Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-225/2024 30.05.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ H İ S S Ə: X2 Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ H İ S S Ə: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc olaraq ondan aldığı 3100 manat və 15 mart 2023-cü il tarixdə onunla cavabdeh arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanılmış kredit müqaviləsi əsasında aldığı 6900 manat pul vəsaitinin, ümumilikdə 10000 manat borc pul vəsaitinin və ödədiyi 121 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun illərdir Cavabdeh tanıyır. Belə ki, onlar ikisi də 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanmış və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində erməni qəsbkarlarına qarşı birlikdə vuruşmuşlar. Birinci Qarabağ müharibəsinin veteranları olaraq müharibə başa çatdıqdan sonra da əlaqələri qalmış, cavabdeh yaşamaq üçün Sumqayıt şəhərinə gəldikdən sonra isə mütəmadi olaraq görüşmüşlər. 2020-ci ilin əvvəllərində cavabdeh ondan 3100 manat borc pul istəmiş və o da cavabdehə həmin pulu vermişdir. 2023-cü ildə cavabdeh yenidən ona müraciət edərək ondan əlavə 6900 manat pul istəyərək müəyyən iş görmək istədiyini, xeyir qazanaraq ona olan bütün borcunu qısa müddətdə qaytaracağını bildirmişdir. Cavabdehi çoxdan tanıdığından, onunla döyüş yoldaşı olduğundan ona inanaraq və etibar edərək başqa bir tanıdığı şəxsdən 6900 manat borc pul alıb Cavabdeh vermək qərarına gəlmişdir. Lakin hər ehtimala qarşı verəcəyi 6900 manat pulun borc müqaviləsi kimi rəsmiləşdirilməsini cavabdehə təklif etmiş, sonuncu da bununla razılaşmışdır. Nəticədə, 15 mart 2023-cü il tarixdə onunla Cavabdeh arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində kredit müqaviləsi tərtib edilmişdir. Həmin müqaviləyə əsasən o, cavabdehə 6900 manat borc pul vermiş, cavabdeh də həmin pulu 15 may 2023-cü il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin bugünədək cavabdeh nəinki kredit müqaviləsi əsasında ondan aldığı 6900 manat pulu geri qaytarmamış, 2020-ci ildə ondan aldığı 3100 manat pulu da geri ödəməmişdir. Dəfələrlə cavabdehə müraciət edərək pulunun ona qaytarılmasını tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə gətirərək borcunun ödənilməsindən yayınmışdır. Nəticədə o, cavabdeh tərəfindən nəinki aldadılaraq zərərə uğradılmış, eyni zamanda ondan cavabdehin borc olaraq aldığı sözügedən vəsaitlə bağlı özü ziyana düşmüşdür. Belə ki, cavabdehə vermək üçün 6900 manat pul vəsaitini aldığı şəxs həmin pulun geri qaytarılmasını tələb etdiyindən, 2024-cü ilin əvvəllərində "xxxx" QSC-yə müraciət edərək 8000 manat məbləğində aylıq 2,1667 faiz olmaqla kredit götürməyə və borc aldığı şəxsin pulunu geri qaytarmağa məcbur olmuşdur. Hal-hazırda da o, kredit üzrə faiz ödəyir. Bu səbəbdən o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən vurduğu maddi ziyan məbləğinin alınaraq ona verilməsini xahiş edir. Daha sonra İddiaçı əlavə olaraq bildirmişdir ki, Cavabdeh ümumilikdə verdiyi 10000 manat məbləğində pulu borc məqsədilə deyil, sonuncunun ona Birinci Qarabağ müharibəsinin veteranı olması ilə bağlı sənədləri düzəltməsi üçün vermişdir. 6900 manat məbləğində pulun verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi də verilmiş pul məbləği ilə bağlı təminatın olması üçün bağlanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Məhkəmə iclasında Şahid qismində ifadə verərək bildirmişdir ki, İddiaçı ilə qonşudur, aralarında dostluq münasibətləri vardır. Cavabdeh İlyasın ona notariusda pul verməsi zamanı tanımışdır. Ümumilikdə 7000 manat pul verilmiş, həmin məbləğdən 100 manat notariat müqaviləsinin bağlanması ilə bağlı xərclərə sərf edilmiş qalan 6900 manat kredit müqaviləsi ilə rəsmiləşdirilməklə Cavabdeh verilmişdir. Həmçinin kredit müqaviləsi bağlanarkən cavabdeh, İddiaçı daha əvvəl 3000 manat məbləğində pul almasını dəfələrlə onun yanında bildirmişdir. Həmçinin ifadəsində bildirmişdir ki, İddiaçı Birinci Qarabağ müharibəsinin iştirakçısıdır və ifadəsində göstərdiyi pul məbləği veteranlıqla bağlı sənədlərinin düzəldilməsi məqsədilə Cavabdeh verilmişdir. Onun əvvəllər də başqa şəxslər üçün sənəd düzəltməsini eşitmişdir. xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş Kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 6900 manat məbləğində pul borc vermişdir. Cavabdeh krediti xx.xx.2023-cü il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli 003R********** saylı kredit sazişindən görünür ki, İddiaçı bank tərəfindən illik 26% faiz hesablanması şərti ilə 24 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. Kassa məxaric orderindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli 003R********** saylı kredit müqaviləsi üzrə "xxxx" QSC-dən 7840 manat məbləğində nəğd pul götürmüşdür. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddianın verilməsi üçün iddiaçı tərəfindən 121 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı 6900 manat pul tələbinə dair iddia tələbini məhkəməyə sübut kimi təqdim etdiyi xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş Kredit müqaviləsinə və 3100 manat məbləğində pul tələbinə dair şahid ifadəsinə əsaslanaraq iddianın təmin edilməsini xahiş etmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2022-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Qeyd olunan qərardan belə müəyyən olunur ki, müqavilə üzrə tələblərə baxılarkən həmin müqaqvilənin etibarlılığının yoxlanılması işə baxan məhkəmə tərəfindən həyata keçirilməlidir. Müqavilənin ayrıca iddia tələbi ilə mübahisələndirilməsi sonradan eyni tərəflər arasında və eyni predmet barəsində müxtlif məhkəmələrin icratında əlaqəli mülki işlərin olmasına gətirib çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2022-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyi baxımından məhkəmə ilk növbədə iddiaçının iddianın əsaslılığını təsdiq edən sübut növü kimi təqdim etdiyi xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş Kredit müqaviləsinin etibarlılığına qiymət verilməli olmasını zəruri hesab edir. xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş Kredit müqaviləsinin məzmunundan fərqli olaraq həm iddiaçının məhkəmə iclasında verdiyi izahatlarından, həm də şahid ifadəsindən belə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında cavabdehin ona müharibə veteranı olmasına dair sənəd düzəltməsi ilə bağlı razılığa gəlinmiş, iddiaçı bunun müqabilində ilkin olaraq 3100 manat, daha sonra isə kredit müqaviləsi üzrə 6900 manat məbləğində pulu cavabdehin istifadəsinə verməyi, Cavabdeh isə İddiaçı müharibə veteranı olmasına dair sənədləri hazırlayıb ona verməyi öhdəsinə götürmüşdür. Bununla bağlı tərəflər arasında 6900 manata dair xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmış və iddiaçı razılaşma üzrə ödəməli olduğu 6900 manat pulu Cavabdeh vermişdir. Göründüyü kimi xx.xx.2023-cü il tarixdə tərəflər arasında notarial qaydada təsdiq edilmiş Kredit müqaviləsi bağlansa da, əslində tərəflər arasında yaranan münasibətlər borc müqaviləsindən irəli gələn öhdəlik mübasibətləri deyil. xx.xx.2023-cü il tarixədək qüvvədə olan (tərəflər arasında hüquq münasibələrinin yarandığı zaman qüvvədə olan) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 340-ci maddəsinə görə: 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 337-ci maddəsinə görə: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından məhkəmə belə qənaətə gəlir ki, İddiaçıla Cavabdeh arasında bağlanmış əqd, yəni xx.xx.2023-cü il tarixli kredit müqaviləsi MM-nin 340.2-ci maddəsinin tələbi baxımından yalan əqd hesab edildiyindən etibarsızdır. Belə olan halda isə hazırki iş üzrə tərəflər arasında yaranmış münasibətlərə MM-nin 337.5-ci maddəsi tətbiq edilməli, tərəflərin hər biri biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Belə olan halda iddiaçının Cavabdeh ödənilən 6900 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. 3100 manat məbləğində iddia tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, qeyd edilən pul məbləği şahid ifadəsi ilə yalnız 3000 manat hissədə təsdiqini tapdığından həmin hissədə təmin edilməlidir. Halbuki, MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3000 manat borc, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 6900 manat pul, cəmi 9900 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 121 manat pul alınaraq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3000 manat və 6900 manat olmaqla, cəmi 9900 manat pul vəsaiti və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 121 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet və Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(038)-225/2024
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-225/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver