Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1520/2022 29.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriqqə Qoca qızının katibliyi, İddiaçılar Əhmədova (Musayeva) Mətanət İzzət qızının, İddiaçı2, Abdullayeva (Həsənova) Aybəniz Qədir qızının və İddiaçı4 nümayəndəsi, onların və digər İddiaçı3 vəkili X2, Cavabdeh X3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh2, Yevlax şəhər Dövlət Notariat Kontoruna və DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh2, Yevlax şəhər Dövlət Notariat Kontoruna və DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə X7 arasında bağlanmış 04 oktyabr 2017-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İşin halları: İddia tələbini belə əsaslandırmışlar ki, Cavabdeh2, Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən evlərini onların xəbəri və razılığı olmadan satmışdır. Bütün bunlar cavabdeh tərəfindən gizli və məxfi olaraq aparılmışdır. Bu notariat əməliyyatı Yevlax şəhərində Notariat Kontorunda aparılmışdır. Belə olan halda maraqları və mənafeləri tapdanmışdır və bu, ciddi qanun pozuntusudur. Hesab edirlər ki, iddiaçıların razılığı olmadan ciddi qanun pozuntularına yol verilməklə bağlanmış 04 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlandığı andan etibarsızdır. İddiaçı tərəfin razılığı ilə X7 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Tərəflərin izahatları: İddiaçılar Mətanət Əhmədova (Musayeva), İddiaçı2, Aybəniz Abdullayeva (Həsənova), İddiaçı4 nümayəndəsi, onların və digər İddiaçı3 vəkili Zaur Bərxudarov iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, təmsil etdiyi şəxslərdən Mətanət, Nigar, Fidan və Tamara cavabdehin övladları olmaqla, habelə Aybəniz Abdullayeva, mübahisələndirilən alqı-satqı müqaviləsinin predmeti olan evdə qeydiyyatda olmaqla həmin evdən istifadə hüququna malik olmuşlar. Buna baxmayaraq Cavabdeh2 onlara bu barədə məlumat vermədən Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən fərdi yaşayış evini və evin yerləşdiyi torpaq sahəsini Tural Səmədova satmışdır. Alqı-satqı müqaviləsi notariat kontorunda rəsmiləşdirilərkən iddiaçıların orada iştirakı təmin edilməmiş, onların bu barədə razılığı alınmamışdır. Məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Tural Səmədov iddianı qəbul etməyərək bildirmişdir ki, 2017-ci ildə Cavabdeh2 Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən, ümumi sahəsi 258 m2 olan yaşayış evini və evin yerləşdiyi 0.33 torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Onunla evin qiymətini 8,000 manata, torpaq sahəsinin isə qiymətini 3,000 manat razılaşmışlar. Bununla əlaqədar Yevlax rayonu 2 saylı notariat kontoruna müraciət etmişlər. Alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmiş, bu zaman Cavabdeh2 arvadı da öz razılığını yazılı olaraq notariat kontoruna təqdim etmişdir. Həmin məbləğdə pulu Cavabdeh2 tam olaraq ödəmişdir. Daha sonra isə həmin evi və torpaq sahəsini başqa şəxsə satmışdır. İddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi iddiaya etiraz təqdim etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddia tələbi mötəbər sübutlara əsaslanmır. Alqı-satqı müqaviləsinin Mülki Məcəllə ilə müəyyən edilmiş şərtləri pozmaqla bağlanması təsdiqini tapmır və alqı-satqı müqaviləsi etibarsız sayıla bilməz. Mübahisəsi gedən fərdi yaşayış evinin həqiqətən Cavabdeh2 məxsus olması, həmin fərdi yaşayış evinin notarial qaydada alqı-satqı edilməsi mülkiyyətçi üçün hər hansı məhdudiyyətin yaratmasını nəzərdə tutmamışdır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasına əsasən mülkiyyətçi öz mülkiyyət hüquqlarını sərbəst qaydada qanunvericiliyin aliliyi ilə müəyyənləşdirilmiş normalara uyğun həyata keçirir. Eyni tələb üzrə artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi mövcuddur. Bununla Yevlax Rayon Məhkəməsinin, Şəki Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarları çıxarılmış və birmənalı olaraq mübahisə predmeti olan fərdi yaşayış evinin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli 4Ə-286 reyestr nömrəli alqı-satqı müqaviləsinin qanuniliyi isbat olunaraq öz hüquqi qüvvəsində saxlanılmıdır. İddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Hazırlıq iclası zamanı Cavabdeh2 iddianı qəbul etdiyini bildirsə də, məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Yevlax şəhər Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, bunu səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5 maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: Daşınmaz Əmlakın Dövlət Reyestri Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Seriya MH ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Yevlax rayonu, Yuxarı Qarxun kəndində istifadəsində olan 0.0227 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 128.02 m2 yaşayış, 129.96 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlak dövlət reyestrində 3 nömrəli reyestr kitabının 187 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın AN-İ xx.xx.2017-ci il tarixli ******* nömrəli Alqı-Satqı Müqaviləsindən görünür ki, satılan daşınmaz əmlak hüquq müəyyənedici sənədə əsasən satıcıya məxsus olduğundan satıcı Cavabdeh2 Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən ümumi sahəsi 258 m2 olan fərdi yaşayış evini 8,000 manata və həmin kənddə yerləşən 0.33 ha torpaq sahəsini 3,000 manata alıcı X1. Notariat Kontoru tərəfindən təqdim edilmiş notariat işindən müəyyən olunur ki, Cavabdeh2 və Tural Səmədov notariat ofisinə müraciət edərək alqı-satqı müqaviləsinin təsdiq edilməsini xahiş etmişlər. Müqavilə üzrə ödənilməli olan 11,000 manat məbləğ depozit vasitəsi ilə Cavabdeh2 ödənilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti başçısının kənd ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş arayışda həmin fərdi yaşayış evində Cavabdeh2 başqa heç kimin qeydiyyatda olmadığı qeyd edilmişdir. Cavabdeh2 arvadı X4 notariat kontoruna ərizə təqdim edərək 0.33 ha torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin satılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05 mart 2022-ci il tarixli qərarından müəyyən olunur ki, iddiaçı Mehdi Səmədovun cavabdehlər Cavabdeh2, Tural Səmədova, DƏDRX 17 saylı Ərazi İdarəsinə və Yevlax Dövlət Notariat Kontoruna qarşı Cavabdeh2 və Tural Səmədov arasında bağlanmış AN-1 ******* saylı, 04 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi Yevlax Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmıdır. Apellyasiya instansiyasının həmin qətnaməsi isə bu qərarla dəyişdirilmədən saxlanılmışdır. Bu qərarla müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun başğlanmışdır. Tural Səmədov daşınmaz əmlakın dövlət reyestrində olan qeydə əsaslanaraq əmlakı əldə etdiyi üçün o, vicdanlı alıcı olmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsi Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında qeyd edilir ki, “Notariat haqqında” Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulur ki, özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli, əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı, əmlakın özgəninkiləşdirən şəxsə məxsus olmasını yoxlamalı, özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır. (17, 38, 46 və 49-cu bəndlər). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, mövcud sübutlarla təsdiq olunur ki, Cavabdeh2 özünə məxsus, Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən ümumi sahəsi 258 m2 olan fərdi yaşayış evini 8,000 manata və həmin kənddə yerləşən 0.33 ha torpaq sahəsini 3,000 manata AN-İ xx.xx.2017-ci il tarixli ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Tural Səmədova satmışdır. İddiaçılar, həmin fərdi yaşayış evində istifadə hüquqlarının olduğunu, fərdi yaşayış evi satılarkən onların müvafiq razılığının alınmadığını, bununla da hüquqlarının pozulduğunu bildirməklə qeyd edilən alqı-satqı müqaviləsini etibarsız hesab edirlər. Məhkəmə qeyd edir ki, iddiaçılar həmin evdə istifadə hüquqlarının olduğunu qeyd etsələr də, buna dair hər hansı sübut təqdim etməmişlər. Belə ki, onların həmin ünvanda qeydiyyatda olmaları belə istifadə hüquqlarının mövcudluğuna dəlalət etmir. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında olan hüquqi mövqeyə görə isə iddiaçıların istifadə hüququnun mövcudluğu belə alqı-satqı müqaviləsinin etibarsızlığına əsas ola bilməz, belə ki, iddiaçılar həmin fərdi yaşayış evinin və torpaq sahəsinin ümumi mülkiyyətçisi deyil, habelə onların həmin evdə və torpaq sahəsində mülkiyyət və onunla bağlı digər hüquqları müəyyən edilmir. Bundan başqa qeyd edilməlidir ki, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə fərdi yaşayış evini və torpaq sahəsini alan Tural Səmədov mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə vicdanlı əldə edən kimi tanınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçılar Əhmədova (Musayeva) Mətanət İzzət qızının, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Abdullayeva (Həsənova) Aybəniz Qədir qızının cavabdehlər Cavabdeh2, X5, Yevlax şəhər Dövlət Notariat Kontoruna və DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı Cavabdeh2 ilə X7 arasında bağlanmış 04 oktyabr 2017-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1520/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1520/2022
29.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver