Məhkəmə qərarları › İş №2(037)-994/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-994/2025

27.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-994/2025 27.11.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi, Maraqlı şəxs İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 iştirakları ilə Ərizəçi (İsmayıllı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (İsmayıllı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən 21 may 2007-ci il təvəllüdlü oğlu X8nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X8 anadangəlmə xəstədir, beynində sıxılma ilə doğulmuşdur. Tez-tez epilepsiyaları olur. Başqa şəxslərin köməyi olmadan özünü idarə edə bilmir. Bütün qulluqları o göstərir. Oğlunu tək qoymaq olmur, əsəbidir, əşyaları atır sındırır. İllərdir müxtəlif yerlərdə müayinə və müalicə olunmuşdur. Lakin səhhətində yaxşılığa doğru heç bir inkişaf yoxdur. Vəziyyəti ağır olaraq qalır. Oğlu İsmayıllı Rayon X2 Şöbəsinin “Ruhi-əsəb” kabinetində “F71.1Orta dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə dispanser qeydiyyatdadır. Oğlu ailə qurmamış, onunla birlikdə yaşayır. Mirbaba İ qrup əlil olmaqla hər zaman kənar şəxslərin köməyinə ehtiyacı vardır. Oğlu X8nun psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, heç yerdə işləmir. Dörd övladı var. Biri xəstədir. O xəstə uşağı ilə birlikdə yaşayır. Uşağa o baxır. Xəstə övladına qəyyum təyin olunmasına köməklik göstərilməsini xahiş edir. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X12 izahat verərək göstərdi ki, X8nun barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi xx xxxxxx 1978-ci il tarixdə İsmayıllı rayonun Zərnava kəndində doğulmuş, həmin kənddə yaşayır. - AZ-İ seriyalı 932852 nömrəli doğum haqqında şəhadətnamənin, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən və mərkəzi məlumat bazasından çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X8 21 may 2007-ci il tarixdə İsmayıllı rayonun Zərnava kəndində anadan olmuş, həmin kənddə yaşayır, valideynləri X11 və Ərizəçidır. - Vİİ-ЖГ seriyalı 289814 nömrəli nikahın bağlanılması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X5 arasında 22 noyabr 1996-cı il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. - AZ-İİ seriyalı 162154 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 29 mart 2021-ci il tarixdə vəfat etmişdir. - Şəxsin sonuncu müayinə aktından götürülmüş məlumatdan görünür ki, X8nun sağlamlıq vəziyyəti sonuncu dəfə 06 oktyabr 2023-cü il tarixdə qiymətləndirilərək ona “H47.2 Görmə sinirinin atrofiyası.Vis. OU=işıq duyğusu” diaqnozu qoyulmuş, orqanizmin funksiyalarının 90%-i pozulmuş, məhdud əmək qabiliyyətsizdir, müddətsiz birinci dərəcəli əlildir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən ambulator kitabçadan (xəstəlik tarixindən) verilmiş 17 iyun 2025-ci il tarixli 442 nömrəli çıxarışdan görünür ki, X8 17 iyun 2025-ci il tarixdə müayinə olunmuş, “F71.1 Orta dərəcəli əqli gerilik. F71.1 qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları” diaqnozu təyin edilmişdir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən 17 iyun 2025-ci il tarixdə verilmiş 18-1-47/2-B-42- 1213/2025 nömrəli arayışdan görünür ki, İsmayıllı şəhəri R.Bədəlov küçəsi 30 ünvanında yaşayan 21 may 2007-ci il təvəllüdlü X1 MRX-nın Poliklinika Şöbəsinin “Ruhi-Əsəb” kabinetində “F71.1 Orta dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə dispanser qeydiyyatdadır. - İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Zərnava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 iyun 2025-ci il tarixli 81 nömrəli arayışdan görünür ki, Babayeva X6 rayonun Zərnava kəndində 01 nömrəli təsərrüfatbaşına kitaba əsasən daimi qeydiyyatdadır və hal-hazırda İsmayıllı şəhəri Ruslan Bədəlov küçəsi ev 30 ünvanında qeydiyyatsız yaşayır. Ailə tərkibi aşağıdakılardan ibarətdir: qızı-X9-xx.xx.2005, oğlu-X10xx.xx.2007, oğlu-X8-xx.xx.2007. X8 anası Ərizəçi ilə birgə onun himayəsində yaşayır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 02 oktyabr 2025-ci il tarixli 3353 nömrəli rəyindən görünür ki, ekspert rəyin tədqiqi hissəsində qeyd olunanlar nəzərə alınmaqla aşağıdakı nəticəyə gəlmişdir: X3 “orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” (F71.1) aşkar olunur. Bunu anamnestik məlumatlar, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (doğuş travması ilə doğulması, qıcolma tutmalarının müşahidə edilməsi, psixofiziki inkişafının həmyaşıdlarından xeyli geri qalması, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “İsmayıllı rayon mərkəzi xəstəxanası”nda “Orta dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə həmin müəssisədə qeydiyyatda olması), həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (zamana görə bələdliyinin pozulması, davranışının qeyri-adekvaxtlığı, emosional dayanıqsızlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. X8 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. M.M.Babayevin psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. O məhkəmə iclasına gəlmək və iş üzrə izahat vermək iqtidarında deyil. -18 iyun 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, ərizəçinin 21 may 2007-ci il tarixdə İsmayıllı rayonun Zərnava kəndində doğulmuş oğlu X8 “F71.1 Orta dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə xəstədir. Mirbaba Babayev xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 06 oktyabr 2023-cü il tarixdə müayinə edilmiş, “H47.2 Görmə sinirinin atrofiyası.Vis. OU=işıq duyğusu” diaqnozu qoyulmuş, orqanizmin funksiyalarının 90%-i pozulmuş, məhdud əmək qabiliyyətsizdir, müddətsiz birinci dərəcəli əlildir. İş üzrə təyin olunmuş məhkəmə-psixiatrik ekspertizasının 02 oktyabr 2025-ci il tarixli 3353 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X8nun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. O məhkəmə iclasına gəlmək və iş üzrə izahat vermək iqtidarında deyil. Göründüyü kimi, mülki qanunvericiliyin tələbinə görə ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən həmin şəxsə qəyyum və ya himayəçi təyin edilir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 21 may 2007-ci il tarixdə İsmayıllı rayonun Zərnava kəndində doğulmuş, həmin kənddə qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 21 may 2007-ci il tarixdə İsmayıllı rayonunun Zərnava kəndində doğulmuş və həmin kənddə qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar