Məhkəmə qərarları › İş №2(039)-1584/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1584/2021

06.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1584/2021 06.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, Ərizəçi “döyüş bölgəsində iştirak etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsini qeyd etməklə “döyüş bölgəsində iştirak etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun 1992-ci ilin yanvar ayından 1994-cü ilin iyun ayınadək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların N () saylı hərbi hissəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1992-ci il yanvar ayından 1994-cü iyun ayınadək N və N saylı hərbi hissələrdə Tərtər rayonunun Qıldıran, Vəng, Drambom, Marquşavan və digər kəndləri uğrunda döyüşlərdə iştirak etmişdir. O, döyüşmüş və döyüş bölgəsində olmuşdur. Bütün bunların zəminində mənəvi xəsarətlər almışdır. O da bir Azərbaycan vətəndaşı kimi döyüşlərdə olduğundan müharibə veteranı statusunu almaq istəyir. Ancaq Yevlax rayon Hərbi Komissarlığı tərəfindən ona ünvanlanmış arxiv sənədinə istinadən məktubda bildirilir ki, “703 №li hərbi hissəyə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda N №li hərbi hissəyə pul təminatının ödənilməsi cədvəlində (əsas: sıra-121, səh 20, məlumatda adı və atasının adı tam yazılmamışdır) Ərizəçi yanvar 1993-cü il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır.” Şərəfli bir döyüş tərzi keçirtmişdir. Ləyaqətlə döyüşmüş, bütün bunları onunla döyüşən hər bir şəxs bilir. Atıcı kimi döyüşmüşdür. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni faşizminə qarşı mübarizə etmişdir. Müharibə veteranı statusu almaq onun haqqıdır. Ondan asılı olmayan səbəblərdən həmin statuslu vəsiqəni əldə edə bilmədiyindən döyüş bölgələrində iştirak etməyini sübut etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Döyüş bölgəsində iştirak etmə faktının müəyyən edilməsini istəyir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndində göstərilmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Ərizəçiyə izah olunur ki, “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi qaydası və şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” haqqında Əsasnamə ilə tənzimlənir. Ərizəçi hazırkı tələbi ilə bağlı müvafiq səlahiyyətli inzibati orqana müraciət edə bilər. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi “döyüş bölgəsində iştirak etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar