Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-335/2025 06.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-335/2025 Açar sözlər: uydurma əqd, pulun ödənilməsi. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Yardımlı Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(038)-225/2024 saylı qətnaməsindən (hakim R.Məmmədov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc olaraq ondan aldığı 3100 manat və 15 mart 2023-cü il tarixdə onunla cavabdeh arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanılmış kredit müqaviləsi əsasında aldığı 6900 manat pul vəsaitinin, ümumilikdə 10000 manat borc pul vəsaitinin və ödədiyi 121 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun illərdir Cavabdeh tanıyır. Belə ki, onlar ikisi də 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanmış və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində erməni qəsbkarlarına qarşı birlikdə vuruşmuşlar. Birinci Qarabağ müharibəsinin veteranları olaraq müharibə başa çatdıqdan sonra da əlaqələri qalmış, cavabdeh yaşamaq üçün Sumqayıt şəhərinə gəldikdən sonra isə mütəmadi olaraq görüşmüşlər. 2020-ci ilin əvvəllərində cavabdeh ondan 3100 manat borc pul istəmiş və o da cavabdehə həmin pulu vermişdir. 2023-cü ildə cavabdeh yenidən ona müraciət edərək ondan əlavə 6900 manat pul istəyərək müəyyən iş görmək istədiyini, xeyir qazanaraq ona olan bütün borcunu qısa müddətdə qaytaracağını bildirmişdir. Cavabdehi çoxdan tanıdığından, onunla döyüş yoldaşı olduğundan ona inanaraq və etibar edərək başqa bir tanıdığı şəxsdən 6900 manat borc pul alıb Cavabdeh vermək qərarına gəlmişdir. Lakin hər ehtimala qarşı verəcəyi 6900 manat pulun borc müqaviləsi kimi rəsmiləşdirilməsini cavabdehə təklif etmiş, sonuncu da bununla razılaşmışdır. Nəticədə, 15 mart 2023-cü il tarixdə onunla Cavabdeh arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində kredit müqaviləsi tərtib edilmişdir. Həmin müqaviləyə əsasən o, cavabdehə 6900 manat borc pul vermiş, cavabdeh də həmin pulu 15 may 2023-cü il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin bugünədək cavabdeh nəinki kredit müqaviləsi əsasında ondan aldığı 6900 manat pulu geri qaytarmamış, 2020-ci ildə ondan aldığı 3100 manat pulu da geri ödəməmişdir. Dəfələrlə cavabdehə müraciət edərək pulunun ona qaytarılmasını tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə gətirərək borcunun ödənilməsindən yayınmışdır. Nəticədə o, cavabdeh tərəfindən nəinki aldadılaraq zərərə uğradılmış, eyni zamanda ondan cavabdehin borc olaraq aldığı sözügedən vəsaitlə bağlı özü ziyana düşmüşdür. Belə ki, cavabdehə vermək üçün 6900 manat pul vəsaitini aldığı şəxs həmin pulun geri qaytarılmasını tələb etdiyindən, 2024-cü ilin əvvəllərində "xxxx" QSC-yə müraciət edərək 8000 manat məbləğində aylıq 2,1667 faiz olmaqla kredit götürməyə və borc aldığı şəxsin pulunu geri qaytarmağa məcbur olmuşdur. Hal-hazırda da o, kredit üzrə faiz ödəyir. Bu səbəbdən o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən vurduğu maddi ziyan məbləğinin alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı əlavə olaraq bildirmişdir ki, Cavabdeh ümumilikdə verdiyi 10000 manat məbləğində pulu borc məqsədilə deyil, sonuncunun ona Birinci Qarabağ müharibəsinin veteranı olması ilə bağlı sənədləri düzəltməsi üçün vermişdir. 6900 manat məbləğində pulun verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi də verilmiş pul məbləği ilə bağlı təminatın olması üçün bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etmədiyindən onun mövqeyini öyrənmək mümkün olmamışdır. Yardımlı Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(038)-225/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 3000 manat və 6900 manat olmaqla, cəmi 9900 manat pul vəsaiti və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 121 manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, İddiaçı 2018-ci ildə tanımışdır, iddia ərizəsində qeyd etdiyi kimi onunla müharibədə birlikdə iştirak etməmişdir. İddiaçı 2018-ci ildə ona müraciət edərək, müharibədə iştirak etməsi və yaralanması ilə əlaqədar olaraq ilkin tibbi sənədlərin alınması üçün hüquqi yardım göstərilməsini xahiş etmişdir. Belə ki, o, MPM-də dəyişiklik olana qədər nümayəndəlik fəaliyyəti ilə məşğul olmuş, müharibə iştirakçılarının veteranlıq və yaralanma faktlarının müəyyən edilməsi ilə bağlı onlara hüquqi yardım göstərmişdir. İddiaçı Müdafiə Nazirliyinin mərkəzi hərbi həkim komissiyasından yaralanması ilə əlaqədar şəhadətləndirilməsinə dair qərar qəbul edilməsində iştirak etmiş, həmin nazirliyin məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya mərkəzində canlı şəxsin məhkəmə tibbi müayinəsi zamanı əyani baxışında iştirak etmişdir. Füzuli Hərbi Prokurorluğuna barəsində təqsirləndirici materialın olub-olmaması barədə sorğular vermiş, yaralanması ilə bağlı iki nəfər şahid ifadəsinin alınmasında hüquqi yardım göstərmişdir. Qeyd edilən sənədlərin surətləri də hazırda cavabdehdədir və şikayətə əlavə ediləcəkdir. İddiaçı, bu sənədlər toplusunun hazırlnmasında ona hüquqi yardım göstərməyi müqabilində cavabdehə 7000 manat ödəyəcəyini öhdəlik götürmüş və maddi vəziyyətinin aşağı olması səbəbindən ödəniş edə bilmədiyini, ona vaxt verməyini xahiş etmişdir. Dəfələrlə üz-üzə gəlsələr də hər zaman cavabdehə borclu olduğunu, yaxın zamanda ödəyəcəyini bildirmişdir. Cavabdeh iddiaçının iddia tələbində göstərdiyi məbləğləri qəbul etmir, hesab edir ki, öhdəliyini layiqincə yerinə yetirmişdir. Əksinə iddiaçı ona ödəməli olduğu 7000 manat məbləğində pulu ödməkdən boyun qaçırdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, kollegiyanın iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Kollegiya qeyd edir ki, cavabdeh bundan əvvəl məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, kollegiya onun vəsatətini təmin edərək növbəti məhkəmə iclasını 1 ay 6 gün sonraya yəni, xx.xx.2025-ci il tarixinə təxirə salmışdır. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiyanın iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətini əsassız hesab etmiş və şikayətin təmin etmədən, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saaxlanılmasını xahiş etymişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdeh ona məhkəmədə veteran vəsiqəsinin alınmasına söz vermiş və bu işi düzəldə biləcəyini demişdir. Buna görə də 2020-ci ildə ilk dəfə cavabdehə 3100 manat pul vermişdir. 3100 manat pul verərkən cavabdehdən heç bir yazılı qəbz və ya sənəd almamışdır. Sonradan cavabdeh ondan 7000 manat da pul istəmişdir. Əvvəl cavabdehə etibar etsə də 7000 manat pulu verərkən işini daha etibarlı tutmaq üçün (belə ki, bunu ona yaxın dostu məsləhət bilmişdir) 6900 manat pulu 2023-cü ildə cavabdehə notarial qaydada güya borc şəklində vermişdir Əsində cavabdeh ona veteran vəsiqəsini alıb verməli idi. Lakin cavabdeh bu günədək ona veteran vəsiqəsini düzəldərərk alıb verməmiş, nə də ki, vermiş olduğu pulları ona geri qaytarmamışdır. Həmçinin göstərmişdir ki, 6900 manat pulu cavabdehə notarial qaydada verərkən 3100 manat pula dair cavabdehin ona hər hansı yazılı qəbz verməsini ondan xahiş etməmişdir. Lakin işdə şahid kimi dindirilmiş Şahid bildirmişdir ki, iddiaçı cavabdehə notariusda 6900 manat pul verəndə cavabdeh bundan daha öncə onun cavabdehə 3100 manat pul verməsini etraf etmiş, yəni cavabdeh özü ondan 3100 manat almasını Balakişiyə demişdir. Apellyasiya baxışının hədləri: MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə Kollegiyası, qeyd edilənlərə əsasən də, apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. xx.xx.2023-cü il tarixədək qüvvədə olan (tərəflər arasında hüquq münasibələrinin yarandığı zaman qüvvədə olan) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2022-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Yardımlı Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(038)-225/2024 saylı qətnaməsi ləğv edilməli, yeni əsasla iddia qismən 6900 manat pulun tutulması hissədə təmin edilməli, iddia 3100 manat hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş Kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 6900 manat məbləğində pul borc vermişdir. Cavabdeh krediti xx.xx.2023-cü il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Şahid qismində dindirilmiş Şahid izahatında göstərilmişdir ki, İddiaçı ilə qonşudur, aralarında dostluq münasibətləri vardır. Cavabdeh İlyasın ona notariusda pul verməsi zamanı tanımışdır. Ümumilikdə 7000 manat pul verilmiş, həmin məbləğdən 100 manat notariat müqaviləsinin bağlanması ilə bağlı xərclərə sərf edilmiş qalan 6900 manat kredit müqaviləsi ilə rəsmiləşdirilməklə Cavabdeh verilmişdir. Həmçinin kredit müqaviləsi bağlanarkən cavabdeh, İddiaçı daha əvvəl 3000 manat məbləğində pul almasını dəfələrlə onun yanında bildirmişdir. Həmçinin ifadəsində bildirmişdir ki, İddiaçı Birinci Qarabağ müharibəsinin iştirakçısıdır və ifadəsində göstərdiyi pul məbləği veteranlıqla bağlı sənədlərinin düzəldilməsi məqsədilə Cavabdeh verilmişdir. Onun əvvəllər də başqa şəxslər üçün sənəd düzəltməsini eşitmişdir. xx.xx.2024-cü il tarixli 003R********** saylı kredit sazişindən görünür ki, İddiaçı bank tərəfindən illik 26% faiz hesablanması şərti ilə 24 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. İşdə olan kassa məxaric orderindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli 003R********** saylı kredit müqaviləsi üzrə "xxxx" QSC-dən 7840 manat məbləğində nəğd pul götürmüşdür. İşdə olan, hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddianın verilməsi üçün iddiaçı tərəfindən 121 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Müəyyən edilir ki, iddiaçı cavabdehə qarşı 10.000 manat pul tələbi ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Cavabdeh qətnamədən narazı qalmış və apellyasiya şikayəti vermişdir. Şikayətin əsas dəlili cavabdehin iddiaçıya hər hansı borcunun olmamasından ibarətdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, Yardımlı Rayon Məhkəməsinin 30 may 2024cü il tarixli, 2(038)-225/2024 saylı qətnaməsi barədə gəldiyi nəticə işin faktiki və hüquqi hallarına uyğun uyğun olmadığından qətnamə qanuni və əsaslı deyildir. Buna görə də qətnamə ləğv edilməli, yeni əsasla qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehə 6900 manat pul verməsi xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş Kredit müqaviləsi müəyyən edilir. Cavabdeh bunun əksini sübut edəcək hər hansı dəlilinin məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh, onun iddiaçıya deyil, iddiaçının ona 7000 manat borclu olması barədə hər hansı mötəbər sübutunu kollegiyaya təqdim etməmişdir. Lakin iddiaçının cavabdehə 3100 manat pul verməsi hər hansı təzibolunmaz sübutla təsdiq edilmir. Yəni iddiaçı 3100 manat hissədə iddiasını sübut edə bilmir. Kollegiya birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid izahatını mötəbər sübut kimi qəbul etmir. İddiaçı özü kollegiyanın iclasında bildirmişdir ki, cavabdeh ona məhkəmədə veteran vəsiqəsinin alınmasına söz vermiş və bu işi düzəldə biləcəyini demişdir. Buna görə də 2020-ci ildə ilk dəfə cavabdehə 3100 manat pul vermişdir. 3100 manat pul verərkən cavabdehdən heç bir yazılı qəbz və ya sənəd almamışdır. Həmçinin göstərmişdir ki, 6900 manat pulu cavabdehə notarial qaydada verərkən 3100 manat pula dair cavabdehin ona hər hansı yazılı qəbz verməsini ondan xahiş etməmişdir. Lakin işdə şahid kimi dindirilmiş Şahid bildirmişdir ki, iddiaçı cavabdehə notariusda 6900 manat pul verəndə cavabdeh bundan daha öncə onun cavabdehə 3100 manat pul verməsini etraf etmiş, yəni cavabdeh özü ondan 3100 manat almasını Balakişiyə demişdir. Qeyd edilən hal Şahid məhkəmə iclasındakı ifadəsindən də müəyyən edilir. İddiaçı ən azından sonradan cavabdehə 6900 manat pul verərkən bundan əvvəl vermiş olduğu 3100 manata dair də yazılı qəbz ala bilərdi. Çünki, kollegiyanın iclası zamanı iddiaçı əvvəllər cavabdehə etibar etsə də 7000 manat pul verərkən işini daha etibarlı tutmaq üçün (belə ki, bunu ona yaxın dostu məsləhət bilmişdir) 6900 manat pulu 2023-cü ildə cavabdehə notarial qaydada güya borc şəklində verdiyin göstərmişdir. Göründüyü kimi iddiaçı cavabdehə 6900 manat pul verərkən artıq ona etibar etmədiyin bildirir. Belə olan hala iddiaçı 3100 manat pula dairdə cavabdehdən qəbz ala bilərdi. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən tərəflər arasında borc münasibətlərinin yaranmamasına, burada əqdin etibarsızlığı ilə bağlı münasibətlərin yaranması halına düzgün hüquqi qiymət versə də 6900 manat pulla bağlı tərəflər arasında yalan əqdə əsaslanaraq iddianı təmin etməkdə haqlı olmamışdır. Belə ki, tərəflər arasında MM-nin 340.2-ci maddəsində nəzərdə tutulan yalan əqdə əsaslanan münasibət deyil, MMnin 340.1-ci maddəsində nəzərdə tutulan uydurma əqddən irəli gələn münasibət formalaşmışdır. Buna görə də qətnamə hüquqi əsasa əsasən ləğv edilməli və yeni əsasla yeni qətnamə qəbul edilməlidir. Belə ki, MM-nin 340.1-ci maddəsinə görə Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Göründüyü kimi tərəflər aralarında kredit müqaviləsi bağlayarkən aralarındakı əqdə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlamışlar. Yəni tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş Kredit müqaviləsi hər hansı başqa əqdi pərdələmək məqsədi ilə bağlanmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Yardımlı Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(038)-225/2024 saylı qətnaməsi ləğv ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, 6900 (altı min doqquz yüz) manat pul vəsaiti və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 121 manatın dövlət rüsumunun 84.30 manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. İşdən görünür ki, iddianın qiyməti beş min manatdan çoxdur və iddiaçı üçün iddianın mübahisələndirilən hissəsi beş min manatdan çox deyil. Buna görə də kollegiya qeyd edir ki, cavabdehin qətnamədən kassasiya şikayəti vermək hüququ yarandığı halda, iddiaçının qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.3-cü, 385.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yardımlı Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(038)-225/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 6900 (altı min doqquz yüz) manat pul vəsaiti və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 121 manatın rüsumun 84.30 manatı Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-335/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-335/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver