Məhkəmə qərarları › İş №2-2(119)-762/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-762/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-762/2024 05.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 5500 (beş min beş yüz) manat məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin avqust ayının əvvəllərində tanışı Cavabdeh iddiaçının Quba rayonunun Barlı kəndi ərazisindəki 1,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində saldığı bağına gələrək meyvə alışı ilə məşğul olduğunu və iddiaçının bağ sahəsində olan meyvə məhsulunu almaq istədiyini bildirmiş, aralarında razılaşdıqdan sonra iddiaçı təxminən 5 ton meyvəni cavabdehə satmış, sonuncu həmin meyvənin pulunu nağd olaraq İddiaçı ödəmişdir. Sonradan Cavabdeh iddiaçının yanına gələrək 4-5 ton nisyə mal almaq istədiyini bildirmişdir. Cavabdeh əvvəl aldığı məhsulların pulunu nağd şəkildə verdiyinə görə aralarında inam və etibar yarandığından, iddiaçı 5500 manat dəyərində gavalını Cavabdeh satmağa razılıq vemişdir. Cavabdeh isə meyvəni soyuducu anbardan çıxaranda onun dəyəri olan 5500 manat pulu iddiaçıya verəcəyini vəd etmişdir. Bir müddət sonra İddiaçı Cavabdeh ilə telefon əlaqəsi saxlayaraq pulunu istədikdə o, meyvənin hələ də soyuducu anbarda olduğunu bildirmişdir. İddiaçı soyuducu anbara gedib Cavabdeh həmin məhsulu çoxdan anbardan çıxarıb satdığını öyrəndikdə, cavabdehə zəng vurub meyvənin dəyəri olan 5500 manat pulunu tələb etmişdir. Cavabdeh isə müxtəlif bəhanələr gətirmiş, verdiyi vədə əməl etməmiş, borclu olduğu pulu verməkdən yayınmışdır. İddiaçı bununla bağlı Quba rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, Cavabdeh polis şöbəsində izahat vermiş, lakin 5500 manat məbləğində pul borclu olmasını etiraf etməmişdir. Quba rayon Polis Şöbəsinin 02 dekabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Quba Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(027)-908/2024 nömrəli nömrəli qərardadına əsasən həmin iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri və səs yazılarını tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Polis Şöbəsinin “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 02 dekabr 2023-cü il tarixli qərardan görünür ki, İddiaçı Cavabdeh ondan aldığı 5500 (beş min beş yüz) manat dəyərində gavalı meyvəsinin pulunun ödənilməməsi ilə bağlı Quba Rayon Polis Şöbəsinə müraciət etmiş və Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilərək, İddiaçı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Həmin araşdırma zamanı Cavabdeh verdiyi izahatında bildirmişdir ki, İddiaçı ilə 2023-cü ilin avqust ayında tanış olmuş, onlar razılaşaraq 6000 manat dəyərində alma və gavalı məhsulunu ondan nağd şəkildə almışdır. Sonradan o, İddiaçı 4300 kq gavalı meyvəsini nisyə almış və onlar həmin malın pulunun 2023-cü ilin sonunadək ödəniləcəyi barədə razılaşmışlar. O, gavalının hər kiloqramını 0,60 (altmış qəpik) manata alacağını demiş, lakin İddiaçı həmin məhsulun hər kiloqramını 0,80 manata (səksən qəpik) satacağını bildirmişdir. Sonradan həmin aldığı məhsul yumşaldığına görə o, hər kiloqramını 0,15 manata satmışdır. O, İddiaçı 5500 manat borcunun olmadığını, sonuncunun onun barəsində dediklərinin yalan olduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, fəhlə kimi gavalı məhsulundan ibarət malları yükləmək və boşaltmaq işi ilə məşğul olmuşdur. Cavabdeh İddiaçı əvvəllər aldığı malların dəyərini ödəsə də, sonuncu dəfə alınan 4-5 partiya malın dəyərini ödəməmişdir. Həmin mallar təxminən keçən ilin avqust ayında alınmış, lakin o, dəyəri ödənilməyən gavalı meyvəsinin çəkisini dəqiq bilməmişdir. İddiaçı tərəfindən Cavabdeh iri gavalıların bir kiloqramı 1 (bir) manatdan, xırda gavalıları isə bir kiloqramı 0,70 (yetmiş qəpik) manatdan satılmışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, sürücü kimi malları daşımışdır. Cavabdeh İddiaçı əvvəllər aldığı malların dəyərini ödəsə də, sonuncu dəfə alınan malların dəyərini ödəməmişdir. Sonuncu dəfə alınan mallara görə Cavabdeh İddiaçı 5500 manat məbləğində borcu qalmışdır. Cavabdeh İddiaçı iri gavalıların bir kiloqramını 1 (bir) manatdan, xırda gavalıların bir kiloqramını isə 0,70 (yetmiş qəpik) və 0,80 (səksən qəpik) manatdan almışdır. O, Cavabdeh İddiaçı aldığı və dəyərini ödəmədiyi gavalı meyvəsinin çəkisinin nə qədər olması barədə məlumatı olmadığını qeyd etmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və iddiaçı ilə Cavabdeh arasında aparıldığı bildirilən danışıqları özündə əks etdirən səs yazıları ilə müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı ona bir az vaxt verilməsini, pulu verəcəyini bildirmiş, eyni zamanda həmin malı təmiz batırdığını, 7000 manat ziyan etdiyini vurğulamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 329-cu madəsinin tələblərinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.3-cü madəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Göründüyü kimi, iddiaçının izahatı, şahid ifadələri və işin konkret halları ilə müəyyən edilir ki, tərəflər arasında gavalı alqı-satqısı ilə bağlı münasibətlər mövcud olmuş, həmin münasibətlər üzrə İddiaçı Cavabdeh nisyə gavalı meyvəsi satmış, lakin cavabdeh nisyə aldığı malın pulunu iddiaçıya ödəməmişdir. Buna görə də, İddiaçı Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında şifahi alqı-satqıdan irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, lakin Cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. İddiaçı iddia ərizəsində cavabdehdən 5500 (beş min beş yüz) manat məbləğində borcun tutulmasını xahiş etsə də, iş materiallarında olan Quba rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 02 dekabr 2023-cü il tarixli qərarından görünür ki, cavabdeh izahatında nisyə 4300 kq gavalı aldığını, İddiaçı həmin məhsulun bir kiloqramını 0,80 manata satacağını bildirdiyini qeyd etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehdən 5500 (beş min beş yüz) manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi” hissəsində qismən təmin olunmalı və Cavabdeh 4300 kq gavalının dəyəri olan 3440 (üç min dörd yüz qırx) manat (4300 kq x 0,8 manat=3440 manat) məbləğində borc tutularaq İddiaçı ödənilməlidir. Çünki, yuxarıda qeyd olunanlar və işin konkret halları ilə müəyyən olunur ki, aralarında baş tutmuş nisyə alqısatqı zamanı cavabdehin iddiaçıya aldığı gavalıya görə borcunun olması təsdiq olunsa da, həmin borcun məhz iddia tələbində qeyd olunan miqdarda, yəni 5500 manat məbləğində olmasını iddiaçı sübut edə bilməmişdir. Lakin Cavabdeh məlum mübahisə üzrə Quba rayon Polis Şöbəsində aparılan araşdırma zamanı 4300 kq gavalını İddiaçı nisyə alması və sonuncunun həmin 4300 kq gavalının hər kiloqramını 0,80 (səksən qəpik) manatdan nisyə satması barədə izahatı isə məhkəmə araşdırması zamanı mötəbər sübutlarla təkzib edilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “cavabdehdən ödənilmiş 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə də qismən təmin edilməli, Cavabdeh iddianın təmin olunmuş hissəsinə uyğun hesablanmış 54,40 (əlli dörd manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3440 (üç min dörd yüz qırx) manat məbləğində borc və ödənilmiş 54,40 (əlli dörd manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3494,40 (üç min dörd yüz doxsan dörd manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3440 (üç min dörd yüz qırx) manat məbləğində borc və ödənilmiş 54,40 (əlli dörd manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3494,40 (üç min dörd yüz doxsan dörd manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar