Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-87/2022 11.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması tələbinə dair mülki işə 11 fevral 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək “Azəriqaz” İstehsalat Birliyi (bundan sonra cavabdeh) tərəfindən **********04290 nömrəli abonent koduna işlənmiş 2160 kub metr təbii qazın dəyəri 216 (iki yüz on altı) manat borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndəsi X1 məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşə iddiaçının iştirakı olmadan baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Vəfadar Əhmədov izahat verərək göstərdi ki, 04 sentyabr 2020-ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin tabeçiliyində olan X4 İstismar İdarəsinin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. İddiaçı tərtib olunmuş aktı imzalamışdır. Bir müddət sonra cavabdeh təşkilatın əməkdaşları tərəfindən bildirilmişdir ki, ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və verilmiş rəydə sayğacın çıxış plastmas borusunun deşildiyi göstərilmişdir. Ona görə də 26 fevral 2021-ci il tarixdə “təbii X2nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 2160 kub. metr itirilmiş təbii qaz iddiaçının hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. İddiaçı “Təbii X2nın pozulması haqqında” tərtib olunmuş aktı imzalamaqdan imtina etmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq iddiaçının hesabına işlənmişdir. İddiaçı və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən iddiaçının yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün deyildir. Cavabdeh təşkilat tərəfindən iddiaçının hesabına vurulmuş 216 manat debitor borcun silinməsi və iddiaçının qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə hazırlıq iclasına göndərdiyi ərizədə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İşə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən 04 sentyabr 2020-ci il tarixdə iddiaçının İsmayıllı rayonun İsmayıllı kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı iddiaçı imzalamışdır. “Azəriqaz” İB-nin Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş MSK 29/1710-01027-1 nömrəli aktın surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca 26 fevral 2021-ci il tarixdə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənayə və məişət qaz sayğacların kalibrləmə laboratoriyasında baxış keçirilərkən sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. “Azəriqaz” İB-nin “Təbii X2nın pozulması haqqında” 26 fevral 2021-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi, 1 ədəd kombi vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. “Azəriqaz” İB-nin X4 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 26 fevral 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, tələbnamədə sayğacın çıxış plastmas borusunun deşildiyi və təbii qaz itkisinin yarandığı qeyd edilmişdir. Qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 2160 kub metr müəyyən edilmiş və həmçinin iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. 25 noyabr 2021-ci il tarixli abonentin saldosundan görünür ki, 2021-ci ilin fevral ayının sonuna iddiaçının **********04290 nömrəli abonent koduna 216 manat borc vurulmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən 04 sentyabr 2020-ci il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən ******* nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı iddiaçı imzalamışdır. İddiaçının yaşadığı evin qaz xəttindən açılmış ******* nömrəli sayğacda nöqsan aşkar olunduğundan abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair 26 fevral 2021-ci il tarixli ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. “Azəriqaz” İB-nin X4 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 26 fevral 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə sayğacın çıxış plastmas borusunun deşildiyi göstərilmiş və həmin tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 2160 kub metr müəyyən edilmişdir. Həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. İddiaçının nümayəndəsi cavabdeh tərəfindən iddiaçının hesabına işlənmiş 216 manat borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. “X2”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 2160 kub metr miqdarında, yəni 216 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Bundan başqa qanunvericiliyin tələbinə görə qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı tərəfindən həyata keçirilir. Ona görə də məhkəmə hesab edir ki, itirilmiş təbii qazın istehlakçının hesabına işlənməsi, ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə borcun və qaz sayğacının dəyərinin tələb edilməsi əsassızdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, “Azəriqaz” İB tərəfindən iddiaçının hesabına işlənmiş 2160 kub metr itirilmiş təbii qazın dəyəri 216 manat borcun silinməsi və iddiaçının dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyidən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı **********04290 nömrəli abonent koduna vurulmuş 2160 kub metr təbii qazın dəyəri 216 (iki yüz on altı) manat borc məbləği silinsin. İddiaçı dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunsun. “Azəriqaz” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu məbləği alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-87/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-87/2022
11.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver