Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-115/2022 05.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı borcla əlaqədar pul tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, yaşadığı Yevlax şəhəri, H.Əliyev prospekti, 32 nömrəli binanın 7 nömrəli mənzilində elektrik enerjisinə görə quraşdırılmış elektrik sayğacına müdaxiləyə görə "xxxx" ASC tərəfindən əsassız olaraq hesablanmış 597 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailəsi ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yerləşən bina evində yaşayır. Evinə elektrik enerjisinə görə quraşdırılmış sayğac onun adına qeydə alınmışdır. "xxxx" ASC-nin əməkdaşları 23 avqust 2021-ci il tarixdə evindən kənarda (blokda) quraşdırılmış sayğacı guya müdaxilə edildiyi üçün onun iştirakı olmadan söküb aparmışlar. Bundan əvvəl baxış keçirərkən isə ona heç bir məlumat verilməmiş, guya giriş xətti zədələnmiş və o kənar xətdən istifadə edir. Həmçinin üstündən 3 ay keçdikdən sonra işıq kartına (sayğacıma) blok qoyulmuşdur. Bütün bu olanlardan isə istifadə etdiyi işıq enerjisinə görə qanuni borcunu ödəyəndə poçt əməkdaşları 597 manat borcu olduğunu bildirdikləri vaxt xəbəri olub. Bu barədə "xxxx"ASC tərəfindən ona heç bir bildiriş və akt verilməmişdir. Məhkəməyə müraciət etməmişdən əvvəl sadəcə surətini ala bilmişdir. O, sayğaca müdaxilə etməmiş, kənar xətdən istifadə etməmiş və necə quraşdırılıbsa, o qaydada qalmışdır və ötən müddət ərzində istifadə etdiyi elektrik enerjisinə görə təqdim edilmiş bildiriş-xəbərnaməyə əsasən göstərilən məbləği vaxtında ödəmişdir. Ona görə də evində elektrik şəbəkəsinə görə quraşdırılmış sayğaca müdaxiləyə görə ona yazılmış borcu əsassız və qanunsuz hesab edir və hesab edir ki, həmin borc qanunsuz və əsassız olduğundan ləğv edilməlidir və işığı bərpa edilməlidir. İddiaçı iddianı ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, mənzildən kənarda yerləşən sayğaca qədər gələn elektrik naqilinə onun tərəfindən hər hansı qanunsuz qoşulma olmamışdır. 23 avqust tarixdən öncə bir dəfə də "xxxx" ASC-nin əməkdaşları həmin ünvana gələrək onu elektrik xəttinə qanunsuz qoşulmada günahlandırmış və barəsində cərimə tətbiq edilmişdir. Halbuki, o zaman qoşulma onun tərəfindən deyil, binanın həyətində yerləşən ticarət obyektindən olmuşdur. Həmin ticarət obyektində işləyən şəxs ondan xahiş etmişdir ki, cəriməni mübahisələndirməsin və öz həmin cəriməni hissə-hissə ödəmişdir. Yaşadığı mənzilə sayğacdan kənar hər hansı qoşulma yoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Mahir Məmmədov iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının yaşadığı Yevlax şəhəri, H.Əliyev prospekti, 32 nömrəli binanın 7 nömrəli mənzilinə elektrik enerjisinə görə quraşdırılmış sayğaca 10 sentyabr 2020-ci il tarixdə baxış keçirilərkən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən sayğacadək elektrik xəttə qanunsuz qoşulma olmuşdur. Bu barədə akt tərtib edilmiş və cərimə hesablanmışdır. Həmin cərimə ilə iddiaçı razılaşmış və cəriməni tam olaraq ödəmişdir. Bundan sonra 23 avqust 2021-ci il tarixdə "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi Aran RETSİ”-nin Yevlax EŞnin əməkdaşları Cavid Məmmədov, Rəsul Abuşov tərəfindən həmin ünvana video çəkiliş aparılmaqla baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin mənzilə dair blokda yerləşdirilmiş sayğacın giriş xətti zədəlidir və kənar xətdən qoşulma vardır. Kənar xətdən axan elektrik cərəyanının yükü xüsusi ölçmə vasitəsi olan “Ampermaşa” ilə ölçüldükdə xətdən 60 amper, yəni 1,1 kvt gücündə yük keçdiyi müəyyən edilmişdir. Bu barədə akt tərtib edilmiş və itirilmiş elektrik enerjisinin bərpasını təmin etmək məqsədi ilə sutkanın 24 saatı nəzərə alınmaqla 365 gün müddətinə hesablama aparılaraq 595.95 manat (6,745 Kvt saatın əvəzi) cərimə hesablanmışdır. İddianın təmin edilməməsini xahiş etmişdir. X3 bildirmişdir ki, "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi Aran RETSİ”-nin Yevlax EŞ-nin əməkdaşıdır. 23 avqust 2021-ci il tarixdə digər əməkdaşlarla bilrikdə abonent İddiaçı yaşadığı Yevlax şəhəri, H.Əliyev prospekti, 32 nömrəli binanın 7 nömrəli mənzilinin elektrik enerjisinə ilə təmin edilməsi üçün quraşdırılmış sayğaca baxış keçirilmişdir. Bu zaman tərəflərindən video çəkiliş də aparılmışdır. Müəyyən edilmişdir ki, abonent, sayağacadək kənar xəttə qoşulmuş və istifadə etməkdədir. Bu barədə akt tərtib edilmiş və cərimə hesablanmışdır. Təqdim olunmuş, özündə baxışı əks etdirən video çəkilişə baxış keçirilmiş, cavabdehin nümayəndəsinin və şahidin bildirdikləri öz təsdiqini tapmışdır. 23 avqust 2021-ci il tarixli R218817 nömrəli aktdan müəyyən olunur ki, istehlakçı İddiaçı yaşadığı H.Əliyev prospekti bina 32, mənzil 7-də yerləşən DDSYF23D markalı, ********** nömrəli sayğaca baxış keçirilmiş, sayğacın giriş xəttinin zədəli olması və abonent kənar xətdən istifadə edilməsi müəyyən edilmişdir. İcra vərəqindən müəyyən olunur ki, abonentə hesablanmış cərimə bu qaydada hesablanmışıdır – P = 1.1 kVt; W = 1.1KvTs x 24s x 365g x 0.7 = 6745 kVts; 3650 kVts x 0.07 = 255.5 manat; 3095 kVts x 0.11 = 340.45; cəmi 595.95. Xidməti məlumatdan müəyyən olunur ki, İddiaçı 10.09.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası üçün 394.89 manat cərimə yazılmış, cərimə abonent tərəfindən ödənilmişdir. Tərtib edilmiş akta əsasən 2020-ci ilin oktyabr ayında qüsur aradan qaldırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”: Bənd 1.2 bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Bənd 8.4 “Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır”. Bənd 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Bənd 9.4. İstehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Bənd 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Bənd 9.12. X1 Agentliyi üç gün əvvəl rəsmi xəbərdar etməklə, aşağıdakı hallarda istehlakçıya elektrik enerjisi verilişinin tam, yaxud qismən dayandırılmasını enerjitəchizatı müəssisəsindən və (və ya) əsas istehlakçıdan tələb etmək hüququna malikdir: 9.12.1. istehlakçının elektrik qurğularının qeyri-kafi vəziyyəti qəza, yanğınların baş verməsinə, elektrotexniki heyətin, əhalinin həyatı üçün təhlükə yaratdıqda; 9.12.2. müəyyən edilmiş elektrik enerjisi sərfi rejimlərini pozduqda; 9.12.3. elektrik enerjisindən israfçılıqla və səmərəsiz istifadə etdikdə; 9.12.4. enerjitəchizatı müəssisəsinin və ya digər istehlakçının elektrik şəbəkəsinə özbaşına elektrikqəbulediciləri qoşduqda, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyənləşdirilmiş göstəricilərdən artıq şəbəkəyə güc qoşduqda; 9.12.5. elektrikqəbulediciləri sayğacdan kənar elektrik şəbəkəsinə qoşduqda və ya elektrik enerjisi uçotunun sxemini pozduqda; Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı Yevlax şəhəri, H.Əliyev prospekti, 32 nömrəli binanın 7 nömrəli mənzili elektrik enerjisi ilə "xxxx" ASC tərəfindən təmin olunmuşdur. Həmin elektrik enerjisinin hesablanması üçün sayğac quraşdırılmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən həmin ünvana 23 avqust 2021-ci il tarixdə baxış keçirilən zaman sayğacın giriş xəttinin zədəli olması və abonentin kənar xətdən istifadə etməsi müəyyən edilmişdir. Həmin akt əsasında iddiaçıya sayğacdan kənar istehlak edilmiş elektrik enerjisinin bərpası məqsədi ilə müvafiq hesablama aparılmaqla 595.95 manat cərimə hesablanmışdır. İddiaçı, sayğacı zədələmədiyini və kənar xəttə qoşulmadığını bildirsə də, buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, cavabdehin təqdim etdiyi sübutlarla, o cümlədən video çəkilişlə sayğacın zədələnməsi və iddiaçının kənar xəttə qoşulması təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə iddiaçının dəlilləri əsassızdır. Lakin, eyni zamanda müəyyən olunur ki, həmin ünvan üzrə əvvəl də baxış keçirilmiş və həmin zaman müəyyən edilən qüsur 2020-ci ilin oktyabr ayında aradan qaldırılsa da, 23 avqust 2021-ci il tarixli aktla cərimə müvafiq qaydalara əsasən son 365 gün üçün aparılmışdır. Məhkəmə hesab edir ki, hesablama son 365 gün üçün deyil, son qüsur aradan qaldırılan gündən yeni qüsur aşkar olunan günədək hesablanmalıdır. Bu isə 01 noyabr 2020-ci il tarixdən 23 avqust 2021-ci il tarixədək 8 ay 23 gün = 263 gün təşkil edir. Bu səbəbdən cərimə P = 1.1 kVt; W = 1.1KvTs x 24s x 263g x 0.7 = 4860 kVts; 3650 kVts x 0.07 = 255.5 manat; 1210 kVts x 0.11 = 133.1; cəmi 388.6 manat müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 207.35 manat (595.95-388.6=207.35) cərimə silinməli, qalan hissədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360 maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı 23 avqust 2021-ci il tarixli aktla hesablanmış cərimə 207 (iki yüz yeddi) manat 25 (iyirmi beş) qəpik azaldılaraq 388 (üç yüz səksən səkkiz) manat 60 (altmış) qəpik müəyyən edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-115/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-115/2022
05.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver