Məhkəmə qərarları › İş №2(039)-117/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-117/2020

13.02.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-117/2020 13.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi və onun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan elan edilməsinə” dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yevlax şəhəri İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını qeyd etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X5 ağır ruhi-əsəb, şizofreniya xəstəliyi iləəlaqədar öz hərəkətlərinin mənasını anlaya bilməməsini və özünü idarə edə bilməməsini nəzərə alaraq, onun fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, ailəsi qardaşını tərk etdiyindən 20 ilə yaxındır qardaşı onun himayəsindədir, qardaşının xəstəliyi ağır olduğundan bu proseslərdə onu idarə etmək mümkün olmur, onu o, idarə edir. Qardaşını xəstəxanaya aparır, mütəmadi həkim müayinəsindən keçirir. Qardaşı ikinci qrup əlil olmaqla şizofreniya xəstəliyindən əzab çəkir. Müntəzəm olaraq onunla bağlı sənədləşmə işlərinin aparılmasında, pensiyanın alınmasında, pensiya kartlarının dəyişdirilməsində problemlərlə üzləşir. Qardaşının üzərində rəsmi şəkildə qəyyum təyin olunmasına ehtiyac var və bu səbəbdən məhkəməyə müarciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş maraqlı şəxs Yevlax Rayon İcra Hakimiyyəti məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, xx.xx.1964-cü il təvəllüdlü X1 görə məhkəməyə gətirilməsinin mümkün olmadığını bildirdi və məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəkili Fərhad Məmmədov ərizəyə uyğun izahat verərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. İş materiallarını araşdıraraq, ərizəçinin və onun vəkilinin izahatını dinləyərək məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, xx.xx.1958-ci ildə Yevlax rayonu, Səmədabad kəndində doğulmuş Ərizəçi və xx.xx.1964-cü ildə Yevlax rayonu, Səmədabad kəndində doğulmuş X3 rayonu, Səmədabad kəndində qeydiyyatdadırlar. İş materiallarında olan Mingəçevir şəhər X2 rayon Nevroloji Kabineti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1224 saylı arayışdan müəyyən olunur ki, X6 “şizofreniya paranoid forma” diaqnozu ilə Yevlax rayon Nevroloji Kabinetində qeydiyyatdadır. İş materiallarında olan DSMF-nin Yevlax şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, X6 müddəti ömürlük olmaqla İİ qrup əlildir və 160 manat pensiya alır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 31 №li ambulator məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, X6 hal-hazırda xroniki psixi xəstəlik olan şizofreniya paranoid forma, fasiləsiz gedişli XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F20.0 xəstəliyi keçirdiyindən ekspertiza zamanı öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabliyyətində deyildir. Bu səbəbdən X6 hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1964cü il təvəllüdlü X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar