Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-863/2024 13.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 07 may 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək 5895 (beş min səkkiz yüz doxsan beş) manat məbləğində borc və 78,95 (yetmiş səkkiz manat, doxsan beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5973,95 (beş min doqquz yüz yetmiş üç manat, doxsan beş qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən müqavilənin bağlandığı gün cavabdeh iddiaçıdan 5895 (beş min səkkiz yüz doxsan beş) manat məbləğində pul vəsaiti almışdır. Müqavilənin şərtlərinə əsasən həmin borc məbləği aylıq 589,5 manat olmaqla, 10 aydan gec olmayaraq cavabdeh tərəfindən qaytarılmalı olmasına baxmayaraq dəfələrlə edilmiş şifahi xəbərdarlığa baxmayaraq hər hansı ödəniş edilməmişdir. Bundan əlavə, pul vəsaitinin geri qaytarılması və borc müqaviləsinə xitam verilməsinə dair xəbərdarlıq məktubu xx.xx.2023-cü il tarixdə cavabdehə göndərilmiş, lakin hazırkı vaxtadək pul öhdəliyi yerinə yetirilməmişdir. Həmin mübahisə üzrə iş Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(067)-1325/2024 nömrəli qərardadı ilə məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(119)-863/2024 qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin xx.xx.2024-cü il tarixli 2-2(102)- 372/2024 nömrəli qərarı ilə məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işin Xaçmaz Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Xaçmaz Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli e-2(067)-1325/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı borcun "borcun tutulması" tələbi barədə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı 22 noyabr 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirakının mümkün olmayacağını bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan iddiaçı və cavabdeh arasında bağlanmış 25 mart 2022-ci il tarixli borc müqaviləsinin 1.1-ci bəndinə əsasən borc verən (İddiaçı MMC) 5895 (beş min səkkiz yüz doxsan beş) manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu borc alana (Cavabdeh) verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borc verənə geri qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 2.1.1-ci yarımbəndinə əsasən, bu müqavilənin 1.1.-ci bəndində nəzərdə tutulmuş məbləğ müqavilə qüvvəyə mindiyi tarixdən, hər ay 589,5 manat olmaqla, 10 aydan gec olmayaraq tam şəkildə ödənilməlidir. Həmin müqavilənin 2.2.1-ci yarımbəndinə əsasən, borc məbləğini 23 dekabr 2023-cü il tarixədək tam həcmdə qaytarmaq borc alanın öhdəliyidir. İş materiallarında olan iddiaçı və cavabdeh arasında bağlanmış 01 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı (İddiaçı MMC) müxtəlif növ telefon aksesuarlan və digər texniki avadanlıqları alıcıya satmağı, alıcı (Cavabdeh) isə malı alıb bu müqavilədə nəzərdə tutulmuş qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan iddiaçı ilə cavabdeh tərəfindən imzalanmış 13 sentyabr 2023cü il tarixli 006029-09 nömrəli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı MMC-yə faktiki borc məbləğinin qalığı 5895 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.2-ci, 427.3-cü və 427.4-cü maddələrinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 01 mart 2021-ci il tarixli il tarixli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı müxtəlif növ telefon aksesuarları və digər texniki avadanlıqları cavabdehə sataraq öz öhdəliklərini yerinə yetirmiş olsa da, cavabdeh müqavilə öhdəliklərinə riayət etməyərək aldığı malların dəyərini tam ödəməmiş, nəticədə onun iddiaçıya 5895 manat məbləğində borcu yaranmışdır. Cavabdehin iddiaçıya həmin məbləğdə borcunun olması tərəflər arasında bağlanmış 25 mart 2022-ci il tarixli borc müqaviləsi və onlar tərəfindən imzalanmış 13 sentyabr 2023-cü il tarixli 006029-09 nömrəli üzləşmə aktı ilə tam sübut olunmaqdadır. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh Xaçmaz Rayon Məhkəməsində keçirilmiş 16 aprel 2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında da telefon alqı-satqısı ilə məşğul olduğunu, 2020-ci ilin mart ayında iddiaçıdan telefon aksessuarları aldığını, lakin maddi imkanı olmadığından ödəniş edə bilmədiyini qeyd etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 25 mart 2022-ci il tarixli borc müqaviləsi üzrə 5895 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin 78,95 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 13 fevral 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən olunur ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 78,95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 78,95 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5895 manat məbləğində borc və 78,95 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5973,95 (beş min doqquz yüz yetmiş üç manat, doxsan beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 5895 (beş min səkkiz yüz doxsan beş) manat məbləğində borc və 78,95 (yetmiş səkkiz manat, doxsan beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5973,95 (beş min doqquz yüz yetmiş üç manat, doxsan beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-863/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-863/2024
13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver