Məhkəmə qərarları › İş №2(037)-895/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-895/2025

25.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-895/2025 25.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən adına qanunsuz və əsassız olaraq rəsmiləşdirilmiş **********01370 nömrəli abonent kodu və həmin abonent koduna vurulmuş 344,48 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, məlum hadisələrlə bağlı 1992-ci ildə qaçqın düşərək ailəsilə birlikdə İsmayıllı rayonuna gələrək Mebel fabrikinin binasında iki otaqlı mənzildə məskunlaşmışlar. Hal-hazıra kimi də orada yaşayırlar. Ailə üzvləri anası, özü və üç nəfərdən ibarətdir. Həmin vaxtdan ərazidə qaz xətti mövcud olmuşdur. 2010-cu ildən qaz sayğacı quraşdırılmış və ailə başçısı kimi anası Günəş Musayevanın adına **********00670 saylı abonent kodu rəsmiləşdirilmişdir. Ailənin istifadəsində yalnız bir sayğac olmuş və həmin sayğacdan keçən qazdan istifadə edərək vaxtlı-vaxtında qazın dəyərini ödəmişlər. 2023-cü ilin mart ayında Günəş Musayevanın adına qanunsuz və əsassız olaraq 1555,2 manat cərimə yazılmış və həmin cərimə məbləği İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(037)-1112 nömrəli qətnaməsi ilə silinmişdir. Ötən müddət ərzində onlar yalnız Günəş Musayevanın adına olan abonent kodu əsasında qeydə alınmış qaz sayğacı üzrə ödənişləri aparmışlar. 23 may 2025-ci il tarixdə iddiaçıya məxsus ***-***-**-** nömrəli telefona sms gələrək 345 manat qaz pulu borcu olduğu göstərilmiş və həmin borcu ödəmədiyi halda qaz verilişinin dayandırılacağı bildirilmişdir. Ona görə də X6 Sahəsinə müraciət etmiş, ona təqdim olunmuş abonentin saldosunda adına **********01370 nömrəli abonent kodu ilə 344,48 manat qaz pulu borcu olduğu, hər ay 3 - 10 manat arası qaz sərfiyyatı aparıldığı göstərilmişdir. Lakin hal-hazıradək hər hansı bir abonent kodu ilə sayğacın qeydə alınmasına dair məlumat, istifadə etdiyi qaz puluna dair aylıq bildiriş, sms bildirişləri və sair ilə ona heç bir məlumat verilməmişdir. Yaşadıqları evdə digər sayğac mövcud deyildir. Bununla bağlı qaz idarəsinə müraciət etdikdə bu işin yalnız məhkəmə tərəfindən araşdırılmalı olduğu bildirilmişdir. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən yaşadıqları evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə yalnız anasının adına bildiriş təqdim edilir. İstifadə olunmuş təbii qazın dəyəri sayğac üzrə sərfiyyat göstəricilərinə uyğun və tam şəkildə mütəmadi olaraq ödənilmişdir. Sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyindən həyətdə digər ikinci bir sayğac olsaydı hər hansı bir bildiriş, məlumat verilərdi. Qeyd edilən əsaslara görə, adına əsassız olaraq açılmış abonent kodu və 344,48 manat borc cavabdeh tərəfindən silinməlidir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq göstərdi ki, ailə başçısı kimi anası ilə cavabdeh təşkilat arasında qazın alqı-satqısına dair müqavilə bağlanılmışdır. Onların evinə bir ədəd sayğac quraşdırılmışdır. Hal-hazırda həmin sayğac üzrə borc məbləği yoxdur. Bundan başqa onunla qazın alqı-satqsına dair müqavilə bağlamadan adına abonent kodu açılmış və ötən müddət ərzində ona istər rəsmi, istərsə də şifahi heç bir məlumat verilməmişdir. Ona görə də ondan qaz pulu borcunun tələb olunması əsassızdır və silinməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə və iddia tələbinə etiraz göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İşə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi etiraz ərizəsində göstərmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçının yaşadığı ünvanda, yəni İsmayıllı rayonunun ərazisində yerləşən Mebel fabrikinin inzibati binasında həm onun anası X5, həm də iddiaçının özü Cavabdeh Ağsu RQİİ-nin İsmayıllı xidmət sahəsinin təbii qaz abonentləridirlər və hər birinin ayrıca abonent kodları mövcuddur. X1 abonent kodu **********00670, İddiaçı abonent kodu isə **********01370-dir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə dəyişdirilməklə iki ayrı mənzili təbii qazla təmin etmək məqsədi ilə cəmi bir qaz sayğacı quraşdırılmışdır. Əsas abonent olaraq X5, onun alt abonenti olaraq isə İddiaçı qeydiyyata alınmışdır. X1 adına quraşdırılmış qaz sayğacından həm də hazırkı iş üzrə İddiaçı və ailə üzvlərinin yaşadığı, Mebel fabrikinin inzibati binasında yerləşən digər evdə də istifadə edilir. Sayğacdan keçən təbii qazın hesabatı isə onların evlərində yaşayan ailə üzvlərinin sayına uyğun müəyyənləşdirilir və ayrı-ayrılıqda onların abonent kodlarına vurulur. Yəni ki, hər ayın sonunda qaz sayğacının üzərindəki sərfiyyat götürülür və 1 nəfər X1 yaşadığı ünvana görə, 4 nəfər isə İddiaçı yaşadığı ünvana görə təbii qazın dəyəri hesablanır və ayrı-ayrı olmaqla onların abonent kodlarına vurulur. Sonuncu dəfə 2025-ci ilin iyun ayı üçün sayğacın ümumi qaz sərfiyyatı cəmi 29,05 m3 olmuşdur və dəyəri də 3,5 manat etmişdir. Qazdan istifadə edən abonentin mənzilində yaşayan adam başına görə 3,25 manat dəyəri olan 27,05 m3 təbi qazın dəyəri İddiaçı abonent koduna, 0,25 azn dəyəri olan 2 m3 təbi qazın dəyəri isə X1 abonent koduna vurulmuşdur. Ötən illər ərzində, daha doğrusu 2017-ci ildən bəri, yəni məcburi köçkünlərin istifadə etdikləri elektrik və təbii qaz yanacağına görə onlara pul şəklində kompensasiyaların verilməsinə başlandıqdan sonra İddiaçı abonent koduna hesablanmış məbləğdən heç bir ödəniş edilməmiş və nəhayətdə bu günə onun istifadə etdiyi təbii qaza görə Cavabdeh Ağsu RQİİ-nin İsmayıllı xidmət sahəsinə 352,1 məbləğində debitor borcu yaranmışdır. Abonent, hazırkı iş üzrə İddiaçı abonent koduna hesablanaraq vurulmuş 352,1 məbləğ onun mənzilində istifadə edilmiş təbii qazın real dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. “X4 haqqında” 120may 2011-ci il tarixli,80 saylı Qərarın 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qərarın 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə paylayıcı istehlakçıya verdiyi təbii qaz təminatını dayandırmaq hüquqna malikdir. Həmin Qərara əsasən istehlakçı tərəfindən istifadə edilmiş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini tələb etmək Paylayıcının hüquqlarına daxildir. Qeyd edilənlərə əsasən İsmayıllı şəhəri Mebel Fabriki binasında yaşayan İddiaçı **********01370 nömrəli abonent koduna əsassız hesablanmış 344,48 manat məbləğinin silinməsi tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək təmin edilməməsi barədə qətnaməsi çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi iştirak etdiyi məhkəmə hazırlıq iclasında izahat verərək göstərmişdir ki, İddiaçı ailəsi ilə qaçqın düşərək İsmayıllı şəhəri Mebel Fabriki binasında məskunlaşmışlar. İlyasgil iki ailədən ibarətdir. Belə ki, iddiaçının yaşadığı ünvanda, yəni İsmayıllı rayonunun ərazisində yerləşən Mebel fabrikinin inzibati binasında həm onun anası X5, həm də iddiaçının özü təbii qaz abonentləridirlər və hər birinin ayrıca abonent kodları mövcuddur. İki ayrı mənzili təbii qazla təmin etmək məqsədi ilə cəmi bir qaz sayğacı quraşdırılmışdır. X5 əsas abonent, İddiaçı isə onun alt abonentidir. X1 ailəsi 1 nəfər, İddiaçı ailəsi isə 4 nəfərdir. Onların yaşadıqları ünvana görə təbii qazın dəyəri hesablanır və ayrı-ayrı olmaqla onların abonent kodlarına vurulur. Sonuncu dəfə 2025-ci ilin iyun ayı üçün sayğacın ümumi qaz sərfiyyatı cəmi 29,05 m3 olmuşdur və dəyəri də 3,5 manat etmişdir. Həmin qazın 27,05 m3 İddiaçı abonent koduna, 2 m3 təbi qazın dəyəri isə X1 abonent koduna vurulmuşdur. Komputer özü hesablama apararaq istifadə olunmuş qazın dəyərini bölür. 2017-ci ilə qədər məcburi köçkünlərin istifadə etdikləri elektrik, su və təbii qaz yanacağına görə ödənişlər dövlət tərəfindən təmin edilirdi, 2017-ci ilin yanvar ayından isə həmin ödənişlər onların kartlarına köçürülür. Günəş Musayeva 2017-ci ildən bu günə qədər ödənişlər aparmışdır. Lakin İddiaçı tərəfindən həmin vaxtdan bu günə qədər heç bir ödəniş olunmamışdır. İş materiallarına əlavə edilmiş - X8 İstismarı İdarəsi ilə X5 arasında bağlanmış 25 oktyabr 2017-ci il tarixli 8394 nömrəli “Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin” surətindən görünür ki, cavabdeh qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. - 23 may 2025-ci il tarixli abonentin saldosundan görünür ki, iddiaçının adına **********01370 nömrəli abonent kodu vardır və həmin abonent koduna 2025-ci ilin aprel ayının sonuna 344,48 manat borc vurulmuşdur. - 23 may 2025-ci il tarixli abonentin saldosundan görünür ki, Günəş Musayevanın adına **********00670 nömrəli abonent kodu vardır və həmin abonent koduna 2025-ci ilin aprel ayının sonuna 0,42 manat borc vurulmuşdur. -Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin İsmayıllı və Qəbələ rayonu üzrə nümayəndəsi tərəfindən verilmiş 05 avqust 2025-ci il tarixli 39 nömrəli məktubdan görünür ki, İddiaçı 2017-ci ilin yanvar ayından hal-hazıradək ona kommunal xərclərin ödənilməsi üçün dövlət tərəfindən məcburi köçkünlərin hər birinə 60 manat vətəndaşların özlərinə ödənilir. Vətəndaşlar kommunal xidmətlərin sərfiyyatını özləri tərəfindən ödənilir. Kommunal xərclərin ödənilməsi üçün kartlar aidiyyatı idarə və müəsisələr tərəfindən verilir. -İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1112/2023 nömrəli 16 noyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən X1 **********00670 nömrəli abonent koduna vurulmuş 12960 kub metr təbii qazın dəyəri 1555 (bir min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik borc məbləğinin silinməsi, iddiaçı X5 dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması, Cavabdehndən 35 (otuz beş) manat 55 (əlli beş) qəpik dövlət rüsumu məbləğinin alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 1-ci bəndində göstərilmişdir, energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndində göstərilmişdir ki, bu Qanunun 13cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X4 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın; 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstər Azərbaycan Respublikası Mülki Məcəlləsinin, istər “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun, istərsə də “X4”nın tələbinə görə müəyyən hallar istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Eyni zamanda qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat verməlidir. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Göründüyü kimi cavabdeh təşkilat ilə bir yerdə yaşayan iddiaçının anası ilə qazın alqısatqısına dair müqavilə bağlanılmış, lakin cavabdeh tərəfindən iddiaçı ilə aralarında bağlanılmış müqavilə məhkəməyə təqdim edilməmiş və belə müqavilənin mövcud olması məhkəmə araşdırması zamanı da təsdiqini tapmamışdır. Məhkəmə iddia tələbinin **********01370 nömrəli abonent koduna vurulmuş 344,48 manat borc məbləğinin silinməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında tərtib olunmuş müqavilə mövcud olmadığından, istehlakçı üzərinə heç bir öhdəlik götürmədiyindən, iddiaçının adına abonent kodu olsa da ona məxsus qaz sayğacı quraşdırılmadığından ondan hər hansı borcun tələb edilməsi qanunsuzdur. Qanunun tələbinə görə istehlakçıdan istifadə etdiyi qazın dəyəri qaz sayğacının göstəricilərinə uyğun olaraq tələb edilməlidir. İddiaçının anası Günəş Musayeva ilə birlikdə yaşadıqları evə quraşdıırlmış qaz sayğacı üzrə isə 2025-ci ilin aprel ayının sonuna 0,42 manat borc mövcuddur. Cavabdehin nümayəndəsi izahatında və etiraz ərizəsində iddiaçının yaşadığı Mebel fabrikinin inzibati binasında həm onun anasının, həm də özünün qaz abonentləri və hər birinin ayrıca abonent kodlarının mövcud olduğunu, onlara cəmi bir qaz sayğacı quraşdırıldığını, anasının əsas, iddiaçının isə onun alt abonenti olduğunu, qaz pulu borcunun anasının ailə üzvünün 1 nəfər, iddiaçının isə 4 nəfərdən ibarət olması əsası ilə komputer tərəfindən hesablanaraq bölündüyünü göstərmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin etirazına münsibət bildirərək qeyd edir ki, 2017-ci ilə qədər məcburi köçkünlərin istifadə etdikləri elektrik, su və təbii qaz yanacağına görə ödənişlər dövlət tərəfindən təmin edilsə də, 2017-ci ilin yanvar ayından kommunal xərclərin ödənilməsi üçün dövlət tərəfindən məcburi köçkünlərin hər birinə 60 manat vəsait ödənilir. Məhkəmə hazırkı vəziyyətdə məcburi köçkünlərdən istifadə etdiyi təbii qaza görə əvvəllər olduğu kimi adambaşına pulun hesablanmasını və bu qaydada tələb edilməsini əsassız hesab edir. Bundan başqa ötən müddət ərzində cavabdeh təşkilat tərəfindən iddiaçıya qaz pulu borcunun olmasında dair istər rəsmi, istər şifahi qaydada məlumat verilməsinə dair iş materiallarında sübut yoxdur və bu hal məhkəmə prosesinin gedişində də öz təsdiqini tapmamışdır. İddiaçının pozulmuş və mübahisə edilən hüquqlarını və qanunla qorunan mənafelərini real bərpasını təmin etmək məqsədilə iddia tələbinin **********01370 nömrəli abonent koduna vurulmuş 344,48 manat borc məbləğinin silinməsinə dair hissəsi təmin edilməlidir. Məhkəmə iddia tələbinin iddiaçının adına qanunsuz və əsassız olaraq rəsmiləşdirilmiş **********01370 nömrəli abonent kodunun silinməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdeh təşkilat tərəfindən təbii qazla təmin olunması məqsədilə istehlakçının adına abonent kodu açılmışdır. İddiaçıya izah edilir ki, mövcud olan abonent kodunun ləğv edilməsi və yaxud da abonent koduna uyğun öz adına qaz sayğacının quraşdırılması məqsədilə Cavabdehnə müraciət etməlidir. Eyni zamanda iddiaçı iddia ərizəsində adına qanunsuz və əsassız olaraq rəsmiləşdirilmiş **********01370 nömrəli abonent kodunun siliməsini xahiş etsə də məhkəmə iclasında verdiyi izahatında və məhkəmə çıxışında yalnız **********01370 nömrəli abonent koduna vurulmuş təbii qazın dəyəri 344,48 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə bu halı da nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İB tərəfindən iddiaçının **********01370 nömrəli abonent koduna vurulmuş təbii qazın dəyəri 344 (üç yüz qırx dörd) manat 48 (qırx səkkiz) qəpik borcun silinməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci bəndinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 344,48 manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 30 (otuz) dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********01370 nömrəli abonent koduna vurulmuş təbii qazın dəyəri 344 (üç yüz qırx dörd) manat 48 (qırx səkkiz) qəpik borc məbləği silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən 30 (otuz) dövlət rüsumu məbləği alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar