Məhkəmə qərarları › İş №2(038)-582/2023

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-582/2023

14.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-582/2023 14.12.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X5 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçi İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən adına tərtib olunmuş 25 iyun 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında 12960 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuş, hamı kimi o da tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Hazırda işlə əlaqədar Bakı şəhərində yaşayır və Yardımlı şəhərində yerləşən ona məxsus fərdi yaşayış evini müvəqqəti olaraq yaşamaq üçün tanışı Masallı rayonundan olan Ruslan Baxşıyevə vermişdir. 2022-ci ilin oktyabr ayında Yardımlı ərazinə güclü qar yağmış və qarın evin üzərindən sürüşməsi nəticəsində sayğacdan çıxan boru qırılmışdır. Qonşuları xəbər tutan kimi ana borudan gələn xətti bağlamışlar və Yardımlı rayon Qaz istismarı idarəsinə məlumat vermişlər. Həmin vaxt evdə müvəqqəti yaşayan X3 rayonuda olmuşdur. Ruslan Baxşıyev evə gələn kimi Yardımlı rayon Qaz istismarı idarəsinə zəng vurmuş və qaz idarəsinin işçiləri gəlib qazın turbasının əyilən yerini düzəltmişlər və qazın gəlişini bərpa etmişlər. Bir neçə ay sonra qaz sayğacı yenə də işləməmiş və X2 rayon Qaz İstismarı idarəsinə mürciət etmişdir. Qaz idarəsinin işçiləri gəlib sayğacın xarab olduğunu və yenisi ilə əvəz edilməli olduğunu bildirmişlər. Bu vaxt Yardımlı rayon Qaz istismarı idarəsindən məsul şəxs kimi Mehman İsmayılov gəlmiş və əlavə olaraq 3 nəfər işçi gəlmiş, hadisə yerində şəkillər çəkmişlər və vidoe çəkilişlər etmişlər, lakin bu barədə Fövqəladə Hallar Komissiyasına məlumat verməmiş, qaz sayğacını yeni ilə əvəzləmişlər. 2023-cü ilin iyul ayında ona məlum olmuşdur ki, sayğaca müdaxilə etdiyinə görə barəsində akt tərtib edilmişdir. Akta əsasən guya sayğacın plastik borusunda çat aşkar edilmiş, sayğacın minimum keçid göstəricini qeyd etmədiyi akşar edilmiş, itirilmiş qazın bərpasına görə dəymiş ziyan məbləği 12960 kub metr müəyyən edilməklə ödənilməsi tələb olunmuşdur. Halbuki onlar qaz sayğacına hər hansı müdaxilə etməmiş, qar uçqunu səbəbindən sayğacın borusu qırılmış və qaz işçiləri özləri gəlib qazı bərpa etmişlər. Hazırda aşağıdakı əsaslara görə hesab edir ki, həmin akt etibarsız hesab edilmə və 12960 m3 qaz sərfiyyatı silinməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, qar uçqunu zamanı sayğacdan çıxan boru qırılmış və bu barədə dərhal qaz idarəsinin əməkdaşlarına məlumat verilmişdir. Bundan sonra qaz idarəsinin əməkdaşları tərəfindən yaranmış nasazlıq aradan qaldırılmışdır. Lakin bir neçə ay sonra qaz sayğacının işləməməsi barədə idarəyə yenidən müraciət etmişlər. Yoxlama zamanı qaz sayğacının yenisi ilə əvəz edilməli olduğu bildirilmişdir. Onlar tərəfindən sayğaca müdaxilə olunmamış, aktın qəbul edilməsinən məlumatları olmamışdır. Aktda onun adı formal olaraq qeyd olunmuş, ona imza üçün akt təqdim olunmamışdır. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5.-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 19 oktyabr 2023-cü il tarixli aktın surətindən görünür ki, növbəti Dövlət yoxlamasına görə sayğac açılmış və yenisi ilə əvəz olunmuşdur. Aktda sayğaca müdaxilə olunması ilə bağlı qeyd yoxdur. 25 iyun 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin plastmas borusunda çat aşkar olundu. Sayğacın minimum keçid göstəricini qeyd etmədiyi əsası ilə itirilmiş qazın bərpası tələb olunur. Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə İddiaçı adının qarşısında qeyd yoxdur. 25 iyun 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 25 iyun 2023-cü il tarixli, ******* saylı akta əsasən 12960 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan məbləği müəyyən edilməklə İddiaçı tərəfindən ödənilməsi tələb olunmuşdur. İddiaçıya aid abonent saldosundan məlum olur ki, onun istehlak etdiyi qaz sərfiyyatına görə hər ay sərfiyyata müvafiq ödənilməli olan məbləğlər göstərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz 6 edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehin təqdim etdiyi sübutlar sayğacın iddiaçının iştirakı və məlumatı olmadan ekspertizaya göndərildiyini və aktın onun iştirakı və məlumatı olmadan tərtib olunduğunu təsdiq edir. İlkin akt tərtib olunarkən abonentə başqa heç bir irad, o cümlədən sayğaca kənar müdaxilə edilməsi barədə irad tutulmamışdır. Eyni zamanda ekspertizanın nəticəsinə dair aktda sayğacda aşkar olunmuş qüsur və iddiaçının təqsirinin olması müəyyən olunmur. Mübahisəli aktın tərtib olunması ona əsas verir ki, ümumiyyətlə aktın tərtibi formal xarakter daşımış, müdaxilənin kim tərəfindən edilməsi araşdırılmamışdır. Belə ki, həmin aktda qeyd olunmuş qüsurun bilavasitə abonent tərəfindən törədilməsi, qaz sayğacının hesablayıcı mexanizminin sıradan çıxması, eləcə də qaz sayğacından keçən qazın sayğac tərəfindən qeydə alınmaması anlamına gələ bilməz. Fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin, qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tədbiq edilə bilməz. Mövcud qanunvericilik qaz sayğacının zədələnməsinin istehlakçının təqsiri üzündən baş verməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilməsi bilavasitə qaz paylayıcısının vəzifəsidir və bu cür sübutlar olmadan qaz sayğacının dəyərinin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin kim tərəfindən edilməsi, əgər müdaxilə olmuşsa onun təqsirliliyi, itirilmiş qaz sərfiyyatını müəyyən etmək üçün nə vaxtdan qaz sərfiyyatının itirilməsi, habelə müdaxilənin aşkar olunduğu tarixə qədər olan dövrün araşdırılması təmin edilməli və sübuta yetirilməli idi. Bundan başqa 25 iyun 2023-cü il tarixli akt tələbnaməsində təsdiq olunmuş qərardan göründüyü kimi, itirilmiş qaz sərfiyyatı ehtimallarla hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” X1 X4 İdarəsinin İddiaçı adına tərtib etdiyi 25 iyun 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin, 12960 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borc məbləği silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar