhum İddiaçı1 mülkiyyət hüququ ilə məxsus 0,09 ha torpaq sahəsinin ½ hissəsinə isə vərəsələri qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçıların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. X1 miras qalan,JN- 287A KOD 40700016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsinin ona çatan 2/1 hissəsi və 1989-cu il tarixli 308 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna” əsasən İsmayıllı rayonu,Basqal qəsəbəsində yerləşən ümumi sahəsi 54.8 kv.metr olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə dair miras əmlakın X4 birinci növbədə vərəsələri İddiaçı2 və İddiaçı3 tərəfindən də qəbul edilməsi faktı müəyyən edilsin. X1 miras qalan, JN- 287A KOD 40700016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsinin ona çatan 2/1 hissəsinə dair İddiaçı2 3/1, İddiaçı3 3/1 və Cavabdeh 3/1 hissədə payları müəyyən edilsin. X1 miras qalan, 1989-cu il tarixli 308 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna” əsasən İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən fərdi yaşayış evinə dair İddiaçı2 3/1, İddiaçı3 3/1 və Cavabdeh 3/1 hissədə payları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçıların özlərinə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-86/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-86/2024
13.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver