Məhkəmə qərarları › İş №2(039)-1782/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1782/2021

27.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1782/2021 27.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsini maraqlı şəxs qismində göstərməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək JN-5643A KOD 90101002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə soyadı Bəxtiyarovanın Hüseynova, ata adı Hüseynin Fəxrəddin müəyyən edilməsi və həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun soyadı Hüseynova, adı Əzizə, atasının adı Fəxrəddindir. Bu, ona məxsus olan 23 noyabr 1976-ci il tarixli, İV-ЖГ 401280 №-li doğum haqqında şəhadətnaməyə və AZE ********* №-li, 16 oktyabr 2012-ci il tarixli şəxsiyyət vəsiqəsindən göstərilmişdir. Lakin həyətyanı torpaq sahəsi üçün onlara verilmiş JN-5643A KOD 90101002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə soyadı Hüseynova əvəzinə səhvən Bəxtiyarova, ata adı Fəxrəddin yazılması əvəzinə səhvən Hüseyn yazıldığına görə müəyyən mülki hüquqularını həyata keçirə bilmir. JN-5643A KOD 90101002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə soyadının və atasının adının düzəldilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etmiş, tələbi təmin edilməmiş və məhkəməyə müraciət etməyini bildirmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, Yevlax şəhərində yerləşən 0.03 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinə dair Yevlax rayonu Aqrar İslahat Komissiyası tərəfindən onun və ailə üzvlərinin adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə soyadı və ata adı səhv qeyd edilmişdir. O, X10 rəsmi nikah qeydindən keçməklə ailə qurmuş, lakin soyadını dəyişdirməmişdir. Buna baxmayaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə soyadı səhv olaraq Bəxtiyaraova, ata adi isə qaynatasının adı, yəni Məmməd kimi göstərilmişdir. Mülkiyyətə dair sənədlərdə adının səhv göstərilməsi isə ona mülkiyyətlə bağlı hüquqlarını həyata keçirməkdə maneçilik törədir. Ərizəçi qeyd olunanları nəzərə alaraq ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Yevlax rayonu Qaraməmmədli kənd soveti tərəfindən 23.11.1976cı il tarixdə verilmiş İV-ЖГ seriyalı 401280 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə anadan olmuşdur; atası –X7, anası – X1r. Ərizəçi olan, 16.10.2012-ci il tarixdə verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Hüseynova”, adı “Əzizə”, atasının adı “Fəxrəddin”, doğulduğu yer “Yevlax rayonu Qaraməmmədli kəndi”, doğulduğu tarix isə “xx.xx.1976”, qeydiyyatda olduğu ünvan “Yevlax rayonu, Qaraməmmədli kəndi” göstərilmişdir. Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən 20.10.1998-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı 495789 №-li nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə Ərizəçi arasında bağlanmış nikah Yevlax rayon Qeydiyyat şöbəsində 1998-cı ilin oktyabr ayının 20-ci günündə akt qeydləri kitabında 153 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Bəxtiyarov, arvada isə Hüseynova soyadı verilmişdir. DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 26.07.2021-ci il tarixli məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-5643A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hər hansı bir düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. JN-5643A KOD 90101002 kodu olan “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, X2, X3, X6, X4, X5 və X8 Yevlax rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-ci il tarixli, 10 saylı qərarı ilə Yevlax şəhərində fərdi yaşayış evinin həyətyanı sahəsi üçün 0,03 ha torpaq sahəsi verilmişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçinin JN-5643A KOD 90101002 olan “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilmiş “soyadı” və “atasının adı” ilə şəxsiyyət vəsiqəsində göstərilən “soyadı” və “atasının adı” düz gəlmir, şəhadətnamədə “Ərizəçi” əvəzinə “X9” yazılmışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən olunmuş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, JN-5643A KOD 90101002 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən “ X9” AZE seriyalı,******** №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi” ilə eyni şəxsdir və ərizəçi həmin şəhadətnaməninin ona məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-5643A KOD 90101002 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar