Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1698/2021 27.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı2 qızının qanuni nümayəndəsi X1, onun və iddiaçıların vəkili X2, Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 qızının qanuni nümayəndəsi X1 Cavabdeh qarşı mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 qızının qanuni nümayəndəsi X3 Cavabdeh qarşı “mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılmasına dair iddia ərizəsi ilə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və Yevlax rayonu Aqrar İslahat Komissiyasının 23.06.2000-ci il tarixli 52 saylı qərarı ilə torpağın mülkiyyət hüququna dair JN 0284saylı dövlət aktı ilə verilmiş 4,66 ha torpaq sahəsinin 1/5 hissəsinə dair mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçıların atası X5 anası X3 ilə nikaha daxil olmuş, həmin nikahdan onlar anadan olmuşdur. Anası ilə atası arasında bağlanmış nikah pozulmuşdur. Onların uşaqlıq dövründə, yəni 22.12.2014-cü il tarixdə atası vəfat etmişdir. Atasının ölümdən sonra onun miras əmlakı açılmış, onlar azyaşlı olduqlarından həmin əmlaka dair münasibətlərini ortaya qoya bilməmişlər. Atalarından miras qalmış Yevlax rayonun Varvara kəndi ev 2 mənzil 1 ünvanında yerləşən fərdi yaşayış evini və Yevlax rayonu Varvara kəndində yerləşən 4,66 ha torpaq sahəsinin 1/5 hissəsini hazırda cavabdeh qanunsuz olaraq zəbt edib. Onlar vərəsələr olaraq Dövlət Notariat Kontoruna müraciət edərək vərəsə olduqlarını, cavabdehin hərəkətləri nəticəsində mirası faktiki qəbul edə bilmədiklərini bildirmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 qanuni nümayəndəsi Bətulə Məmmədova izahatında bildirmişdir ki, mərhum Çingiz Məmmədovla nikahından iki uşağı var- iddiaçılar Orxan və Aidə. Çingiz 2014-cü ildə vəfat edərkən onların nikahı pozulmuş olmuşdur. Lakin onun uşaqları, yəni hazırkı iş üzrə iddiaçılar Çingizin qanuni vərəsələri hesab edilirlər. 2014-cü ildə Çingiz vəfat edəndə və ondan sonra bir müddət o və uşaqları Rusiya Federasiyasında yaşamışlar. Uşaqları yetkinlik yaşına çatmadığı üçün onlar mirasın qəbulu ilə bağlı müvafiq orqanlara müraciət edə bilməmişlər. Bu səbəbdən onlar mirasın qəbulu müddətinin uzadılmasını istəyirlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Fərhad Məmmədov iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddiaçıların miras əmlak kimi göstərdikləri fərdi yaşayış evi iddiaçıların atası, onun isə mərhum qardaşı Çingiz Məmmədovun mülkiyyəti sayılmır. Belə ki, mərhum qardaşı Çingiz 2007-ci ildə həmin evə mülkiyyət hüququ əldə etməsi ilə bağlı Yevlax Rayon Məhkəməsinə müraciət etmiş və tələbi təmin edilmişdir. X9 Məhkəməsinin 27.10.2011-ci il tarixli qərardadı ilə həmin qətnamə ləğv edilmişdir. Qeyd olunan evin əvvəlki hüquqi vəziyyətinə qaytarılması ilə bağlı artıq məhkəməyə müraciət etmişdir. Ümumiyyətlə iddiaçılar və onların anası Bətulə, qardaşı Çingiz öldükdə Rusiya Federasiyasında olmuşlar və o vaxtdan halhazıradək nə miras əmlak kimi göstərilən evə gəlmişlər, nə də qardaşına məxsus torpaq sahəsindən istifadə etmişlər. 2006-cı ildə qardaşı ilə Bətulənin arasındakı nikah pozulmuş, qardaşı isə 2014-cü ildə vəfat etmişdir. İddia ərizəsində qeyd olunduğu kimi onun tərəfindən iddiaçılara nə evə gəlmələri, nə də torpaq sahəsindən istifadə etmələri üçün heç bir maneçilik törədilməyib. İddiaçılar özü bu vaxta qədər miras əmlakın qəbul edilməsinə maraqlı olmamışlar və bununla bağlı iradələrini ifadə etməmişlər. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 09.07.2010-cu il tarixli çıxarışından görünür ki, ünvan 4 ünvanına X4 mülkiyyət hüququ qeydiyyata alınmışdır. JN-0284, 90104018 kodlu “torpağın mülkiyyətə hüququna” dair dövlət aktından müəyyən edilir ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 23.06.2000-ci il tarixli, 52 nömrəli qərarı ilə Yevlax rayonu Varvara kəndində yerləşən 4,66 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 və digərlərinin mülkiyyətinə verilmişdir. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən 08 avqust 2006-cı il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X5 ilə X3 arasında bağlanmış nikah qeydi 08.08.2006-cı il tarixdə pozulmuşdur. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/Q-1114/70 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X5 22 dekabr 2014-cü ildə ildə vəfat etmişdir. AZ-İ seriyalı 783513 nömrəli və İ-AK seriyalı 833272 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, X4 04.02.1999-cu il təvəllüdlü Orxan və 01.09.2004-cü il təvəllüdlü Aidə adlı uşaqları var. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıların atası Çingiz Məmmədova məxsus miras əmlakın açıldığı vaxt 22 dekabr 2014-cü ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinin tələblərinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsində isə təsbit olunmuşdur ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan normalardan müəyyən olunur ki, mirasın qəbul edilməsi müddəti məhkəmə tərəfindən uzadıla bilər və bu yalnız gecikdirmənin səbəbləri üzrlü olduqda mümkündür. Eyni zamanda qanunda üzrlü səbəblərin dairəsi müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən mirasın qəbul edilməsi müddətinin gecikdirilməsi üzrlü səbəblərdən baş verməmişdir. Belə ki, iddiaçılar azyaşlı olduqlarından mirası qəbul edə bilmədiklərini, eyni zamanda cavabdehin miras əmlakı faktiki qəbul etməklərinə maneçilik törətməsini əsas gətirsələr də, məhkəmə ilk növbədə onu qeyd edir ki, mülki qanunvericilkdə yetkinlik yaşına çatmayan şəxslərin hüquq və mənafelərinin onların qanuni nümayəndələri, o cümlədən valideynləri tərəfindən həyata keçirilməsi təsbit olunmuşdur. Məhkəmə araşdırması zamanı isə müəyyən olunmuşdur ki, iddiaçılar valideynlərinin nikahı pozulduqdan sonra analarının himayəsinə verilmiş və hazırda da onunla birlikdə yaşayırlar. İddiaçıların anası-qanuni nümayəndəsi Bətulə Məmmədova isə uşaqlarının qanuni nümayəndəsi qismində mirası faktiki və ya qanuni şəkildə qəbul etmək imkanından məhrum olmamışdır. Cavabdehin miras əmlakı idarə etməkdə iddiaçılara maneçilik törətməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçılar bununla bağlı iddialarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 qızının qanuni nümayəndəsi X1 Cavabdeh qarşı mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılmasına dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1698/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1698/2021
27.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver