Məhkəmə qərarları › İş №2(039)-103/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-103/2020

23.01.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-103/2020 23.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı X3 , cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə, iddiaçı X3 cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbi haqqında iddiası üzrə mülki işə Yevlax rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra “xxxxxxxx” ASC) qarşı borcun silinməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Yevlax rayonu Salahlı kəndində yerləşən evində işıqdan istifadəyə görə hesablanmış 1040,16 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə öldüyündən Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə hüquqi varis müəyyən edilənədək mülki iş üzrə icraat dayandırılmış və Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnərək X1 Süleymanovun hüquqi varisi kimi iddiaçı qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Yevlax rayonu Salahlı kəndində ailəsi ilə birlikdə yaşayır. Yaşadıqları ev işıq, su və qazla təchiz olunmuşdur. Sərf etdikləri elektrik enerjisinə görə onun dəyərini vaxtında ödəmişlər. İşıq pulunu “xxxxxxxx” MMC və “xxxxxxxx” ASC-nin nümayəndələrinə ödəyərək bu barədə qəbzlər almışlar. Lakin 2012-ci ildə onlara məlum olmuşdur ki, ödədikləri pullar “xxxxxxxx” ASC-nin balansına keçməmişdir. Həmin fakta görə Yevlax Rayon Prokurorluğunda cinayət işi başlanılmış, zərərçəkmiş şəxs qismində izahatları alınmış və odədikləri qəbzlərin əslləri cinayət işinin materiallarına əlavə edilmişdir. O zaman hesab etmişlər ki, məsələ öz həllini tapıb və əsassız yazılmış borc onların üzərindən silinib. Lakin 2018-ci ildə onlara məlum olmuşdur ki, həmin borc məbləği onların adında saxlanılır. Bundan başqa hazırkı tələb üçün qanunvericilikdə nəzərdə tutulmuş 5 illik müddət də keçdiyi üçün həmin borc silinməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmədən qeyd olunanları nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X6 izahatında iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sübutları tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan “X2 qaydalarının pozulması” haqqında xx.xx.2009-cu il tarixli, 005788 №li aktdan görünür ki, sayğacdan kənar xəttdən istifadəyə görə İddiaçı 864 manat cərimə hesablanmışdır. İş materiallarında olan “xxxxxxxx” MMC-nin 913584№li mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 005788 №li akta əsasən hesablanmış 864 manat cərimə ödənilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, xx.xx.2010-cu il tarixli, xx.xx.2010-cu il tarixli, xx.xx.2010-cu il tarixli, xx.xx.2010-cu il tarixli “xxxxxxxx” MMC tərəfindən verilmiş mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən ümumilikdə elektrik enerjisinin sərfiyyatına görə 191,16 manat ödənilsə də, icraçı tərəfindən yalnız 15 manat abonentin hesabına keçirilmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçının X2yə görə borcu yoxdur və xx.xx.2009-cu il tarixli, 005788 №li akta əsasən hesablanmış cərimə isə abonent tərəfindən elə həmin tarixdə ödənilmişdir. Bundan əlavə Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə görə kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxt aşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə qeyd edir ki, həmin 5 il iddia müddəti deyil, öhdəliklərin xitamının əsaslarından biridir. Odur ki, bu müddətin tətbiqi üçün mübahisə tərəfinin məhkəməyə ərizə verməsi tələb olunmur, müddət bitdikdə öhdəlik xitam olunur və tələb qüvvəsini itirir. İddiaçıdan tələb edilən borc məbləği vaxt aşırı ödənişlər olan kommunal xidmətlərin haqqından ibarət olduğundan bu tələblərə də Mülki Məcəllənin 551.2.1-ci maddəsinin göstərişi şamil olunur. Məcəllənin 552.1-ci maddəsinə görə isə müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X2 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Məhkəmə hesab edir ki, cavabdehin hesablanmış 1040,16 manat borcun ödənilməsi barədə tələbi həm də tələbetmə müddəti keçdiyinə görə əsassızdır. İddiaçının borcun silinməsi barədə iddiası təmin olunmalı, “xxxxxxxx” ASC tərəfindən iddiaçıya hesablanmış 1040,16 manat məbləğində borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı “xxxxxxxx” ASC tərəfindən hesablanmış 1040 (bir min qırx) manat 16 (on altı) qəpik məbləğində borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar