Məhkəmə qərarları › İş №2(037)-907/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-907/2024

04.07.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-907/2024 04.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 04 iyul 2024cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, alimentin alınması ilə bağlı aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, maraqlı şəxs Cavabdehlə 25 sentyabr 2005-ci il tarixdə rəsmi nikah əsasında ailə qurmuşlar. Birgə nikahdan 04 oktyabr 2006-cı il tarixdə X2 və 25 noyabr 2015-ci il tarixdə X6 adlı iki övladları doğulmuşdur. Maraqlı şəxs ilə ailə münasibətləri pozulduğu üçün uzun müddətdir faktiki olaraq ayrı yaşayırlar. Ona görə də nikahın pozulması və alimentin alınması ilə bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş və Şəki 1 saylı mediasiya təşkilatınının mediatorunun iştirakı ilə maraqlı tərəf Cavabdeh ilə razılığa gəlmişlər və aralarında 0112.2023-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir. Lakin maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməyərək uşaqların maddi təminatı üçün razılaşdıqları alimenti ödəməmişdir. Ona görə də alimentin alınması ilə bağlı maraqlı şəxs Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək alimentin alınması ilə bağlı maraqlı şəxs Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, ərizəyə mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə maraqlı şəxsin gəlməməsinin səbəblərini üzürsüz hesab edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 131888 saylı 25.09. 2005-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflər arasında 25 sentyabr 2005-ci il tarixdə bağlanmış nikah Bakı şəhəri Səadət sarayında 2677 sayla qeyd edilmişdir. AZ-İ 835021 saylı xx.xx.2006-cı il tarixli və AZ-İİİ 657823 saylı xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin 04 oktyabr 2006-cı il tarixdə X2 və 25 noyabr 2015-ci il tarixdə X6 adlı iki övladları doğulmuşdur. “Mediasiya haqqında” AR Qanununun 33-cü maddəsinə əsasən hazırlanmış MŞŞ/MTO18/2023-02936 ömrəli xx.xx.2023-cü il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər mediasiya prosesində digər məsələlərlə yanaşı 04 oktyabr 2006-cı il tarixdə doğulmuş X2 və 25 noyabr 2015-ci il tarixdə doğulmuş X6 adlı iki övladlarının saxlanması üçün hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat məbləğində aliment ödənilməsinə razılığa gəlmişlər və bu barədə barışıq sazişi imzalamışlar. Ərizəçi Şəki 1 saylı mediasiya təşkilatına 100 (bir yüz) manat rüsum keçirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə göstərilir ki, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsində göstərilir ki, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsində göstərilir ki, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Həmin Məcəllənin 355-26.1-ci maddəsində göstərilir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Ərizəçi ilə maraqlı şəxs Cavabdeh 25 sentyabr 2005-ci il tarixdə rəsmi nikah əsasında ailə qurmuşlar. Birgə nikahdan 04 oktyabr 2006-cı il tarixdə X2 və 25 noyabr 2015-ci il tarixdə X6 adlı iki övladları doğulmuşdur. Tərəflər arasında ailə münasibətləri pozulduğu üçün müəyyən müddətdir faktiki olaraq ayrı yaşayırlar. Bu müddətdə marqlı şəxs uşaqların maddi təminatı ilə maraqlanmadığından ərizəçi nikahın pozulması və alimentin alınması ilə bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş və Şəki 1 saylı mediasiya təşkilatınının mediatorunun iştirakı ilə tərəflər razılığa gəlmişlər və aralarında 0112.2023-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir. Lakin cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyərək uşaqların maddi təminatını ödəməmişdir. Hazırda ərizəçi alimentin alınması ilə bağlı maraqlı şəxs Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və ərizəyə dair fikrini bildirməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi qismən təmin edilməlidir. Tərəflər arasında Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğundur, Maraqlı şəxs barışıq sazişinin könüllü icrasından imtina etdiyinə görə həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Belə olan halda məhkəmə hesab edir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarına əlavə olunmuş “Barışıq sazişi”-dən görünür ki, tərəflər tam mediasiya sessiayasında iştirak etmişlər, digər tələblərlə yanaşı alimentin alınması ilə bağlı da razılığa gələrək aralarında barışıq sazişi təsdiq edilmişdir. Ərizəçi 100 manat mediasiya xərci ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən ərizəçi tərəfindən ödənilmiş mediasiya xərci tərəflər arasında bərabər bölünməli, iddiaçı tərəfindən ödənilmiş 100 manat mediasiya xərcinin yarısı, yəni 50 manatı maraqlı şəxsdən alınaraq ərizəçiyə verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə - iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin hər ay 300 (üç yüz) manat miqdarı nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 3600 (üç min altı yüz) manat müəyyən edilir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 56 manat dövlət rüsumu ödənilməlidir. Hazırki iş üzrə maraqlı şəxs dövlət rüsumunu ödəməkdən azad olan şəxs statusunda olmasa da, ərizəçinin məhkəməyə müraciət etmək üçün mediasiyda ödədiyi 100 manat dövlət rüsumunun 50 manat məbləğinin maraqlı şəxsdən tutularaq ərizəçiyə ödəniləcəyi və həmin məbləğin maraqlı şəxsin alimentə görə ödəməli olduğu 46 manat dövlət rüsumunu əhatə etdiyini nəzərə alaraq məhkəmə qərara gəlir ki, aliment alınması ilə bağlı maraqlı şəxsdən əlavə olaraq hər hansı miqdarda dövlət rüsumu tutulmamalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. 28 iyun 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq 04 oktyabr 2006-cı il tarixdə doğulmuş X2 və 25 noyabr 2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəçi ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra olunsun. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutulsun və Ərizəçi ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. “ “ Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar