Məhkəmə qərarları › İş №2(037)-957/2021

İsmayıllı Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(037)-957/2021

01.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-957/2021 01.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair iddiası üzrə əlavə qətnamənin çıxarılmasına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən **********00320 nömrəli abonent koduna vurulmuş 2160 kub metr təbii qazın dəyəri olan 216 (iki yüz on altı) manat debitor borc məbləğinin silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İsmayıllı Rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli 2(051)-957/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı **********00320 nömrəli abonent koduna vurulmuş 2160 kub metr təbii qazın dəyəri 216 (iki yüz on altı) manat debitor borc məbləğinin silinməsi, “Azəriqaz” İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu məbləğinin alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Lakin qətnamənin təsviri, əsaslandırıcı və nəticə hissələrində İddiaçı dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunmasına qiymət verilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən həmin hissəyə qətnamədə qiymət verilmədiyindən, qeyd edilən natamamlığın aradan qaldırılması məqsədilə, məhkəmə öz təşəbbüsü ilə həmin hissəyə qiymət verməklə, əlavə qətnamə çıxarılmasını məqsədəuyğun hesab edir. İş materiallarından və İsmayıllı Rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli 2(051)- 957/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı iddia ərizəsində dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, lakin qətnamənin təsviri, əsaslandırıcı və nəticə hissələrində tələbin həmin hissəsinə heç bir qiymət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa, iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə və qərardad çıxara bilər. Həmin Məcəllənin 229.1.2-ci maddəsinə əsasən hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə əlavə qətnamə çıxara bilər. Həmin Məcəllənin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Aparılmış məhkəmə araşdırması zamanı 2160 kub metr itirilmiş təbii qazın İddiaçı hesabına işlənməsi və ondan həmin təbii qazın dəyəri olan 216 (iki yüz on altı) manat debitor borc məbləğinin tələb edilməsinin əsassız olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, İddiaçı dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi tam şəkildə təmin edilməli, əlavə qətnamədə “İddiaçı dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması” göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 229-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı **********00320 nömrəli abonent koduna vurulmuş 2160 kub metr təbii qazın dəyəri 216 (iki yüz on altı) manat debitor borc məbləği silinsin. İddiaçı dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunsun. “Azəriqaz” İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu məbləği alınaraq dövlət büdcəsinə ödənilsin. Əlavə qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar