Məhkəmə qərarları › İş №2(038)-675/2024

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-675/2024

17.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-675/2024 17.12.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 sədrliyi, xx katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əqdin etibarsız hesab olunması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 mülkiyyətində olan MİTSUBİSHİ L 200 markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitənin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin əhəmiyyətsiz hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 7740 manat dəyərində 30 baş doğar qoyun, 2200 manat dəyərində 30 baş doğar keçi, cəmi 9940 manat dəyərində xırdabuynuzlu heyvan və ya qətnamə icra olunan vaxt heyvanların dəyəri, dövlət rüsumuna görə ödənilmiş 158 manatın alınaraq ona verilməsinə dair Yardımlı Rayon Məhkəməsi 2(038)-35/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə çıxarmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1225/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən onun apelyasiya şikayəti qismən təmin edilmiş, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(038)-36/2023 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, Cavabdeh1 32 baş qoyun da (ümumillikdə 15996 manat dəyərində 62 baş doğar qoyun və 2200 manat dəyərində 30 baş doğar keçi) alınaraq ona verilməsi barədə qətnamə çıxarılmışdır. İcraata başlamaq haqqında qərara əsasən Şirvan Apelyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(106)-1225/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdə icraata başlamaq haqqında qərarın sürəti Cavabdeh1 göndərilmiş, məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Cavabdeh1 Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1225/2023 saylı qətnaməsini üzürlü səbəbdən icra etmədiyinə görə, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(038)-25/2024 nömrəli qərarı ilə barəsində 500 manat miqdarında cərimə tənbəh tədbiri tətbiq edilməsinə baxmayaraq, təkrarən üzrsüz səbəbdən icra sənədini icra etmədiyinə görə Cavabdeh1 barəsində İXM-nin 528.1.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh1 Şirvan Apelyasiya Məhkəməsinin 12 sentyabr 2023-cü tarixli 2(106)-1225/2023 saylı qətnaməsini üzürlü səbəbdən icra etmədiyinə görə Yardımlı Rayon Məhksmasinin xx.xx.2024-cü il tarixli 3(038)-206/2024 nömrəli qararı ilə İXM-in 528.1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs tənbəh tədbiri tətbiq edilmişdir. Hal-hazırda Cavabdeh1 ümumilikdə 17004 manat ödənilməmiş borcu vardır, qətnamə çıxdıqdan sonra ümumilikdə ona 1350 manat pul ödəmişdir. Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 16 yanvar 2023-cü il tarixli, icra edilməyən və ya qismən icra edilən icra sənədinin geri qaytarılması barədə qərarına əsasən Yardımlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(038)- 6/2022 saylı icra sənədinin icrası ilə əlaqədar olaraq dərhal zəruri icra tədbirləri aparılmış, lakin icra tədbirləri zamanı Cavabdeh1 adına qeydiyyatdan keçən və onun istifadəsində olan MİTSUBİSHİ L200 markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi icra sənədi icraya yönəldilməmişdən bir neçə gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə alqısatqı müqaviləsi əsasında başqa şəxsə satdığı müəyyən edilmişdir və bu da cavabdehin məhkəmə qətnaməsinin icrasından yayınması üçün olunmuşdur. Faktiki olaraq avtonəqliyyat vasitəsi cavabdehin istifadəsindədir və etibarnamə əsasında idarə olunur. Mübahisəli alqı-satqı müqaviləsinin uydurma olması onun imzalanma tarixindən bəllidir. Cavabdeh1 faktiki olaraq avtonəqliyyat vasitəni idarə etməsi, cavabdeh və mülkiyyətçi olan Cavabdeh2 Cavabdeh1 verdiyi və notarial qaydada təsdiq olunan etibarnamə iş üçün əhəmiyyətlidir və tələb olunmalıdır. Odur ki, Cavabdeh1 mülkiyyətində olan MİTSUBİSHİ L200 markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitənin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin əhəmiyyətsiz hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərərək göstərdi ki, Zəfərin arvadı xəstə deyil və avtomobili arvadının xəstəliyi ilə əlaqədar satmamışdır. Zəfər avtomobili bilərəkdən Ərşadın adına ona görə keçirib ki, borca görə avtomobilin üzərinə həbs qoyulmasın, Avtomobil Ərşadın adına olsa da, hal-hazırda etibarnamə ilə Zəfərin istifadəsindədir. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyib, izahat verərək göstərdi ki, arvadı xəstə olduğu üçün istifadəsində olan avtomobili dayısı Ərşada 9000 manata satmışdır. İş yeri Masallı şəhərində olduğu üçün dayısından avtomobili alıb ora gedib gəlməkdən ötrü istifadə etmişdir. Avtomobili məhkəmədə ona qarşı iddia qaldırılan vaxt satsa da, arvadının xəstəliyi ilə əlaqədar satmışdır. Arvadının xəstəliyi ilə bağlı sənədlər qalmadığından məhkəməyə sübut təqdim edə bilmir. Ona görə də, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyib, izahat verərək göstərdi ki, Zəfər, arvadı xəstə olduğu üçün pula ehtiyacı olduğundan, istifadəsində olan avtomobili satmaq istədiyini bildirmiş, o da, razılaşıb 9000 manata Zəfərin istifadəsində olan avtomobili almışdır. O, Zəfərə avtomobili geri qaytarmalı olsa ondan əlavə 1000 manat pul alacağını bildirmiş və Zəfərə nəqliyyat vastəsini idarə etmək üçün etibarnamə vermişdir. Zəfərdən avtomobili alan vaxt həqiqətən Zəfərin arvadı xəstə olmuş və əməliyyat olunmuşdur. Ona görə də, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Yardımlı Rayon Məhkəməsi 2(038)-35/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, ilk iddia qismən təmin edilməklə, Cavabdeh1 7740 manat dəyərində 30 baş doğar qoyun, 2200 manat dəyərində 30 baş doğar keçi, cəmi 9940 manat dəyərində xırdabuynuzlu heyvan və ya qətnamə icra olunan vaxt heyvanların dəyəri, dövlət rüsumuna görə 158 manat alınaraq ilk İddiaçı verilməsi, qarşılıqlı iddia rədd edilməklə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı dəyəri 15200 manat olan 95 baş ana qoyun, dəyəri, 2000 manat olan baş keçi, dəyəri 1500 manat olan baş erkək kəhər at, 1000 manat torpaq sahəsinə görə icarə haqqı, 340 manat heyvanlar üçün dərman pulu, cəmi 20.040 manat pul və 151 manat ödənilmiş dövlət rüsumu tələbi barədə iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1225/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Yardımlı Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(038)- 36/2023 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə iddia qismən təmin edilməklə, Cavabdeh1 32 baş qoyun da (ümumilikdə 15996 manat dəyərində 62 baş doğar qoyun və 2200 manat dəyərində 30 baş doğar keçi) alınıb İddiaçı verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qətnamənın qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsı barədə qətnamə çıxarılmışdır. Yardımlı rayon İcra və Probasiya Şöbəsinin 20 dekabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Şirvan Apelyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(106)-1225/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(038)-25/2024 nömrəli qərarından görünür ki, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)- 1225/2023 saylı qətnaməsini üzürlü səbəbdən icra etmədiyinə görə Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Yardımlı Rayon Məhkəsməsinin xx.xx.2024-cü il tarixli, 3(038)-206/2024 nömrəli qararından görünür ki, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)- 1225/2023 saylı qətnaməsini üzürlü səbəbdən icra etmədiyinə görə Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. 20 dekabr 2022-ci il tarixli “Nəqliyyat vasitənin alqı-satqı” müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 özünə məxsus buraxılış ili 2014, ban nömrəsi MMBJNKB40FD008845, mühərrik nömrəsi 4D56UCEX8574 şassi olan, AC 228123 qeydiyyat şəhadətnaməli, MİTSUBİSHİ L200 markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 20 dekabr 2022-ci ildə 9000 manata alıcı Cavabdeh2 satmışdır. “Elektron notariat” X1 çıxarışdan və 20 dekabr 2022-ci il tarixli, 7E-18325 nömrəli etibarnamədən görünür ki, Cavabdeh2 mülkiyyətində olan BD 316458 qeydiyyat şəhadətnaməli, MİTSUBİSHİ L200 markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh1 etibarnamə vermişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməklə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddianın təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.1 və 5.3-cü maddələrinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 14.2.1-ci maddəsinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; Məhkəmə əqdin etibarsızlığı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Göründüyü kimi əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olubolmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhkəmə tərəfindən tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi nəzərdən keçirilərkən, həmçinin alğı-satqı müqaviləsinin tərəfləri olan iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatları qiymətləndirilərkən alğı-satqı müqaviləsinin etibarsızlığına əsas olacaq hallar müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tərəf cavabdeh İddiaçı MİTSUBİSHİ L 200 markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəni alğı-satqı müqaviləsi əsasında digər Cavabdeh2 satmaqda məqsədinin Yardımlı Rayon Məhkəməsinin 16(038)- 6/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin və gələcəkdə çıxarılacaq məhkəmə qətnaməsinin icrasından yayınmaq olduğunu iddia edir. Qeyd edilən məsələyə münasibətdə məhkəmə bildirir ki, MİTSUBİSHİ L 200 markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh1 qanuni mülkiyyətində olmuşdur. Mülkiyyətçi kimi cavabdeh öz əmlakı üzərində mülkiyyətdən istifadə, ona sahiblik və sərəncam hüquqlarının icrasında başqa şəxslərin hüquq və mənafelərinə toxunmadığı müddətdə müstəqildir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ-İV hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, Yardımlı Rayon Məhkəməsinin 16(038)-6/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi müvəqqəti təminat tədbiri üzrə çıxarılmış məhkəmə qərardadının icrası ilə bağlı olmuşdur. MPM-in həmin tarixə qüvvədə olan tələblərinə əsasən müvəqqəti təminat tədbiri barədə ərizələrə daxil olduqları gündən sonra təxirə salınmadan, baxılır. 16(038)-6/2022 sayla qeydiyyata alınmış müvəqqəti təminat tədbiri barədə ərizə isə Yardımlı Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş və baxılmışdır. Etibarsızlığı mübahisələndirilən alğı-satqı müqaviləsi isə xx.xx.2022-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi cavabdeh tərəfindən MİTSUBİSHİ L 200 markalı, **- HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitənə dair alğı-satqı müqaviləsi bağlanarkən avtomobilin üzərinə həbs qoyulmasına dair hər hansı məhkəmə qərarı olmamışdır. Həmçinin Cavabdeh1 gələcəkdə avtomobilin üzərinə həbs qoyulması ilə bağlı müvəqqəti təminat tədbiri barədə iddiaçı tərəfindən ərizə verilməsi və ya məhkəmənin icraatında olan mülki iş üzrə çıxarılacaq yekun qərarın nəticəsi barədə məlumatlı olması imkansızdır. Qeyd edilənlər Cavabdeh1 məhkəmə aktlarının icrasından yayınmaq üçün avtomobilə dair alğı-satqı müqaviləsi bağlaması iddiasını təkzib edir. Məhkəmə subyektiv hüquqla bağlı aşağıdakıları qeyd edir: "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 5 dekabr 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Həmçinin həmin Qərarda qeyd olunur ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). «Məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı» Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Hazırkı iş üzrə iddiaçı tərəfin iddia ərizəsinin təmin edilməsi, yəni cavabdehlər arasında bağlanmış etibarlı alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehlərin hüquq və manafelərinə zidd olmaqla yanaşı iddiaçı tərəfin hüquqdan sui-istifadəsi ilə nəticələnər. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Sübutetmə yükü ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normaya müvafiq olaraq iddianın uğurlu olması üçün sübutetmə yükü üzərində olan tərəf onda olan sübutları məhkəməyə təqdim etməlidir. Eyni zamanda mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olub-olmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Hazırda baxılan iş üzrə iddia tələbini təsdiq edən halları sübut etmə yükü iddiaçının üzərindədir. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Lakin hazırki mübahisə üzrə məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. MPM-nin 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 14.1 -ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən Məcəllənin 217.3-cü maddəsinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216, 220, 227, 230 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «Cavabdeh1 mülkiyyətində olan MİTSUBİSHİ L200 markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitənin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin əhəmiyyətsiz hesab edilməsi» barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar