Məhkəmə qərarları › İş №2(039)-121/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-121/2022

13.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-121/2022 13.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (İB) qarşı əsassız hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən ona hesablanmış 4320 m3 nominal qaz sərfi dəyərində hesablanmış 432 manat cərimənin silinməsi və qaz sayğacıın yenisi ilə əvəz olunması xərclərinin cavabdehin hesabına həyata keçirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, 23.08.2021 -ci il tarixdə Cavabdeh İB-nin nümayəndələri yaşadığı ünvana gələrək, "istehlakçının qaz sayğacının ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək” məqsədilə istifadəsində olan ******* nömrəli qaz sayğacını yenisi ilə əvəzləyərək, bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 23.08.2021-ci il tarixli, ******* nömrəli AKT tərtib etmişlər. Həmin vaxtdan 2 aydan artıq müddət keçdikdən sonra, Cavabdeh İB-nin X1 İstismarı İdarəsinin Yevlax XS tərəfindən barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27.10.2021-Cİ il tarixli, ******* nömrəli AKT tərtib edilmişdir. Aktda yaşadığı mənzildən 23.08.2021 -ci il tarixdə götürülmüş ******* nömrəli qaz sayğacına, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Cavabdeh “Qaz sayğacının yoxlanılması barədə” 22.10.2021 -ci il tarixli MSK-29/1710-04142-1 nömrəli AKTına əsasən yoxlamanın nəticəsində “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqçıqlarında əzik-cızıq izləri var” müəyyən edildiyi qeyd olunmuşdur. Aktın tələb hissəsində “dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi göstərilmişdir.” Tərtib edlmiş AKTların davamı olaraq, Cavabdeh İB-nin Tərtər RQİİ-nin Yevlax XS tərəfindən 29.10.2021 -ci il tarxdə, “Dəymiş ziyanın bərpasına dair Tələbnamə” tərtib edilmişdir. Tələbnamədə itirilmiş qazın bərpası məqsədilə 4320 manat nominal qaz sərfi hesablanmış və hesablanmış məbləğin tərəfindən ödənilməsi göstərilmişdir. İddia ərizəsində Cavabdeh İB-nin Tərtər RQİİ və Yevlax XS tərəfindən barəsində tərtib olunan aktlar və tələbnaməni tam hüquqi əsassız hesab edir. Belə ki, 23.08.2021-ci il tarixdə istifadəsinə olan ******* nömrəli qaz sayğacını yenisi ilə əvəzləyərkən, sayğacın üzərində olan plomb qaz idarəsinin 3 nəfər mütəxəssisi tərəfindən qırılmış və sayğaca heç bir müdaxilə olunmadığı müşahidə olunmuşdur. Əks zalda mütəxəssislər bunu mütləq aşkar etməli və yerində tərtib edilmiş aktda bu barədə qeydlər aparmalı idi. Həmçinin sayğacın söküldüyü prosesi və sayğacın son göstəricisini özündə əks etdirən foto və video görüntü çəkilməli idi. Sayğac sökülüb aparıldığından 2 ay sonra sayğaca müdaxilə olunduğu qeyd olunan və onun iştirakı etmədiyi və heç bir hüquqi əsası olmayan aktlar tərtib olunmuşdur. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh İB nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim olunmuş ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçı İddiaçı yaşadığı Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən G-4 markalı, ******* nömrəli sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd edilir ki, qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 4x12x90=4320 m3 Laborator müayinələrin nəticəsində qeyd edilmişdir ki, G-4 markalı, ******* nömrəli sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması müəyyən edilib. Abonentin **********00000 nömrəli saldosundan görünür ki, İddiaçı akt əsasında 2021-ci ilin oktyabr ayında 432 manat cərimə hesablanmışdır. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11 bənd 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 87 saylı qərarının 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli “Qazdan istifadə Qaydalarının” təsdiq edilməsi haqqında 80 saylı qərarı: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.2 iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: İddia verilən zaman qüvvədə olan Maddə 8.1.1 məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1,000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Maddə 9.1.5 istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Tərtər RQİİ-nin əməkdaşları tərəfindən Yevlax rayonu Yuxarı Qarxun kəndində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən ******* nömrəli sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar olunmuş, bu barədə akt tərtib olunmuş və sayğac müayinəyə göndərilmişdir. Akt əsasında İddiaçı 432 manat cərimə hesablanmışdır. Qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələblərinə görə, küçədə yerləşən sayğaca müdaxilənin istehlakçının, hazırkı halda İddiaçı təqsiri üzündən baş verməsi sübut olunmalıdır ki, bunun nəticəsində akt əsasında ona cərimə hesablansın. Lakin, həmin qüsurların məhz İddiaçı müdaxiləsi nəticəsində baş verməsini təsdiq edən hər hansı sübut müəyyən olunmur. Bundan başqa qeyd olunmalıdır ki, hazırkı halda qaz paylayıcı tərəfindən sayğacın qanunvericiliyin tələblərinə uyğun olaraq üzərində olan plombun kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi də təsdiqini tapmır ki, belə olan halda istehlakçı müdaxiləyə görə cavabdehlik daşıya bilməz. Daha sonra qeyd olunmalıdır ki, mövcud qanunverciliyin tələbləri və təlimatlara əsasən, cavabdehin əməkdaşları tərəfindən mütəmadi olaraq sayğaclara texniki baxış keçirilir, borc mövcud olduqda bu barədə istehlakçılara məlumat verilir, hər hansı müdaxilə olduqda isə müvafiq akt tərtib edilir. Həmin ünvana son baxışın hansı tarixdə keçirilməsini təsdiq edən hər hansı sübut müəyyən olunmur. Belə olan halda istehlakçıya hansı əsasla 90 gün əsas götürülməklə cərimənin hesablanması da əsaslandırılmamışdır. Sayğaca müdaxilənin istehlakçı tərəfindən baş verməsi sübut edilmədiyindən sayğacın dəyərinin ödənilməsi də cavabdehə aid edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddia təmin edildiyindən ödənilməli olan dövlət rüsumu 30 manat cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı adına **********00000 nömrəli abonent saldosuna qaz istehlakına görə cərimə olaraq hesablanmış 432 (dörd yüz otuz iki) manat borc silinsin və qaz sayğacıın yenisi ilə əvəz olunması xərcləri Cavabdehnə aid edilsin. Dövlət rüsumu 30 (otuz) manat Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar