Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1065/2022 05.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əsassız cərimənin silinməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh İB-ə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən əsassız olaraq hesablanaraq abonent koduna vurulmuş itirilmiş qazın dəyəri 1,161.60 AZN borcun silinməsinə və yeni quraşdırılmış sayğacın dəyərinin cavabdeh orqana aid edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi belə əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə ünvan 3-də yaşayır. Sayğac qoyulan gündən sərf etdiyi qazın pulunu vaxtı vaxtında ödəmişdir. Buna baxmayaraq xx.xx.2021-ci il tarixdə icarəsinin əməkdaşları tərəfindən sayğacına müdaxilə olunduğu bəhanəsi ilə, guya əlavə xətt qoşulduğu üçün əsassız olaraq 1,161.60 AZN borc hesablanmışdır. Həmin borcu əsassız hesab edir. Belə ki, qaz sayğacı həyətindən kənarda, yəni çöl ərazidə quraşdırılmışdır və onun iştirakı olmadan sayğac sökülmüşdür və sayğaca heç bir müdaxilə olmamışdır, həmin borc ehtimallara əsaslanıb yazılmışdır. Həmin borcla razı deyil, həmin borc qanunsuz hesabına vurulmuşdur. İstehlakçı kimi qanunla qorunan hüquqları cavabdeh orqan tərəfindən kobud şəkildə pozulmuşdur. Göründüyü kimi, cavabdeh orqan X3 istismar idarəsinin əməkdaşları onlara verilmiş hüquqlardan sui-istifadə edərək yuxarıda qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi qanunla qorunan hüquqlarını kobudcasına pozmuşdur ki, bu da yolverilməzdir. Göründüyü kimi, cavabdeh orqan dövlət orqanı olmaqla istehlakçı kimi qanunla qorunan hüquqlarını qorumaq əvəzinə ona qarşı haqsızlıq etməklə və qanunla qorunan hüquqlarını özü pozmaqla qanunvericiliyin tələblərini pozmuşdur. Tərəflərin izahatları: İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, həqiqətən sayğacdan kənar xətdən istifadə etmişdir. Lakin, bu hal qısa müddət olmuşdur. Bundan başqa, cərimənin hesablanması zamanı onun evində olan avadanlıqların tam qeyd edilməsi də qanuna uyğun deyil. Belə ki, həmin müddət ərzində yalnız qaz plitəsindən istifadə etmiş, digər avadanlıqlardan istifadə edilməmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi İlham Xəlilov iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvan 1 ünvanında baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin ünvanda sayğacdan kənar qaz xəttinə qoşulma mövcuddur. Bununla əlaqədar müvafiq akt tərtib edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin evdə qazla istifadə edilən 4 ədəd avadanlıq var. Bu səbəbdən itirilmiş qazın bərpası üçün qanunvericiliklə müəyyən edilmiş qaydada hesablama aparılmış və həmin məbləğ cərimə olaraq abonentin saldosuna daxil edilmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Sübutlar: Təqdim olunmuş ******* nömrəli 21 dekabr 2021-ci il tarixli aktdan müəyyən olunur ki, ünvan 3 ünvanında olan sayğacda əlavə qeyri qanuni əlavə xətt aşkar olunmuşdur. Cavabdeh İB tərəfindən verilmiş açıqlamanın itirilmiş qazın bərpası üzrə tələblər hissəsində qeyd edilir ki, İddiaçı PQ-3 qaz maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, QSSQ-150 l-lik maksimal saatlıq qaz sərfi 2.0 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilməlidir. (08x24x90)+(1.4x24x90)+(2.0x24x90)+(0.8x24x90)=10,800m3; Abonentin **********00000 nömrəli saldosundan görünür ki, İddiaçı akt əsasında 2021-ci ilin dekabr ayında 1,161.60 manat borc hesablanmışdır. Təqdim edilmiş foto şəkillərlə sayğacdan kənar xəttin qoşulması təsdiq olunur. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11 bənd 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 12: Bənd 5. Qazın idxalı və ixracı müqavilələr əsasında həyata keçirilir. İdxal və ixrac da daxil olmaqla qaz nəqli xidmətləri ilə qazın nəql edilməsi üzrə üçüncü tərəflə sazişlər ancaq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə qüvvəyə minir. Bu razılıq həmin sazişlərin energetika müqavilələrinə və mövcud qanunvericiliyə uyğun olduğu hallarda vəhədlərdə verilir. Əgər müvafiq icra hakimiyyəti orqanı razılıq almaq üçün ona verilən yazılı sifarişə bir ay müddətində rədd cavabı vermirsə, həmin razılıq verilmiş sayılır. Bənd 6. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında 87 saylı qərarının 5.1-ci maddəsinə əsasən Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli “Qazdan istifadə Qaydalarının” təsdiq edilməsi haqqında 80 saylı qərarı: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, istinad edilən normaların tələblərinə görə, zədələnmənin istehlakçının, hazırkı halda İddiaçı təqsiri üzündən baş verməsi sübut olunmalıdır ki, onun tərəfindən cərimə ödənilsin, habelə sayğacın dəyişdirilməsi məhz onun hesabına həyata keçirilsin. İddiaçının özünün etirafı ilə də təsdiq olunur ki, ünvan 1 ünvanında sayğacdan kənar qaz xəttinə qoşulma olmuşdur. Eyni zamanda həmin ünvanda olan mənzildə qaz istifadəsi üçün 4 ədəd avadanlığın mövcudluğu müəyyən edilmiş və iddiaçı bunu təsdiq etsə də, həmin avadanlıqlardan yalnız birindən istifadə etdiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin avadanlıqların yararsız olması və ya istifadə edilməməsini sübut etmək vəzifəsi hazırkı halda iddiaçının üzərinə düşür ki, buna dair iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının qanuna zidd hərəkəti nəticəsində vurulmuş ziyanın bərpası üçün cavabdehin hərəkətləri qanuna uyğun olmuşdur. Lakin, məhkəmə hesab edir ki, mövcud qanunverciliyin tələbləri və təlimatlara əsasən, cavabdehin əməkdaşları tərəfindən mütəmadi olaraq sayğaclara texniki baxış keçirilir, borc mövcud olduqda bu barədə istehlakçılara məlumat verilir, hər hansı müdaxilə olduqda isə müvafiq akt tərtib edilir. Həmin ünvana son baxışın hansı tarixdə keçirilməsini təsdiq edən hər hansı sübut müəyyən olunmur. Belə olan halda istehlakçıya hansı əsasla 90 gün əsas götürülməklə cərimənin hesablanması da əsaslandırılmamışdır. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, itirilmiş qazın bərpası üçün məbləğ yalnız ağlabatan 30 gün üçün hesablanmalı, qalan hissədə iddia təmin edilməklə hesablanmış borc silinməlidir. Bu halda dəymiş ziyan (0.8x24x30)+(1.4x24x30)+(2.0x24x30)+(0.8x24x30)=3,600 m3 həddində müəyyən edilməlidir. Tarif şurasının müəyyən etdiyi limit ötürülmədiyindən həmin məbləğ 3,600 x 0.10 manat hesablanmalı və cərimə 360 manat müəyyən edilməlidir. Qalan hesablanmış cərimə isə, 1,161.6 – 360 = 801.6 manat silinməlidir. İddiaçının qeyri-qanuni hərəkətləri müəyyən edildiyindən iddia yeni quraşdırılmış sayğacın dəyərinin cavabdeh orqana aid edilməsi hissəsində təmin edilməməlidir. Şərh olunanlara əsasən, Mülki-Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında qazdan istifadəyə görə **********00000 №-li abonent koduna cərimə olaraq hesablanmış məbləğdən 801 (səkkiz yüz bir) manat 60 (altmış) qəpik silinsin. Qalan hissədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1065/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1065/2022
05.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver