Məhkəmə qərarları › İş №2(038)-227/2023

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-227/2023

01.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-227/2023 01.06.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 sədrliyi, Məhkəmə iclasının katibi T1 katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçi İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti X2 tərəfindən adına tərtib olunmuş 17 sentyabr 2020-ci il tarixli, 186726 saylı aktın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Yardımlı rayon elektrik şəbəkəsinin əməkdaşları elektrik sağacına baxış zamanı güya o, elektrik sayğacına müdaxilə etdiyini aşkar etmişlər. Elektrik şəbəkəsinin əməkdaşları 17 sentyabr 2020-ci il tarixli 186726 saylı akt tərtib edərək 100 manat məbləğində cərimə etmişlər. O, hər ay istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəmiş və hər ay işıq nəzarətçisi sayğacını yoxlamışdır. Əgər sayğacın plombu qırılmışdırsa nə üçün göz yumulmuşdur. Hesab edir ki, doğrudan da elektrik sayğacına müdaxilə olunmuşdursa aktın qanuniliyi üçün akt tərtib edilərkən ərazi nümayəliyindən, bələdiyyədən nümayəndə dəvət olunmalıydı və onların iştirakı ilə akt tərtib edilməli idi. İddiaçi İddiaçı iddia ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, o, sayğaca qanunsuz müdaxilə etməmişdir. Aktın yazılmasından məlunatı yoxdur, onun adının qarşısında formal olaraq imtina sözü yazılmışdır. Sayğac yenisi ilə əvəz olunduqdan sonra onun məlumatı olmuşdur ki, elektrik enerjisindən istifadə qaydalarını pozması əsası ilə akt təərtib edilmiş və adına ziyan hesablanmışdır. Göstərdiklərinə əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 17 sentyabr 2020-ci il tarixli,186726 nömrəli aktın surətindən görünür ki, abonentin sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi əsası ilə akt tərtib olunmuşdur. Akt tərtib edilərkən İddiaçı iştirakı təmin olunmamış, akta Etibar Adıyev adlı şəxs aktda imza etməkdən imtına etməsi qeyd edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. «Elektrik enerjisindən istifаdə qаydаlаrı»nın 7.11-ci bəndinə əsаsən yаşаyış binаlаrının girişində, yаxud pilləkən meydаnçаlаrındа qurаşdırılmış mənzillər üzrə hesаblаşmа elektrik sаyğаclаrının, о cümlədən üzərindəki plоmblаrın qоrunmаsınа və işçi vəziyyətdə sаxlаnılmаsınа görə enerjitəchizаtı müəssisəsi cаvаbdehlik dаşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qeyd olunan qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Həmin Qaydaların 8.33.-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunmuş Qaydaların 9.20.-ci bəndinə görə İstehlakçı aşağıda göstərilən səbəblərlə əlaqədar dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında məsuliyyət daşımır: -9.20.1. fors-major hadisə ilə əlaqədar; -9.20.2. kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik veriliş xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və ya kabel elektrik veriliş xətlərinin mexaniki zədələnməsi və s.) nəticəsində baş vermiş qəzalarla əlaqədar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılşamalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə göstərilən qaydaların bəndləri üzrə müqayisəli təhlil apararaq qeyd edir ki, göstərilən maddi hüquq normalara və Qaydalara əsasən cavabdeh tərəfin aktda qeyd etdiyi hallar sübuta yetmir, hesabladığı ziyana görə iddiaçının təqsirli və qanuna zidd hərəkətləri, səbəbli əlaqə müəyyən olunmur. Belə ki, aktdan belə nəticəyə gəlmək olur ki, 17 sentyabr 2020-ci il tarixli,186726 nömrəli akta əsasən abonentin sayğacın alt qapaq möhürünün simi qırıqdır. Lakin bu halı təsdiq edən hal şahidi və ya foto, yaxud videoçəkiliş yoxdur. Akt tərtib edilərkən İddiaçı iştirakı təmin olunmamış, akta Etibar Adıyev adlı şəxsin aktda imza etməkdən imtına etməsi qeyd edilmişdir. Bununla da həmin göstəricilərlə İddiaçı sayğaca müdaxilə edibetməməsi müəyyən deyil. Belə olan halda istifadə edilməmiş elektrik enerjisinə görə ziyan hesablanması istehlakçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbində aktın ləğv olunması qeyd olunsa da, faktiki olaraq iddianın mahiyyəti aktın qanunsuz tərtib edilməklə etibarsızlığı ilə bağlıdır. Ona görə də iddia aktın etibarsızlığı əsası ilə təmin olunmalı, bu hal iddiadan kənara çıxma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti X1 İddiaçı adına tərtib etdiyi 17 sentyabr 2020-ci il tarixli, 186726 nömrəli akt qanunsuz olduğundan etibarsız hesab edilsin . Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar