Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-603/2025 18.11.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «barışıq sazişinin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Masallı 1 saylı Mediasiya Təşkilatında bağladıqları xx.xx.2024-cü il tarixli MŞM/MT036/2024-00772 saylı barışıq sazişinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2018-ci ilin aprel ayında faktiki ailə həyatı qurmuşlar. Nikahlarını isə xx.xx.2019-cu il tarixdə Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsində rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə xx.xx.2019-cu il təvəllüdlü Cavadova Zəhra və xx.xx.2023-cü il təvəllüdlü x adlı iki uşaqları dünyaya gəlmişdir. Cavabdehlə münasibətləri əvvəllər yaxşı olmuşdur. Sonradan aralarında narazılıqlar yaranmış və ayrılmalı olmuşlar. Masallı 1 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixli MŞM/MT036/2024-00772 saylı Barışıq sazişi imzalamışlar. Həmin sazişə görə uşaqlar analarının yanında qalmalı, onların saxlanılması üçün hər uşağa görə 100 manat olmaqla 2 uşağa görə 200 manat aliment ödəməlidir. Qeyd olunan saziş uşaqların mənafeyinə uyğun deyildir. Belə ki, cavabdeh uşaqların anası olduğundan uşaqların ana qayğısına daha çox ehtiyacı olmaqla cavabdehin onlara baxacağını hesab etdiyindən bununla razılaşmışdır. Lakin cavabdeh cari ilin aprel ayının 24-də evdən getmişdir. Onun başqa şəxslə yaşaması məlum olmuşdur. O, Masallı Rayon Polis Şöbəsində verdiyi izahatında da bunu etiraf etmiş və uşaqları saxlamaq istəmədiyini bildirmişdir. Onun xoşagəlməz davranışları əvvəllər də olmuş, uşaqların xatirinə bunları bağışlamışdır. Lakin barışıq sazişi imzalanarkən bunlar araşdırılmamış, həmin sazişin uşaqların mənafeinə uyğunluğu yoxlanılmamış, İcra hakimiyyətinin uşaqlarla bağlı rəyi alınmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh ilə aralarında Masallı 1 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Sazişə əsasən cavabdehlə nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və uşaqların saxlanması üçün aliment verməsi barədə razılığa gəlmişlər. Uşaqlar bu ilin 24 aprelinə kimi ananın himayəsində olublar. O, Qarabağda işləyən zaman cavabdehin uşaqları atıb, başqa şəxslə evlənmək üçün getdiyini eşitmişdir. O da işlədiyi üçün uşaqları saxlaya bilməmiş və rəsmi olaraq uşaq evinə vermişdir. Hazırda uşaqlar 3 saylı uşaq evindədirlər və istədiyi vaxt gedib götürə bilir və bu gündə götürüb məhkəmə iclasına gətirmişdir. İşlə bağlı əlavə sübutu və vəsatəti yoxdur. Barışıq sazişinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: İş materiallarına əlavə edilmiş MŞM/MT036/2024-00772 nömrəli barışıq sazişindən görünür ki, xx.xx.2024-cü il tarixdə tərəflərlə nikahın pozulması uşağın ananın himayəsinə verilməsi, aliment təyin edilməsi mübahisəsi üzrə ilkin mediəsiya sesiyası keçirilmiş və tərəflər tam mediasiya sesiyası keçmək barədə qərar qəbul etmişlər. Tam mediasiya prosesi zamanı tərəflər nikahın davam etdirilməsi barədə razılığa gəlməmişlər. Lakin uşaqların ananın himayəsinə verilməsi və aliment təyin edilməsi mübahisəsini həll edərək, tərəflərin birgə uşaqları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X5 anaları Cavabdeh yanında qalmaqla onun himayəsinə verilməsi, xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin müəyyən edilməsi barədə razılığa gəlmişlər. xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2023cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, İddiaçı İldir oğlu 2024cü ilin oktyabr ayının 10-dan 25-dək və gələn hər növbəti ayın da 10-dan 25-dək olan müddət ərzində hər bir uşaq üçün 100 manat olmaqla cəmi 200 manat məbləğində alimenti Cavabdeh poçt vasitəsilə və ya onun bank kartına ödəməyi öhdəsinə götürmüşdür. Masallı Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(050)-1334/2025 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı İldir oğlu arasında bağlanmış xx.xx.2024cü il tarixli, MŞM/MT036/2024-00772 saylı barışıq sazişinin «tərəflərin birgə uşaqları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X5 anaları Cavabdeh yanında saxlanılması və İddiaçı İldir oğlundan 08 oktyabr 2019-cu il təvəllüdlü X2 və 22 fevral 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat olmaqla, iki uşaq üçün 200 manat sabit pul məbləğində aliment barışıq sazişi qüvvəyə mindiyi gündən, yəni 2024-cü ilin oktyabr ayının 10-dan 25-dək və gələn hər növbəti ayın da 10-dan 25-dək olan müddət ərzində Cavabdeh xeyrinə tutulması» bəndləri hissəsində məcburi icra üçün təsdiq edilmişdir. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, İddiaçı və X4 arasında nikah xx.xx.2019-cu il tarixdə, 673 nömrə ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Cavadov, arvada Cavadova soyadı verilmişdir. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, X2 xx.xx.2019-cu il tarixdə Lənkəran rayonu Lənkəran şəhərində doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Lənkəran şəhərində doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Masallı rayon İHB-nin Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilən arayışdan görünür ki, İddiaçı ailə üzvləri – həyat yoldaşı xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh, qızı xx.xx.2019-cu il təvəllüdlü X2 və oğlu xx.xx.2023-cü il təvəllüdlü X5 olmaqla ünvan 1 ünvanında yaşayır. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən iddianın verilməsi üçün 101 manat məbləğində dövlət rüsumu keçirilmişdir ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə nkahlarını xx.xx.2019-cu il tarixdə Masallı regional «ASAN xidmət» mərkəzində Qeydiyyat Şöbəsində rəsmiləşdirmiş, birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü Zəhra Cavadova və xx.xx.2023-cü il təvəllüdlü Əli Cavadlı adlı iki uşaqları doğulmuşdur. Daha sonra tərəflər nikahın davam etdirməməsi ilə bağlı razılığa gəlmiş və mediasiya prosesində barışıq bağlanmışlar. Barışıq sazişinə əsasən adıçəkilən uşaqların boşanmadan sonra anaları hazırki iş üzrə Cavabdeh yanında qalması və həmin uşaqların saxlanılması üçün alimentin müəyyən edilməsi barədə razılığa gəlmişlər. Masallı Rayon Məhkəməsinin 01 aprel 2025ci il tarixli, 2(050)-1334/2025 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00772 saylı barışıq sazişi təsdiq edilmişdir. Qeyd olunan hallar işin mübahisələndirilməyən hallarıdır. Hazırki halda İddiaçı cavbdehin xx.xx.2025-ci il tarixdən evdən getmiş və başqa şəxslə yaşamağa başlamışdır. Hazırda özü Qarabağın abadlaşdırılmasına işlədiyindən uşaqlara baxa bilmir və uşaqlar hazırda sığınacaqda yaşayırlar. Buna görə də sazişin etibarsız hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 21.2. Ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür. 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun: 26.1. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 26.2. Nikah müqaviləsinə mediasiyaya dair şərtlər daxil edilə bilər. 26.3. Uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator qəyyumluq və himayəçilik orqanının rəyini alır. 26.4. Əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə qəyyumluq və himayəçilik orqanına məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər. 26.5. Mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini qəyyumluq və himayəçilik orqanına təqdim etməyə borcludur. 26.6. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 26.7. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya prosesini aparmaq üçün mediatorlar bu Qanunun 26.6-cı maddəsində nəzərdə tutulmuş təlimdən keçmələri barədə müvafiq sertifikata malik olmalıdırlar. Qeyd olunan hüquq normalarının tələbindən görünür ki, mediasiya prosesində uşağın hansı valideynin yanında qalmalı olması məsələsi həll edilərkən uşağın maraqlarına toxunduğundan mediator qəyyumluq və himayəçilik orqanının rəyini almalıdır. Hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00772 saylı barışıq sazişinin məzmunundan da göründüyü kimi tərəflərin birgə nikahından doğulmuş Zəhra və Əli adlı uşaqların cavabdehin yanında qalmalı olması barədə sazişi təsdiq edilərkən mediator tərəfindən qəyyumluq və himayəçilik orqanının rəyini almalı olduğu halda, qanunun tələbinə zidd olaraq almamışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinin tələbi baxımından isə tərəflər qanunvericiliyin tələbinə zidd olmayan qaydada əqd bağlamaqda sərbəstdirlər. Beləliklə hazırki işdən görünür ki, medasiya prosesində iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00772 saylı barışıq sazişi qanuvericiliyin tələbinə zidd olaraq bağlandığından etibarsızdır. MPM-nin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Yuxarıda qeyd olunanla məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış 07 oktyabr 2024-cü il tarixli, MŞM/MT036/2024-00772 nömrəli barışıq sazişi etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış 07 oktyabr 2024-cü il tarixli, MŞM/MT036/2024-00772 nömrəli barışıq sazişi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №2(038)-603/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-603/2025
18.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver