Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-23/2025 25.02.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X8 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Yardımlı rayon Elektrik Şəbəkəsinə qarşı «akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-yə və Yardımlı rayon Elektrik Şəbəkəsinə qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 08 avqust 2024-cü il tarixli, AKTR seriyalı 338365 saylı akt əsasında hesablanmış 517(beş yüz on yeddi) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X2 12 iyun 2019-cu il tarixdə vəfat etmişdir. Yardımlı rayonu, Arvana kəndində yerləşən fərdi yaşayış evi elektrik enerjisi ilə təmin edilmiş və elektirik enerjisinin haqqını sayğacın göstəricisinə əsasən mütəmadi olaraq o, ödəmişdir. X2 vəfat etdikdən sonra ev onun adına sənədləşdirilmişdir. 2024-cü ilin avqust ayı üçün elektrik sərfiyyatının pulunu ödəyərkən əlavə 517 manat borcunun olduğunu bilmiş və buna görə X6 ilə əlaqə saxladıqda ona elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə əlavə sərfiyyatın (cərimə) yazıldığını bildirmişlər. O, cavabdeh tərəfə poçt vasitəsi ilə ərizə göndərərək tərtib edilmiş aktın ləğv edilməsini tələb etsə də, müsbət nəticəsi olmamışdır. Tərtib edilmiş 08 avqust 2024-cü il tarixli AKTR seriyalı 338365 saylı akt isə yaxın vaxtlarda əldə etmişdir. Akt 12 iyun 2024-cü il tarixdə vəfat etmiş X2nun adına yazılmaqla, aktda «elektirik sayğacının giriş kabelinin izolasiyasını pozaraq sayğacdan kənar istifadə edilməsi və sayğacdan kənar çəkilmiş naqilin en kəsiyinin ölçüsü 2,5 mm alüminium bir damarlı kabelin olması» qeyd edilmişdir. Qeyd edilən akt düzgün deyil və ləğv olunmalıdır. X1 adına yazılmışdır. Halbuki, X5 12 iyun 2024-cü il tarixdə vəfat etmişdir. Hesab edir ki, baxış keçirilmədən həmin akt kənarda yazılmışdır. Yerində akt yazılsaydı ev sahibi olaraq onun iştirakı təmin olunardı. Həmçinin hal şahidlərinin də iştirakı təmin edilməmişdir. Akda «məişət abonenti» olaraq Əli Həsənovun adı və imza etməkdən imtina etməsi qeyd edilmişdir. X12 «məişət abonenti»” deyil, ikincisi də o, hərbi xidmətdən yeni qayıtmışdı və akt yazılan tarixdə rayon ərazisində də olmamışdır. Qeyd edilən naqili elektirik dirəyindən sayğaca çəkən şəbəkənin işçiləri olmuş və həmin vəziyyətdə də əvvəlcədən istifadə edilmişdir. Akta “sayğacdan kənar çəkilmiş naqilin en kəsiyinin ölçüsü 2,5 mm alüminium bir damarlı kabel olmasının” yazılması başa düşülən deyil və belə başa düşürəmsə 2,5 mm kənar çəkilmiş naqildən nə kimi istifadə edə bilərdi. Həmin en kəsiyi 2,5 mm qeyd edilən hissə isə sayğaca birləşdirilən hissəsidir. Halbuki, kənar xətt çəkilsəydi hər ay sayğaca baxış keçirmiş, sərfiyyat barədə sənədləşmə aparan nəzarətçi onu görməyə bilməzdi. Həmçinin yay ayında «elektrik enerjisindən istifadə qaydalarını pozmaq» kimə lazım idi. O, yaşayış evinə verilən elektirik enerjisinin haqqını sayğacın göstəricisinə əsasən hər ay sərfiyyatdan asılı olaraq ödəyir, əgər elektrik enerjisindən istifadə qaydalarını pozsaydı sərfiyyat əvvəlki aylarla müqayisədə çox azalardı. Odur ki, 08 avqust 2024-cü il tarixli, AKTR seriyalı 338365 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış sərfiyyata görə borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC iddiaya qarşı etiraz verərək, İddiaçı "xxxx" ASC-yə qarşı «aktın etibarsız hesab edilməsi və hesablanmış sərfiyyatın silinməsi» barədə iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaya qarşı etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən E.E.İ.Q-nın tələblərinə uyğun olaraq abonent kodu **********00024 olan X3 elektrik təsərrüfatına baxış keçirilən zaman sayğacın giriş kabelinin hər iki damarının soyularaq oradan birbaşa xətt vasitəsi ilə sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi aşkar və E.E.İ.Q-nın tələblərinə uyğun olaraq yerində R 338365 saylı akt tərtib edilmişdir. Sözü gedən aktın İddiaçı heç bir aidiyyatı yoxdur və bu səbəbdən də o, həmin aktın mübahisələndirilməsinə dair iş üzrə məhkəmədə iddiaçı qismində tərəf ola bilməz. Belə ki, İddiaçı barəsində akt tərtib edilmiş şəxs X3 həyat yoldaşı və ya onun vərəsəsi olması barədə heç bir sənəd (sübut) mövcud deyildir. Əlavə olaraq da iddia ərizəsində X3 2019-cu ildə vəfat edilməsi qeyd edildiyi halda iddiaçının 2013-cü ildə aldığı şəxsiyyət vəsiqəsində soyadı Süleymanova, ailə vəziyyəti isə subay olaraq göstərilmişdir. Tərtib edilmiş akta münasibətdə isə baxış zamanı sayğacın giriş kabelinin hər iki damarı soyularaq oradan birbaşa xətt vasitəsi ilə sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi aşkar edilmiş və həmin pozuntu faktı dərhal video görüntü vasitəsi ilə qeydə alınmışdır. Bu barədə akt tərtib olunan zaman iddiaçının özü və ailə üzvləri orada iştirak etmiş lakin, aktı imzalamqdan imtina etmişlər ki, bu barədə də aktda müvafiq qeyd aparılmışdır. İddiaçı törətmiş olduğu pozuntu faktını pərdələmək və məhkəməni aldatmaq məqsədilə iddia ərizəsində aktda adı qeyd edilən oglu Əli Həsənovun həmin tarixdə rayon ərazisində olmadığını və həmin vaxtı onun özünün də orada iştirakının təmin edilmədiyini qeyd etməklə bilərəkdən məhkəməyə yalan məlumat vermişdir. Hal bu ki, həmin görüntülərdə Əli Həsənovun pozuntunu aşkar edən idarə əməkdaşları ilə mübahisə etdiyini və kənardan bir nəfər səxsin (iddiaçının özü) oğlunun hərbi xidmətdən yeni qayıtdığını söyləməsi aydın səkildə görmək olur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Namik onun atasıdır və vəfat etmişdir. İşıqları yanmadığı üçün şəbəkəyə müraciət etmiş, mantyor gəlib xətti dəyişmişdir. Onlar əlavə xətt çəkməmişlər. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh Yardımlı rayon Elektrik Şəbəkəsinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının özünün və cavabdehlərin nüamyəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: 08 avqust 2024-cü il tarixli, AKTR seriyalı 338365 saylı aktdan görünür ki, Yardımlı rayonu, Arvana kəndində yaşayan Namik Həsənovun istifadəsində olan elektrik sayğacına baxış keçirilən zaman elektirik sayğacının giriş kabelinin izolasiyasını pozaraq sayğacdan kənar istifadə edilməsi və sayğacdan kənar çəkilmiş naqilin en kəsiyinin ölçüsü 2,5 mm alüminium bir damarlı kabeldir. Yardımlı rayon İHB-nın Arvana İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı X2 12 iyun 2019-cu il tarixdə vəfat etmiş və həmin vaxtdan da İddiaçı ev təsərrüfatları kitabının 151 nömrəli şəxsi hesabın və təsərrüfatın başçısıdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 12 iyun 2019-cu il tarixdə vəfat etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş elektrik təsərrüfatına baxış keçirilən baxış zamanı CD diskdə olan videogörüntüdən görünür ki, videogörüntüdə elektrik sayğacından kənar elektrik xəttinin aşkar olunduğu bildirilir. Lakin eleketrik sayğacının özü, kənar xəttin hansı formada aparılması videogörüntülərdən müəyyən olunmur, yalnız elektrik xətti görünür. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Beləki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, abunəçi mərhum X3 istifadə etdiyi Yardımlı rayonu, Arvana kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğacdan kənar xəttən istifadə edildiyinə görə "xxxx" ASC nümayəndələri tərəfindən akt tərtib edilmiş, həmin akta uyğun olaraq abunəçi X4 517 manat məbləğində borc hesablanmışdır. Namik Həsənov 2014-cü ildə vəfat etmiş, onun yaşadığı fərdi yaşayış evində hazırda İddiaçı yaşayış və təsərrafata başçılıq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 oktyabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının: 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. MPM-nin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Şəxsin elektrik sayğacından kənar elektrik enerjisindən istifadə etməsini sübut etmək yükü hazırki iş üzrə iddiaçının deyil, bununla bağlı aktı tərtib edən cavabdehin üzərinə düşür. Hazırki iş üzrə cavabdeh "xxxx" ASC iddiaçının sayğacdan kənar elektrik enerjisindən istifadə etməsini təsdiq edən sübut kimi СD diskdə olan videogörüntüləri məhkəməyə təqdim etmişdir. Təqdim edilmiş videogörüntülərdə aktı tərtib edən şəxslərin kimliyi, baxış keçiriliən elektrik sayğacı, sayğaca daxil olan və sayğacdan çıxan elektrik xətti öz əksini tapmamış, sadəcə hər hansı elektrik xəttinin mövcudluğu göstərilmirdir ki, həmin xəttin də sayğacdan kənar xətt olub-olmaması öz təsdiqini tapmır. Belə olan halda məhkəmə təqdim edilmiş videogörüntüləri Avropa Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd edildiyi kimi «əsaslı şübhədən kənar standartlar»a uyğun olan sübut növü kimi qəbul etmir, yəni təqdim edimiş videogörüntülər müfəssəl olmadığından şəxsin elektrik sayğacından kənar elektrik enerjisindən istifadə etməsini təsdiq etmir. Məhkəmə işüzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, akt tərtib edilərkən çəkilMİŞ videogörüntülər iddiaçının elektrik sayğacından kənar elektrik enerjisindən istifadə etməsini təsdiq etmədiyindən iddia təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş 08 avqust 2024-cü il tarixli, AKTR seriyalı, 338365 saylı akt əsasında hesablanmış 517 manat məbləğində borc silinməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib olunmuş 08 avqust 2024-cü il tarixli, AKTR seriyalı, 338365 saylı akt əsasında hesablanmış 517 manat borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində «elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X9
Məhkəmə qərarları › İş №2(038)-23/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-23/2025
25.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver