Məhkəmə qərarları › İş №2(039)-162/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-162/2021

11.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-162/2021 11.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmə açıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yevlax şəhəri İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını qeyd etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bacısı xx.xx.1957-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, xx.xx.1957-ci il təvəllüdlü X2 onun doğma bacısıdır. Bacısı Gülxanım subaydır. Uşaqlıqdan əqli gerilik diaqnozu ilə qeydiyyatdadır. Kənar şəxsin nəzarət və qulluğuna ehtiyacı vardır. Onların hər iki valideynləri vəfat etmişdir. Valideynlərindən Yevlax rayonu Aran qəsəbəsində daşınmaz əmlak miras qalmışdır. Hazırda həmin daşınmaz əmlaka qanun üzrə vərəsəlik işi açdırmaq istəyir, lakin bacısı Gülxanım Əliyevanın fəaliyyət qabiliyyətsiz hesab edilməməsi səbəbindən məsələnin həlli mümkünsüz qalmışdır. Belə ki, bacısı Gülxanım vərəsələr sırasına daxildir və o, psixi qüsurlu xəstə olduğu üçün fəaliyyət qabiliyyətsiz hesab edildikdən və onun üzərində qəyyum təyin edildikdən sonra həmin daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik işi açılacaqdır. Bacısı Gülxanım anadan gəlmə psixi qüsurlu xəstədir və onun həmin xəstəlikləri getdikcə fəsadlaşır. O, özünü idarə edə bilmir. Nəzarət edən olmasa, haraya getdiyini bilmədiyi halda, naməlum ünvanlara gedir. Heç bir iş görmək iqtidarında deyildir. Yuyunub özünü təmiz saxlaya bilmir. Habelə, nəzarətsiz yeyib-içə bilmir, yəni aclıq və ya doyumluq hissiyatı yoxdur. Həyat üçün təhlükə yaradan yerlərə gedib özünü məhv edə bilər. Elektrik xəttlərinin onu öldürə biləcəyini qavramır. X1 ağır xəstəliyinin olmasını nəzərə alaraq şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş maraqlı şəxs Yevlax Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi və xx.xx.1957-ci il təvəllüdlü Gülxanım Əliyevanın atası X5, anası X3r. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair xx.xx.2020-ci il tarixli məlumatından görünür ki, X2 müddətsiz olmaqla İİ qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 41 №li ambulator məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, X2 yüngül dərəcəli kəmağıllıq, ifadə olunmuş debillik səviyyəsində davranış pozğunluqları və aşağı ətrafların parezi ilə XBT-10 (Pisixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1957-cü il təvəllüdlü X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar