Məhkəmə qərarları › İş №2(039)-1285/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1285/2022

14.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1285/2022 14.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məməmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi mirasın qəbulu faktının təsdiq edilməsinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi, maraqlı şəxs olaraq Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisini qeyd etməklə, ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, anası X2 Yevlax rayonu Hacımahmudlu kəndində miras qalmış 0,76 hektar torpaq sahəsini faktiki qəbul etmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizə belə əsaslandırılmışdır ki, X8 onun anası olmuş, bir evdə yaşamışlar və anası 07 avqust 2011-ci il tarixdə vəfat etmişdir. Mərhum X14nın vəfatından sonra ondan Yevlax rayonu, Hacımahmudlu kəndində miras qalmış 0,76 hektar pay torpaq sahəsini faktiki qəbul edərək sahiblik edir və hazırda həmin torpaq sahəsi onun istifadəsindədir. Mərhum X14dan miras qalmış əmlaka qanun vərəsəlik hüququ haqqında şəhadətnamə alınması tələbi ilə əlaqədar xahişi Bərdə Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təmin edilməmiş və bu barədə məhkəməyə müraciət etməyini bildirmişlər. Ona görə də, Yevlax rayonu, Hacımahmudlu kəndində mərhum X14dan miras qalmış 0,76 hektar pay torpaq sahəsinin qəbulu faktının təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, hüquqi savadı olmadığından anası öləndən sonra torpağın rəsmiləşdirilməsi üçün müvafiq orqanlara müraciət etməmişdir. Lakin, anasına məxsus həmin torpaq sahəsini faktiki qəbul etmiş və bu gün də həmin torpaq sahəsi onun istifadəsindədir. Bununla bağlı digər vərəsələrlə hər hansı mübahisəsi yoxdur. Ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisi nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Sübutlar: X4 bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. X14 Yevlax rayonu Hacımahmudlu kəndində yerləşən evdə qardaşı Şəriflə birlikdə yaşamışdır və 10 avqust 2011-ci il tarixdə ölmüşdür. Anası öləndən sonra ona məxsus, Yevlax rayonu Hacımahmudlu kəndində yerləşən, kəndə təsərrüfatı təyinatlı torpaq sahəsini qardaşı Ərizəçi qəbul etmiş və hazırda da onun istifadəsindədir. Ona qarşı digər vərəsələrin hər hansı bir tələbi yoxdur. X5 bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. Ərizəçi X14nın 2011-ci ildə vəfatından sonra sonuncuya məxsus olan, Yevlax rayonu, Hacımahmudlu kəndində yerləşən torpaq sahəsindən istifadə etmişdir. X7 bildirmişdir ki, X14ya məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qardaşı Ərizəçi anasının 2011-ci ildə vəfatından sonra faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-0045 KOD 90107058 saylı şəhadətnamənin surətindən görünür ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli 32 nömrəli qərarı ilə 0,76 hektar kənd təsərrüfatı məhsulları istehsalı ilə bağı Yevlax rayonu Hacımahmudlu kənd sakini X3 mülkiyyətinə verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Yevlax rayonu Qaramanlı kəndində doğulub, anası X6r. AZ-İ 471779 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2011-ci il tarixdə ölmüşdür. Bərdə regional “ASAN xidmət” notariat ofisinin Ərizəçi ünvanlanmış 20 aprel 2022-ci il tarixli 821/2022-ci il tarixli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Siz mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürmüsüz. Mirasın qəbul edilməsi müddətinin uzadılması eyni zamanda miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı:

10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1.Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlarla təsdiq olunur ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli 32 nömrəli qərarı ilə 0,76 hektar kənd təsərrüfatı məhsulları istehsalı ilə bağı Yevlax rayonu Hacımahmudlu kənd sakini Səringül Vəliyevanın mülkiyyətinə verilmişdir. Səringül Vəliyeva xx.xx.2011-ci il tarixdə ölmüşdür. Şahid olaraq ifadə verən Səringül Vəliyevanın digər övladları miras əmlak olan həmin torpaq sahəsinin ərizəçi tərəfindən faktiki qəbul etdiyini təsdiq etmiş, aralarında bununla bağlı mübahisənin olmadığını bildirmişlər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, şahidlərin ifadəsini və digər sübutları təkzib edən, onların mötəbərliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Ərizədə qeyd edilən faktın təsdiq edilməsi ərizəçiyə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün gərəkdir, miras əmlakın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət də keçdiyindən və bu müddətin uzadılması imkanı da itirildiyindən ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X1 miras qalmış Yevlax rayonu Hacımahmudlu kəndində yerləşən 0,76 hektar torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı təsdiq edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar