Məhkəmə qərarları › İş №2(039)-1780/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1780/2020

27.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1780/2020 27.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyini qeyd etməklə onun Azərbaycan Respublikası ərazisi uğrunda 1992-ci ilin avqust ayından 1994-cü ilin sentyabr ayınadək 783-708-300-1900 saylı hərbi hissələrin tərkibində erməni işğalçı ordusuna qarşı Qarabağda Ağdam bölgəsində döyüşməsi və xx.xx.1994-cü il tarixdə N saylı hərbi hissədən tərxis olunması faktının müəyyən edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizənin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki,ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin arxiv arayışları və məktubları ilə müəyyən olunur ki, ərizəçinin müxtəlif hərbi hissələrdə qulluq keçməsi və tərxis edilməsi ilə bağlı müxtəlif əmrlər mövcuddur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndində göstərilmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Eyni zamanda məhkəmə qeyd edir ki, ərizəçi ərizəsində hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin ona veteran adını alması üçün lazım olduğunu bildirmişdir. Məhkəmə ərizəçiyə izah edir ki, veteran adının alınması üçün müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edə bilər. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən tələbi təmin edilmədiyi halda ərizəçi inzibati orqanın hərəkətlərindən qeydiyyatda olduğu yer üzrə inzibati məhkəməyə müraciət edə bilər. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçi izah olunur ki, ərizəsində göstərilən tələblə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar