Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1746/2023 26.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Departamentin Yevlax rayon üzrə MKİS-nin rəisi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı 15 mart 2013-cü il tarixli 239 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabadehlərə Yevlax rayonu 615 hündürmərtəbəli yaşayış kompleksində 4 saylı binada yerləşən 59 nömrəli 2 otaqlı mənzilin müvəqqəti istifadələrinə verilmələrinə dair 15 mart 2013-cü il tarixli “239” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildiririk ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri 'ayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 15 mart 2013-cü il tarixli “239” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Yevlax rayonu ərazisində məcburi köçkünlər inşa edilmiş 615 ailəlik qəsəbədə 4 nömrəli binada 59 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Yevlax rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı cavabdehlərin həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir (bu barədə “Azərişıq” və "xxxx"-dan abonentin sərfiyat göstəriciləri və akt əlavə olunur). Sahə rəisi tərəfindən cavabdehlərə 59 nömrəli mənzildə yaşamadıqları üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsə də, nəticəsi olmamışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Afiq Mirzəyev iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh4 əvvəlki məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, Yevlax şəhəri, Bakı prospekti, məcburi köçkünlər üçün tikilmiş yaşayış kompleksində 4 saylı binada yerləşən 59 saylı 2 otaqlı mənzili məcburi köçkün kimi onun valideynlərinə verilmişdir. Həmin mənzildə onun valideynləri, özü və qardaşı uzun müddət bir yerdə yaşamışlar. Lakin, atası Cavabdeh1 Türkiyə Respublikasında iş tapmış və məcburiyyət qarşısında işləmək üçün oraya getmişdir. Anası Cavabdeh2 həmin mənzildə yaşayır, hazırda başında şiş olduğu üçün müalicə məqsədi ilə ara-sıra Türkiyə Respublikasına gedib qayıdır. Eyni zamanda onun özü də həmin mənzildə yaşamaqdadır. Belə ki, Yevlax şəhərində iş olmadığı üçün məcburiyyət qarşısında Bakı şəhərinə fəhlə kimi işləməyə gedir və həmin zamanlarda Bakı şəhərində kirayədə yaşayır. Daimi yaşamaq üçün başqa yaşayış yeri yoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 əvvəlki məhkəmə iclası zamanı bildirmişdir ki, əri Cavabdeh1la birlikdə Şuşa şəhərindən məcburi köçkündürlər. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən onlara ailə ilə birlikdə yaşamaq üçün Yevlax şəhəri, Bakı prospekti, məcburi köçkünlər üçün tikilmiş yaşayış kompleksində 4 saylı binada yerləşən 59 saylı 2 otaqlı mənzil verilmişdir. Bu müddət ərzində ailələri ilə həmin mənzildə yaşamışlar. Əri Cavabdeh1 Yevlax şəhərində iş tapmadığı üçün müvəqqəti olaraq Türkiyə Respublikasına işləməyə getmişdir. Özü isə həmin mənzildə yaşayır. Lakin, başında şiş olduğu üçün müalicə məqsədi ilə ara-sıra Türkiyə Respublikasına gedir. Övladları da həmin mənzildə yaşayır. Başqa yaşayış yerləri yoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məlumat verməmişlər. Məhkəmə, Mülki-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 15 mart 2013-cü il tarixli “239” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən müəyyən olunur ki, Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik qəsəbədə 4 nömrəli binada 59 nömrəli 2 otaqlı mənzil məcburi köçkün Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 kirayəyə verilmişdir. Yevlax Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 2(039)-1609/2022-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı 15 mart 2013-cü il tarixli 239 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. 28 oktyabr 2022-ci il, 26 dekabr 2023-cü il və 09 mart 2023-cü il tarixli aktlarda qeyd olunur ki, Yevlax şəhəri Bakı prospektində yerləşən 615 nəfərlik məcburi köçkün qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan müəyyən olunur ki, Yevlax rayon 615 ailəlik hündür mərtəbəli məcburi köçkün qəsəbəsində bina 4 mənzil 59-da yaşayan Şuşa rayonundan məcburi köçkün Cavabdeh1 uzun müddətdir sözü gedən evdən təyinatı üzrə istifadə etmir. Dəfələrlə ev sahibinin evinə baxış keçirilib evdə yaşayışın olmadığı müəyyən olunmuşdur. 3 ay müddətinə ev sahibləri evində yaşamağı halda məcburi halda onunla bağlanmış müqavilə pozulur və Komitəyə verilir. X3 İstismar Sahəsi tərəfindən verilmiş arayışda qeyd olunur ki, Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik qəsəbədə 4 nömrəli binada 59 nömrəli mənzilə görə istilik haqqı 28 fevral 2019-cu il tarixdən 16 mart 2023-cü il tarixədək cəmi 119 manat ödənilməmiş qalmışdır. “Azəriqaz” İB tərəfindən təqdim edilmiş abonentin saldosundan müəyyən olunur ki, Yevlax rayonu, məcburi köçkünlər üçün inşa edilmiş binada Cavabdeh1 adına olan **********00590 nömrə üzrə sonuncu ödəniş 2022-ci ilin avqust ayında olmuşdur. "xxxx" ASC tərəfindən təqdim edilmiş abonent kartından müəyyən olunur ki, ünvan 1 ünvanında su sərfiyyatı olmamışdır. Şəxsi məlumatlardan çıxarışdan müəyyən olunur ki, Cavabdeh1 26 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasından Türkiyə Respublikasına çıxmış, geri dönməmişdir. Cavabdeh2 isə 13 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasından Türkiyə Respublikasına çıxmış 22 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmış və 09 dekabr 2023-cü il tarixdə yenidən eyni istiqamətdə Azərbaycan Respublikasından çıxmışdır. Hüquqi məsələlər: “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 65 №li Qərarı: Bənd 3.3. məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Bənd 3.7. məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Mənzil Məcəlləsi: Maddə 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Maddə 82.4. Kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Maddə 91.1.5 məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Maddə 91.3 xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Maddə 98.1 Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Maddə 98.2 Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Maddə 99.4 xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Maddə 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Maddə 102.1 Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə bağlanmış 15 mart 2013-cü il tarixli “239” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında cavabdehlərə məcburi köçkün olaraq Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik qəsəbədə 4 nömrəli binada 59 nömrəli 2 otaqlı mənzil verilmişdir, lakin, cavabdehlər bağlanmış kirayə müqaviləsinin, eləcə də mənzil qanunvericiliyinin yuxarıda qeyd edilən normalarının tələblərini pozaraq həmin mənzildə faktiki olaraq uzun müddətdir yaşamamış, kommunal xidmətlər üzrə borcu ödəməmişdir. Cavabdehlərin qeyd edilən mənzildə kommunal xidmətlərdən uzun müddət istifadə etməməsi və yaranmış kommunal borcları ödəməməsi (mövcud arayışlarla təsdiq olunur) onların həmin mənzildə yaşamadığı təsdiq edir. Eyni amanda cavabdehlər Cavabdeh2 və Cavabdeh4 qismən etirafı ilə bu hal təsdiq olunur. Həmin cavabdehlərə bu mənzildə yaşadıqlarını təsdiq edən sübutları təqdim etmək təklif olunsa da, onlar hər hansı sübut təqdim etməmişlər. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərində görə, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə, kirayəçi alt aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə (müvafiq dövlət proqramları və ya tədbirlərin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşmış məcburi köçkünlər istisna olmaqla), yaşayış sahəsindən təyinatı üzrə istifadə etmədikdə müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Məhkəmə mövcud sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdehlər tərəfindən kirayə müqaviləsinin, habelə mənzil qanunvericiliyinin müvafiq tələblərinin pozulması təsdiq olunur, bu səbəbdən iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh1 arasında bağlanmış Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik qəsəbədə 4 nömrəli binada 59 nömrəli 2 otaqlı mənzilə dair 15 mart 2013-cü il tarixli “239” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik qəsəbədə yerləşən 4 nömrəli binanın 59 nömrəli 2 otaqlı mənzilindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əli
Məhkəmə qərarları › İş №2(039)-1746/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1746/2023
26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver