Məhkəmə qərarları › İş №2-2(119)-226/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-226/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-226/2025 11.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pulun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “pulun tutulması" tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək 7000 (yeddi min) manat məbləğində pulun və 90 (doxsan) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə təxminən 2 il əvvəl “Qazel” markalı yük avtomobilinin ban hissəsinin yığılması üçün ayrı-ayrı vaxtlarda 3800 manat məbləğində pul vermiş, 2023-cü ilin yay aylarında cavabdeh əlində pul vəsaiti olarsa, maşın banı yığacağını və ona aylıq 1000 manat məbləğində pul verəcəyini demiş, o, cavabdehə daha öncə onun üçün yığılmış banı 4000 manata satmasını demiş və bundan başqa cavabdehə 2000 manat məbləğində pul vermiş, bir neçə ay gözləsə də, cavabdeh onun verdiyi pulları geri qaytarmamışdır. Barəsində Abşeron Rayon Polis İdarəsinə müraciət etdikdən sonra cavabdeh borcundan ona 200 manat məbləğində pul vermişdir. Abşeron Rayon Polis İdarəsinə etdiyi müraciətlə əlaqədar araşdırma aparılaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququna malik olması izah edilmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh Abşeron Rayon Məhkəməsinə iddiaya etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, iddiaçı ona 7 kv.m ölçüdə daşınar obyekt düzəltməsini sifariş edərək ona 3800 manat məbləğində xidmət haqqı vermişdir. O, sifarişi yerinə yetirsə də, iddiaçı işinin bağlanması səbəbindən ondan xidmət haqqını geri tələb edir. İddiaçının ona 7000 manat pul verməsi barədə göstərdikləri tamamilə yalandır. Bundan əlavə, o, iddiaçıya 400 manat məbləğində pul qaytarmışdır. Halbuki o, razılaşmanı icra etmiş, iddiaçı isə onu işlədərək 3800 manat pul versə də, hazırda ondan xidmət haqqını geri tələb edir. Onun iddiaçıya borcu yoxdur. Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 2(012)-4244/2024 nömrəli qərardadı ilə həmin iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh Sumqayıt Kommersiya Məhkəməsinə xx.xx.2025-ci il tarixdə yuxarıda qeyd edilən məzmunlu iddiaya etiraz ünvanlamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında bildirdi ki, o, Abşeron rayonunun Xırdalan şəhərində dönərxana işlətmiş, cavabdehlə tanışlıqları olmuşdur. Cavabdeh səyyar dönərxana yığdığını bildirərək onun üçün belə bir dönərxana hazırlamağı təklif etmiş və bunun müqabilində 3800 manat məbləğində pul istəmişdir. O, cavabdehə, ilk dəfə 2000 manat məbləğində nağd qaydada, qalan məbləğləri ilə hissəhissə ödəniş terminalı və digər vasitələrlə olmaqla, ümumilikdə 3800 manat məbləğində pul vermişdir. Pulu verərkən aralarında hər hansı müqavilə bağlanmamışdır. Səyyar dönərxana hazır olduqdan sonra cavabdeh ona bu barədə məlumat vermiş və o, cavabdehə demişdir ki, “butka”nı satsın. O, həmin “butka”nı təhvil almamış, cavabdehin dediyinə görə onun həyətində olmuşdur. Bundan bir neçə ay sonra cavabdeh ona yaxınlaşaraq əlində 6000-7000 manat məbləğində pul olacağı təqdirdə “butka” düzəldib satacağını, ona da aylıq 1000 manat məbləğində pul verəcəyini demişdir. O, razılaşaraq cavabdehə 2000 manat məbləğində pul vermişdir. 1 ay keçməsinə baxmayaraq cavabdeh ona pul verməmişdir. Cavabdeh ona olan borcundan 200 manat məbləğində pulu qaytarmışdır. Sonradan cavabdeh barəsində polis idarəsinə şikayət etdiyi üçün onunla telefon əlaqəsi saxlayaraq 200 manat məbləğində pul verəcəyini bildirmişdir. Bundan sonra cavabdehlə əlaqə saxlaya bilməmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən aparılmış araşdırmanın nəticəsinə dair qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında 08 iyun 2024-cü il tarixli qərarla hazırkı iddiaçının şikayəti ilə əlaqədar toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmiş və ərizəçiyə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah edilmişdir. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə ünvanlanmış 03 iyun 2024-cü il tarixli izahatının məzmununda cavabdeh qeyd etmişdir ki, “təxminən 2022-ci ilin dekabr ayı və ya 2023-cü ilin yanvar ayı olar. İddiaçı işlədiyi Xırdalan şəhərində, kənd Xırdalanın ərazisində dönərxana işlədirdi, orada mən də həmişə dönər yeyirdim. Qeyd etdiyim vaxtlarda da dönər yeyərkən söhbət zamanı Şahid mənə dedi ki, səyyar dönərxana işlətməkdən ötrü ona qoşqulu butka şəklində dönərxana düzəldim və onu işlətsin. Mən də Şahidə dedim ki, bilirsən ki, onu düzəltmək baha başa gəlir, lakin aramızda olan münasibətə görə sənə 4000 manata düzəldərəm, yəni materialın pulu 4000 manat təşkil edir. Dəqiq tarixi deyə bilmərəm, həmin günü və ya bir neçə gün sonra Şahiş evlərindən mənə zəng vurdu, söhbət zamanı mən bildim ki, atası Bəhruz da yanındadır. Telefonda söhbət zamanı Şahid mənə dedi ki, 3800 manat düzəldə bilər, atası Bəhruz deyir ki, dediyi qiymət ilə düzəldim, lakin atası ilə bu barədə heç bir söhbətim olmamışdır. Mən də deyilən qiymət ilə razılaşdım ki, təkərli səyyar dönər satılan köşk düzəldim. Şahid mənə dedi ki, onun əlinə pul gələn kimi mənə verər. Mən Şahid üçün təkərli dönər satılan butka düzəltməyə başlamamışdan əvvəl Şahidin mənə nə qədər və hardan pul göndərməsini deyə bilmərəm, yəni xatırlamıram, lakin Şahid mənə təkərli dönər butkası düzəltməkdən ötrü hissə-hissə 3800 manat pulun 2000 manatını birdəfəlik işlədiyi dönərxanada kənd Xırdalanın ərazisində verib. Mən səyyar təkərli dönərxana butkasının təxminən 80 % işlərini görəndə Şahid məndən işin qurtarıb-qurtarmamasını soruşanda ona bildirdim ki, işin 80 %-i hazırdır, lakin Şahid mənə bildirdi ki, daha səyyar təkərli dönər butkasını işlədə bilməz, imkan edə bilirsənsə, sat, pulunu mən götürüm, mən də Şahidin dediyi ilə razılaşdım və ona bildirdim ki, imkan daxilində kömək edərəm. “Finoko”ya borcum olduğundan və borcu ödəyə bilmədiyimə görə məni əşyalarım ilə birlikdə ailəvi olaraq evdən çıxartdı və evimi satdığa qoydu. Mənim evim Masazır kəndi, Nazim Əsədov keçəsi 122 ünvanında yerləşirdi. Qeyd etmək istəyirəm ki, mən həmin evin həyətində iş görürdüm. “Finoko” kredit təşkilatı evi əlimdən alandan sonra mən iş görə bilmədim, butka da yarımçıq qaldı, sata bilmədim. Bundan sonra Şahid pulunu istədi, mən işləmədiyimə görə Şahidə dedim ki, əlimə pul düşəndə hissə-hissə pulunu verərəm, razılaşdıq və iki dəfəyə hər dəfə 100 manat, cəmi iki yüz manat pul Şahidin kartına göndərmişəm, yəni öz kartımdan Şahidin kartına köçürtmüşəm, 3600 manat borcum qalmışdır, verə bilməmişəm, qalmışdır”. “Mənim Şahidin mərhum atası Bəhruz kişi ilə çox yaxın münasibətlərimiz olmuşdur. Şahid mənə iş görmək adı ilə 7000 manat pul verməmişdir. İddiaçı mənə 3800 manat pul səyyar təkərli dönər köşkü düzəltməkdən ötrü pul vermişdir, həmin pulun iki yüzünü qaytarmışam, mənim İddiaçı 3600 manat pul borcum qalmışdır. Həmin 3600 manat borcumu qısa müddətdə hissə-hissə qaytarmağa çalışaram, çünki təzə işləyirəm”. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə ünvanlanmış 03 iyun 2024-cü il tarixli izahatının məzmununda X1 qeyd etmişdir ki, “İddiaçı mənim yanımda Cavabdeh pul verməmişdir. Lakin İddiaçı Cavabdeh pul verməsi barədə sonradan İddiaçı eşitmişdir. İddiaçı mənə mağazada söbət edərkən bildirmişdir ki, 2023-cü ilin əvvəllərində Məhəmmədə təkərli köşk düzəltmək üçün pul vermiş, sonra Məhəmməd ona birlikdə iş qurmağı təklif etmiş və əlavə olaraq ona pul vermişdir. Şahidin dediyinə görə, Məhəmməd ona 7000 manat borclu qalmış, pulunu qaytarmamışdır. Lakin qeyd etdiyim kimi, Şahid Məhəmmədə mənim yanımda pul verməmişdir. Sonradan Məhəmmədlə işlədiyim köşkdə görüşdükdə ondan soruşdum ki, Şahidin borcunu nə üçün qaytarmırsan? Məhəmməd bildirdi ki, Şahidin borcunu qaytaracaqdır. Lakin Şahidə hansı məbləğdə borclu olduğunu Məhəmməddən soruşmadım, o da mənə borcun məbləği barədə bildirmədi”. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 756.1-ci maddəsinə əsasən, əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında səyyar qaydada istifadə edilməsi üçün nəzərdə tutulmuş hərəkət edə bilən köşkün hazırlanması ilə əlaqədar 2023-cü ilin yanvar ayında şifahi formada podrat müqaviləsi bağlanılmış, sifarişçi qismində çıxış edən iddiaçı həmin köşkün hazırlanması üçün cavabdehə 3800 manat məbləğində pul vermiş, cavabdeh isə işin müəyyən hissəsini gördükdən sonra tərəflər həmin köşkün cavabdeh tərəfindən satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqaviləyə görə aldığı pul vəsaitindən 200 manat məbləğində pulu iddiaçıya qaytarsa da, qalan məbləği, yəni 3600 manat məbləğində pulu qaytarmamışdır. İddiaçının qeyd edilən köşkün hazırlanması ilə əlaqədar cavabdehə 3800 manat məbləğində pul vəsaiti verməsi, cavabdehin həmin sifarişlə əlaqədar işlərin müəyyən hissəsini görməsi işin mübahisəsiz hallarıdır və onlar sonradan hazırlanan podrat predmetinin cavabdeh tərəfindən satılmasını aralarında razılaşdırmışlar. Belə ki, cavabdeh Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə ünvanlanmış, yuxarıda istinad edilmiş izahatında da köşkün təxminən 80 % işlərini gördükdən sonra iddiaçının ondan işin qurtarıb-qurtarmamasını soruşduğunu, ona işin 80 %-i hazır olduğunu bildirdiyini, iddiaçının ona köşkü işlədə bilməyəcəyi üçün həmin köşkü satıb onun pulunu ödəməsini dediyini, özünün də buna razılaşdığını qeyd etmişdir. Cavabdeh həmin izahatında, həmçinin göstərmişdir ki, iddiaçı ona köşkü düzəltməkdən ötrü 3800 manat məbləğində pul vermiş, o, həmin pulun 200 manatını qaytarmış, onun iddiaçıya 3600 manat pul borcu qalmışdır. Eyni zamanda, iddiaçının özü də Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində və hazırkı işlə əlaqədar məhkəmə iclaslarında cavabdehlə eyniməzmunlu izahatlar vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 7000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia qismən təmin edilərək 3600 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsi, yəni iddiaçının cavabdehə sonradan vermiş olduğunu iddia etdiyi 2000 manat məbləğində pulun tutulması hissəsi iş materialları ilə təsdiq edilmədiyindən əsassız hesab edilərək təmin edilməməlidir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, sifarişlə əlaqədar ona 3800 manat məbləğində xidmət haqqı verilmiş, o, sifarişi yerinə yetirsə də, iddiaçı işinin bağlanması səbəbindən ondan xidmət haqqını geri tələb etmiş, o, iddiaçıya 400 manat məbləğində pul qaytarmış, halbuki o, razılaşmanı icra etmiş, iddiaçı isə onu işlədərək 3800 manat pul versə də, hazırda ondan xidmət haqqını geri tələb edir və onun iddiaçıya borcu yoxdur. Məhkəmə, qeyd edilən dəlillərlə bağlı ilk növbədə, qeyd edir ki, cavabdehin iddiaçıya 400 manat məbləğində pul vəsaitini qaytarması barədə göstərdikləri iş materialları ilə təsdiq edilmir, onun özü də məhkəməyə bu barədə hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. Əksinə, cavabdeh Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində verdiyi izahatda 200 manat məbləğində pul vəsaitini iddiaçıya qaytardığını qeyd etmişdir. Digər tərəfdən, cavabdehin razılaşmanı icra etməsi, iddiaçının isə 3800 manat məbləğində pul versə də onu işlədərək, hazırda ondan xidmət haqqını geri tələb etməsi barədə göstərdikləri də tamamilə əsassızdır. Belə ki, Mülki Məcəllənin yuxarıda istinad edilmiş 756.1-ci maddəsinə əsasən, əgər sifarişçinin yerinə yetirilmiş işi qəbul etmədiyi təqdirdə, podratçının yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Lakin cavabdeh iddiaçıya köşkü təhvil verməmiş və ya təhvil verdiyi halda, iddiaçının həmin köşkü təhvil almadığını sübut etməmiş, həmçinin mülki qanunvericiliyinin istinad edilən maddəsinə uyğun olaraq iddiaçı tərəfindən podrat predmetini təhvil almama halı olduğu təqdirdə, ondan hər hansı haqq və ya zərərin əvəzini tələb etməmiş, əksinə özünün verdiyi izahata əsasən onlar qarşılıqlı olaraq razılaşmışlar ki, o, (cavabdeh) həmin köşkü satıb iddiaçının pulunu ödəyəcəkdir. İşin bu halı bağlı, həmçinin bu da qeyd edilməlidir ki, əgər cavabdeh həqiqətən razılaşmanı, yəni aralarındakı podrat öhdəliyini icra etdiyini hesab etdiyi halda, onun iddiaçıya 200 manat məbləğində pul qaytarması anlaşılmazdır və onun özünün göstərdikləri ilə ziddiyyət təşkil edir. Bundan əlavə, iddia tələbinin 90 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 17 iyul 2024-cü il tarixli 5012 nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia qismən təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq hesablanmış 56 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 3600 manat məbləğində borc və 56 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3656 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3600 (üç min altı yüz) manat məbləğində pul vəsaiti və 56 (əlli altı) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3656 (üç min altı yüz əlli altı) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar