Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1573/2021 03.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (İB) qarşı əsassız hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək əsassız olaraq üzərinə yazılmış 216 manat məbləğində cərimənin silinməsi və 67 manat 20 qəpik məbləğində sayğacın dəyərinin cavabdehə aid edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evi təbii qazla təchiz olunmuşdur. Cavabdeh “Azəriqaz” İB X1 İstismar İdarəsinin (RQİİ) Yevlax Xidmət Sahəsinin əməkdaşları tərəfindən 26 fevral 2021-ci il tarixdə qaz sayğacına baxış keçirilmişdir. Bununla əlaqədar “təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 0260712-№-li akt tərtib edilərək “sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik- cızıq izlərinin olması” qeyd edilmişdir. Qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz edilmiş, 216 manat məbləğində mənə cərimə yazılmışdır. Həmçinin ondan 67 manat 20 qəpik məbləğində qaz sayğacının dəyəri tələb olunur. Həmin cəriməni əsassız hesab edir. Tərəfindən qaz sayğacına heç bir müdaxilə olmamışdır. Ona görə də ona yazılmış əsassız cərimənin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh “Azəriqaz” İB nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim olunmuş ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçı İddiaçı yaşadığı Yevlax şəhəri R.Behbudov küçəsi ev 17-də yerləşən fərdi yaşayış evində G-4 markalı, ******* nömrəli sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri aşkar olunmuşdur. Qaz sayğacının yoxlanılması barədə aktdan müəyyən olunur ki, laborator müayinə zamanı ******* nömrəli sayğacda sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izləri aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, həmin ünvanda qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilimiş qazın bərpası üçün hesabat aparılmışdır. 4 x 6 x 90 = 2160 m3 Abonentin saldosundan müəyyən olunur ki, İddiaçı akt əsasında 2021-ci ilin fevral ayında 216.00 manat cərimə hesablanmışdır. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11 bənd 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 12: Bənd 5. Qazın idxalı və ixracı müqavilələr əsasında həyata keçirilir. İdxal və ixrac da daxil olmaqla qaz nəqli xidmətləri ilə qazın nəql edilməsi üzrə üçüncü tərəflə sazişlər ancaq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə qüvvəyə minir. Bu razılıq həmin sazişlərin energetika müqavilələrinə və mövcud qanunvericiliyə uyğun olduğu hallarda vəhədlərdə verilir. Əgər müvafiq icra hakimiyyəti orqanı razılıq almaq üçün ona verilən yazılı sifarişə bir ay müddətində rədd cavabı vermirsə, həmin razılıq verilmiş sayılır. Bənd 6. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında 87 saylı qərarının 5.1-ci maddəsinə əsasən Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli “Qazdan istifadə Qaydalarının” təsdiq edilməsi haqqında 80 saylı qərarı: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Tərtər RQİİ-nin əməkdaşları tərəfindən Yevlax şəhəri R.Behbudov küçəsi ev 17-də quraşdırılmış qaz sayğacına baxış keçirilərkən ******* nömrəli sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması müəyyən olunmuş, bu barədə akt tərtib olunmuş və sayğac müayinəyə göndərilmişdir. Akt əsasında İddiaçı 216,00 manat cərimə hesablanmışdır. Qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələblərinə görə, küçədə yerləşən sayğaca müdaxilənin istehlakçının, hazırkı halda İddiaçı təqsiri üzündən baş verməsi sübut olunmalıdır ki, bunun nəticəsində akt əsasında ona cərimə hesablansın. Lakin, həmin qüsurların məhz İddiaçı müdaxiləsi nəticəsində baş verməsini təsdiq edən hər hansı sübut müəyyən olunmur. Bundan başqa qeyd olunmalıdır ki, hazırkı halda qaz paylayıcısı tərəfindən sayğacın qanunvericiliyin tələblərinə uyğun olaraq üzərində olan plombun kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi də təsdiqini tapmır ki, belə olan halda istehlakçı müdaxiləyə görə cavabdehlik daşıya bilməz. Daha sonra qeyd olunmalıdır ki, mövcud qanunverciliyin tələbləri və təlimatlara əsasən, cavabdehin əməkdaşları tərəfindən mütəmadi olaraq sayğaclara texniki baxış keçirilir, borc mövcud olduqda bu barədə istehlakçılara məlumat verilir, hər hansı müdaxilə olduqda isə müvafiq akt tərtib edilir. Həmin ünvana son baxışın hansı tarixdə keçirilməsini təsdiq edən hər hansı sübut müəyyən olunmur. Belə olan halda istehlakçıya hansı əsasla 90 gün əsas götürülməklə cərimənin hesablanması da əsaslandırılmamışdır. Sayğaca müdaxilənin istehlakçı tərəfindən baş verməsi sübut edilmədiyindən sayğacın dəyərinin ödənilməsi də cavabdehə aid edilməldir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı adına Yevlax şəhəri R.Behbudov küçəsi ev 17-də **********00000 nömrəli abonent saldosuna qaz istehlakına görə cərimə olaraq hesablanmış 216 (iki yüz on altı) manat borc əsassız hesab edilərək silinsin və sayaçın dəyəri 67 (altmış yeddi) manat 20 (iyirmi) qəpik “Azəriqaz” İstehsalat Birliyinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1573/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1573/2021
03.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver