Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1045/2021 08.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin (İB) nümayəndəsi X1, Cavabdeh iştrakları ilə, İddiaçı “İddiaçı” İB Cavabdeh qаrşı təbii qazdan istifadəyə görə yaranmış borcunun ödənilməsi tələbinə dair ilk, Cavabdeh iddiaçı “İddiaçı” İB qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən еtdi: İddiaçı “İddiaçı” İB Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehin təbii qazdan istifadəyə görə 454.50 manat borcun abonentin **********00000 saylı koduna və 20.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq “İddiaçı” İB-nin ABB-nin Tərtər şöbəsindəki AZ64İBAZ******************** nömrəli hesabına (VÖEN **********) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh “İddiaçı” İB X3 İstismar İdarəsinin (RQİİ) Yevlax rayonu üzrə xidmət sahəsində abonent kodu **********00000 olmaqla, 25.12.2013-cü tarixli, 15529 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. (müqavilə ərizəyə əlavə edilir). “İddiaçı” İB-nin Tərtər RQİİ-nin rayon üzrə Yevlax xidmət sahəsi tərəfindən Cavabdeh mənzilində 10303249 nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə onun öz adına rəsmiləşdirilmişdir. Cavabdehin təbii qazdan istifadəyə görə borcu 2018-ci il tarixdən yaranmağa başlamışdır. Hazırda istifadə etdiyi təbii qaza görə abonenti 454.50 manat borcu yaranmışdır. Dəfələrlə həmin abonentə şifahi və yazılı xəbərdarlıqlar edilsə də borclu həmin məbləği hələdə ödəməmiş qalmaqdadır. Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək, cavabdeh “İddiaçı” İB-nin Tərtər RQİİ tərəfindən əsassız olaraq hesablanmış 129 manat borcun silinməsi və sayğacın dəyəri olan 67.20 manatın cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını хаhiş еtmişdir. Qarşılıqlı iddia ərizəsini belə əsaslandırmışdır ki, onun “İddiaçı” İB-yə ödənişləri olmuşdur, hazırda borcu 129.6 manat təşkil edir. 2016-cı ildə qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz edilmiş və ondan 67.20 manat sayağacın dəyəri tələb edilir. İddiaçı “İddiaçı” İB nümayəndəsi İlham Xəlilov ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Yevlax rayonu, Xaldan kəndində yaşayır. X4 sahəsi ilə aralarında bağlanmış təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında (əhali üçün) müqaviləyə əsasən istehlakçı kimi sərf etdiyi təbii qaza görə nəzarətçi tərəfindən verilmiş bildirişdə göstərilən məbləği vaxtlı-vaxtında poçt vasitəsi ilə cavabdeh orqanın hesabına ödəmişdir. Cavabdeh orqanın əməkdaşları onun yaşayış evi üçün quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Baxış zamanı sayğacın düzgün işləməməsini əsas gətirərək sayğacı ekspertizaya göndərmək zərurəti yarandığını dedilər. Bundan sonra sayğacın dövlət yoxlamasından keçməsi üçün növbədənkənar olaraq İTRİ-nin Qazservisinformatika departamentinə göndərilmiş və sayğaca tərəfinizdən müdaxilə olunduğu üçün təqdim edilmiş bildirişdə itirilmiş qazın dəyərinin hesablanaraq 129.60 manat ödənilməsi qeyd edilmişdir. Eyni zamanda sayğacın dəyəri olan 67.20 manatı da ondan tələb etmişlər. Sayğac həyətdən kənarda yerləşir. Sayğaca heç bir zaman müdaxilə etməmişdir. 25.12.2013-cü tarixli, 15529 saylı müqavilənin surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Xaldan kəndində yerləşən evin qaz təchizatına dair Tərtər RQİİ ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. 0100141 saylı, 08 noyabr 2016-cı il tarixli Aktın surəti ilə müəyyən olur ki, “İddiaçı” İB nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış G4 markalı qaz sayğacına baxış keçirilən zaman, sayğacın plastmas qapağının yan tərəfinin kənar təsir nəticəsində əzilməsi aşkar edilmişdir. Eyni qüsur laboratoriya yoxlaması zamanı da müəyyən edilmişdir. Təqdim edilmiş saldonun surətindən görünür ki, həmin ünvan üzrə 2016-cı ilin noyabr ayında akt əsasında 129.60 manat cərimə hesablanmış, qazdan istifadəyə görə isə 2021-ci ilin iyun ayına ümumi, akt əsasında hesablanmış cərimə ilə birlikdə borc 356.40 manat təşkil etmişdir. Məhkəmə iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, ilkin iddiа qismən, qarşılıqlı iddiа tam təmin edilməlidir. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11 bənd 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 12: Bənd 5. Qazın idxalı və ixracı müqavilələr əsasında həyata keçirilir. İdxal və ixrac da daxil olmaqla qaz nəqli xidmətləri ilə qazın nəql edilməsi üzrə üçüncü tərəflə sazişlər ancaq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə qüvvəyə minir. Bu razılıq həmin sazişlərin energetika müqavilələrinə və mövcud qanunvericiliyə uyğun olduğu hallarda vəhədlərdə verilir. Əgər müvafiq icra hakimiyyəti orqanı razılıq almaq üçün ona verilən yazılı sifarişə bir ay müddətində rədd cavabı vermirsə, həmin razılıq verilmiş sayılır. Bənd 6. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında 87 saylı qərarının 5.1-ci maddəsinə əsasən Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının Tərifəsu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli “Qazdan istifadə Qaydalarının” təsdiq edilməsi haqqında 80 saylı qərarı: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının təşəbbüsü ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış Qazın alqı-satqısı barədə 25 dekabr 2013-cü il tarixli müqavilə əsasında cavabdehə məxsus Yevlax rayonu, Xaldan kəndində yerləşən ev təbii qaz ilə təmin edilmişdir. Bu əsasla iddiaçı ilk iddia ilə cavabdehdən təbii qazın istehlakına görə 2021-ci ilin mart ayına olan 454.50 manat borcu tələb edir. Halbuki, saldo əsasında müəyyən edilir ki, borc 2021-ci ilin iyun ayına 356.40 manat təşkil edir. Bundan başqa, Tərtər RQİİ-nin əməkdaşları tərəfindən həmin ünvanında quraşdırılmış qaz sayğacına 2016-cı ilin noyabr ayında baxış keçirilərkən ******* nömrəli sayğacın plastmas qapağının yan tərəfinin kənar təsir nəticəsində əzilməsi aşkar edilmişdir. Müayinə zamanı da həmin qüsurların olması müəyyən olunmuşdur. Akt əsasında Cavabdeh 129.60 manat cərimə hesablanmışdır. İddiaçı tərəfindən tələb edilən borcun qalan 226.80 manat hissəsi isə cavabdehin istifadə etdiyi qaza görə hesablanmış debitor borcdur. Qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələblərinə görə, həyətdən kənarda yerləşən sayğaca müdaxilənin istehlakçının, hazırkı halda Cavabdeh təqsiri üzündən baş verməsi sübut olunmalıdır ki, bunun nəticəsində akt əsasında ona cərimə hesablansın. Lakin, həmin qüsurların məhz Cavabdeh müdaxiləsi nəticəsində baş verməsini təsdiq edən hər hansı sübut müəyyən olunmur. Bundan başqa qeyd olunmalıdır ki, hazırkı halda qaz paylayıcısı tərəfindən sayğacın qanunvericiliyin tələblərinə uyğun olaraq üzərində olan plombun kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi də təsdiqini tapmır ki, belə olan halda istehlakçı müdaxiləyə görə cavabdehlik daşıya bilməz. Daha sonra qeyd olunmalıdır ki, mövcud qanunverciliyin tələbləri və təlimatlara əsasən, cavabdehin əməkdaşları tərəfindən mütəmadi olaraq sayğaclara texniki baxış keçirilir, borc mövcud olduqda bu barədə istehlakçılara məlumat verilir, hər hansı müdaxilə olduqda isə müvafiq akt tərtib edilir. Həmin ünvana son baxışın hansı tarixdə keçirilməsini təsdiq edən hər hansı sübut müəyyən olunmur. Belə olan halda istehlakçıya hansı əsasla 60 gün əsas götürülməklə cərimənin hesablanması da əsaslandırılmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia qismən, debitor borcun, yəni 226,8 manat (abonentin saldosunda 2021-ci ilin iyun ayına olan 356.4 manat borcdan akt əsasında hesablanmış 129.6 manat çıxılmaqla) hissəsində əsaslıdır və bu hissədə ilk iddia təmin edilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda qarşılıqlı iddia tam əsaslıdır, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə görə sayğaca müdaxilənin istehlakçı tərəfindən baş verməsi sübut edilmədiyindən akt əsasında hesablanmış borc silinməli və sayğacın dəyərinin ödənilməsi də iddiaçıya aid edilməldir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdeh 226.80 manat qazdan istifadəyə görə borc, habelə 20.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 247 (iki yüz qırx yeddi) manat 20 (iyirmi) qəpik iddiaçı “İddiaçı” İstehsalat Birliyinin xeyrinə tutulsun. Qalan hissədə ilk iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh adına Yevlax rayonu, Xaldan kəndində **********00000 nömrəli abonent saldosuna qaz istehlakına görə cərimə olaraq hesablanmış 129 (bir yüz iyirmi doqquz) manat 60 (altmış) qəpik borc əsassız hesab edilərək silinsin və sayaçın dəyəri 67 (altmış yeddi) manat 20 (iyirmi) qəpik “İddiaçı” İstehsalat Birliyinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1045/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1045/2021
08.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver