Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1634/2021 22.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı1, Cavabdeh2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Kərəm oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Mingəçevir regional “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış 11 may 2020-ci il tarixli, 4Ə-661 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 13.05.2020-ci il tarixli çıxarışın ləğv edilməsinə dair məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, onlar qardaşdır. Digər qardaşları- Cavabdeh2 onları aldatması nəticəsində torpaq sahələrini itiriblər. Cavabdeh Elxan onları inandıraraq, hər ikisini aldadaraq adlarına olan torpaq sahəsinin çıxarışının olmadığını bildirərək, birlikdə notariusa getmələrini, burada sənədləşmə aparılaraq çıxarışın üst hissəsində onun adının, aşağı hissəsində isə onların adlarının əks olunması üçün rəsmi ərizə yazmalarını onlara bildirmişdir. Onlar qardaşına inanaraq, sənədlərin yenilənməsini istəyərək, onun dediyi ilə razı olmuşlar. İddiaçı2 notariat ofisinə getməyə vaxtı olmadığı üçün digər İddiaçı1 onun adından çıxış etmək üçün etibarnamə vermişdir. Cavabdeh2 heç birinin torpağına toxunulmayacağını, sadəcə olaraq ümumi birgə mülkiyyətdə olan torpaqlara çıxarış alacağını, çıxarışda dördünün də adının olacağını, bundan sonra isə həmin çıxarış üzrə öz torpaqlarını zərurət yaranarsa ayıracağını bildirmişdir. İddiaçı1 həm qardaşının ona verdiyi etibarnamə ilə, həm də özünün torpağına aid olan hüququ ilə qardaşının onlara verdiyi yalan vədinə inanaraq Asan xidmətdə sənədləşdirilmə ilə bağlı işlərdə iştirak etmişdir. Savadı və dünya görüşü olmadığından qardaşının hər sözünə inanaraq bağışlama müqaviləsi deyilən sənədləri həm özünün, həm də qardaşının adından imzalamışdır. Yevlax rayonunda yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışı əldə etdikdə bütün torpaqlarının onları aldatmaqla qardaşınıncavabdehin öz əlinə keçirdiyini görmüşlər. Ancaq qardaşı onları aldadaraq razılıq verdiyi əqdi deyil, başqa bir əqdi ona imzalatmışdir. Onların razılıq verdiyi əqd bağışlama ilə bağlı olmamış, bağlamağı arzuladıqları əqdin məzmunu barəsində səhv etmişlər. Onların aralarında əqdin əsası kimi nəzərdən keçirdiyi hallar mövcud olmamışdır. Onlar vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış müqaviləni imzalamışlar. Bağışlama müqaviləsi etibarsızdır və bu etibarsızlıq əsasında cavabdeh çıxarış əldə edib. Həmin çıxarışda Cavabdeh2 13.05.2020-ci il tarixində ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin 4/5 hissəsinə mülkiyyət hüququ əldə edib. Hesab edirlər ki, Cavabdeh2 torpaq sahəsinin 4/5 hissəsinə mülkiyyət hüququ əldə etməsi tam əsassızdır. Cavabdeh bu hüquqi onları aldatmaqla yanılmaları təsiri altında əldə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 və İddiaçı2 məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, iddiaçılar öz istəkləri ilə özlərinə məxsus torpaq sahəsini ona bağışlamışlar. İddiaçılar hansı əqdi bağladıqlarını dərk etmişlər, onun tərəfindən iddiaçıları aldatma və ya yalan vəd vermək kimi hərəkətlər olmayıb. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 13.05.2020-ci il tarixli çıxarışından görünür ki, Yevlax rayonu Yeni Çobankərə kəndində yerləşən fərdi yaşayış evinə Cavabdeh2, həmin evin yerləşdiyi 0,43 ha torpaq sahəsinə 1/5 hissəsinə Cavabdeh1 və 4/5 hissəsinə Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. Mingəçevir regional “Asan xidmət “ mərkəzinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-661 nömrəli, 11.05.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verənlər İddiaçı1, X1 və Əliyev X2 rayonu Yeni Çobankərə kəndində yerləşən, ümumi sahəsi 0,43 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissələrini hədiyyə alan Cavabdeh2 bağışlamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsi əqdin ümumi anlayışını verir. Həmin maddəyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). İddiaçıların tələblərinin qanuni əsasını Mülki Məcəllənin 347.1 və 347.2-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd, belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər (maddə 347.1). Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir (maddə 347.2.1); şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir (maddə 347.2.2); tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir (maddə 347.2.3). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, yuxarıda göstərilən halların mövcudluğu sübut etmək vəzifəsi iddiaçıların üzərinə düşür. Lakin onlar bu vəzifəni yerinə yetirə bilməmiş və qeyd olunan halların təsdiqi barədə sübutları təqdim edə bilməmişdirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Kərəm oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1634/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1634/2021
22.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver