Məhkəmə qərarları › İş №2(039)-1604/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1604/2021

07.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1604/2021 07.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı qeyri-qanuni hərəkətlərinin qarşısının alınması və tikilinin sökülməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla qonşuluq münasibətində olan cavabdehlərin ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsində inşa etdirdikləri toyuq damının tikintisinin qanunsuz hesab edilməklə, həmin damın sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən daşınmaz əmlak-həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətinə daxildir. Cavabdehlər bacıdırlar. Hər ikisi atalarından miras qalmış ünvanda yaşayırlar və onun hasar qonşusudurlar. Cavabdehlər onların hasarına bitişik toyuq damı inşa etdirmişdir. Cavabdehlər həmin damda toyuq-cücə saxlayırlar. Həmin toyuq-cücənin saxlandığı yerin iy-qoxusundan ətrafda dayanmaq olmur. Hətta ifunət iyi onların yaşadığı evin içərisinə də hopmuşdur. Cavabdehlər bu kimi hərəkətlər ilə onunla qonşuluq münasibətlərini pozurlar və onun, o cümlədən ailə üzvlərinin mənafeyinə mühüm ziyan vururlar. Cavabdehlərin hərəkətlərinə son qoyulması, eyni zamanda normalara uyğun olmayaraq inşa edilmiş toyuq damının sökülməsini tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 iddia tələbini qəbul etmədiyini və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 3054 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən iki otaqdan ibarət yaşayış evi İddiaçı adına reyestr kitabında qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi idarəsi tərəfindən verilmiş MA seriyalı, ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax şəhəri, şəhid H.Əliyev küçəsində istifadədə olan 0,05 ha torpaq sahəsində yerləşən 51 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 və torpaq sahəsi X5, X6 və Cavabdeh2 adlarına 10.07.2012ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05.11.2021-ci il tarixli, 10/4903 saylı rəyindən müəyyən edilir ki, Yevlax şəhəri H.Əliyev küçəsi ev 51 ünvanında X1 və Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində tikilmiş toyuq damı ilə həmin torpaq sahəsinə qonşu ərazidə ünvan 3 ünvanında İddiaçı məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evi arasındakı ara məsafənin 18 metr olduğunu nəzərə alaraq, həmin tikililər arasındakı ara məsafəsinin Dövlət şəhərsalma norma və qaydaları, şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması normalarının 4.20-ci bəndinin tələblərinə əsasən tikinti norma və qaydalarının tələblərinə uyğun olduğu müəyyən edilir. Tikiliyə dair hüquqmüəyyənedici və texniki sənədlər Mərkəzə təqdim edilmədiyindən Yevlax şəhəri H.Əliyev küçəsi ev 51 ünvanında Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində tikilmiş toyuq damının tikinti norma qaydalarının tələblərinə uyğun tikilib-tikilməməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, iddiaçı cavabdehlərə məxsus həyətyanı torpaq sahəsində tikilmiş toyuq damının tikinti norma və qaydalarına əməl edilmədən tikildiyini iddia etsə də, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, toyuq damı ilə iddiaçıya məxsus fərdi yaşayış evi arasındakı ara məsafə tikinti norma və qaydalarının tələblərinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Ekspertiza tədqiqatını dəyəri 120 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçıdan Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı qeyri-qanuni hərəkətlərinin qarşısının alınması və tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********, Hesab: AZ 41 NABZ ********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar