Məhkəmə qərarları › İş №2(039)-1489/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1489/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1489/2021 03.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı “əqdin bağlanmış hesab olunması” tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax şəhəri Pişəvəri küçəsi 3A/5 saylı mənzilin alqısatqısı barədə əqdin bağlanmış hesab olunmasına dair qətnamə qəbul edilməsinin xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax şəhəri Pişəvəri küçəsində istifadədə olan 0,094 ha torpaq sahəsində yerləşən 3 A nömrəli 1 mərtəbəli binanın 5-ci girişində, 1-ci mərtəbəsində 138,79 kv ümümi, 95,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənzil faktiki olaraq on ildən artıqdır ki, ona məxsusdur. O, həmin mənzildə pasport qeydiyyatında olmaqla on ildən artıqdır ki, həmin mənzildə yaşayır. Lakin bu ev tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olmaqla çıxarış onun adınadır. O, Cavabdeh1 çoxdan taniyır. Onunla bir iş yoldaşı kimi münasibəti həmişə normal olmuşdur. Qeydiyyatda olduğu və hazırda da yaşadığı evi o, Cavabdeh1 almışdır. 09 dekabr 2010-cu il tarixdə həmin evə köçmüş, evə əşyalarını yerləşdirib yaşamaqla 10 dekabr 2010-cu ildə cavabdehlərə 14.000 manat pul vermişdir. Cavabdehlər keçmiş ərarvaddır, bildiyinə görə onlar 2013-cü ildə ayrılmışlar. O, Kəmaləyə evin pulunu həyat yoldaşı Yusifin yanında vermiş, hesab edir ki, onlar ər-arvad birgə razılığa gələrək evi ona satmışlar, aralarındakı razılaşmaya görə o, həmin evə pasport qeydiyyatına alınsa da, cavabdehlər evin adına keçirilməsi üçün notariat kontoruna gedib alqı-satqını rəsmiləşdirməmişdirlər. Qeyd olunan mənzil bankda girovda olduğu üçün o, 2018-ci ildə 6000 manat pul ödəyərək evi girovdan çıxarmışdır. Evdə əsaslı təmir-tikinti işləri aparmışdır. Evin bütün kommunal xərclərini o ödəyir və hesab edir ki, əqd bağlanmış hesab edilməlidir. Dəfələrlə cavabdehlərə rəsmi qaydada evin alqı-satqısını etməyi tələb etsə də, onlar bundan yayınmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh Yusif Ağayev ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzildə istifadə hüququnun olmasını əsas gətirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 30.10.2008-ci il tarixli çıxarışından görünür ki, Yevlax şəhəri Pişəvəri küçəsində istifadə olan 0,094 ha torpaq sahəsində yerləşən 3A nömrəli, 1 mərtəbəli binanın 5-ci girişində, 1-ci mərtəbəsində, 138,79 kv.m ümumi, 95,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 5 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı mübahisəli yaşayış evinin alqı-satqısı barədə cavabdehlərlə şifahi şəkildə razılaşma əldə etdiyini(müqavilə bağladığını), cavabdehlərin isə həmin razılaşmanı rəsmiləşdirməkdən imtina etdiyini əsas gətirərək, əqdin məhkəmə tərəfindən bağlanmış hesab edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, istər tərəflər arasında hüquq münasibətləri yaranan zaman, yəni 2010-cu ildə, istərsə də hazırda Mülki Məcəllədə əqdin etibarlı sayılmasının məhkəmə tərəfindən müəyyən edilməsi təsbit edilməmişdir. Belə ki, Mülki Məcəllənin “əqdin notarial formasına riayət edilməməsinin nəticələri” adlanan 335-ci maddəsi 24 iyun 2005-ci il tarixli Qanunla Mülki Məcəllədən çıxarılmışdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı “əqdin bağlanmış hesab olunması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar