Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1784/2022 07.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili X1 iştirakları ilə, İddiaçının Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 55 ton taxılın və ya onun dəyəri olan 33000 manat pulun və 189.40 manat dövlət rüsmunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hazırkı Cavabdeh 2020-ci ilin noyabrdekabr aylarında 31 ton təmizlənmiş toxumluq taxıl verərək qarşılıqlı qaydada razılaşmışlar ki, məhsul yetişəndən sonra bunun əvəzində cavabdeh ona 55 ton taxıl verəcəkdir. Cavabdeh ilə yaxın münasibəti olduğu üçün ona etibar edərək həmin vaxt hər kiloqramının qiyməti 80 qəpik olan toxumluq yəni əkin üçün nəzərdə tutulan 31 ton taxılını Cavabdeh qeyd etdiyi şərtlər əsasında vermişdir. O, cavabdehə inanaraq biçin dövründə cavabdehə yaxılnaşaraq verdiyi 31 ton toxumluq taxılın əvəzində 55 ton yeni biçiləcək taxılını ondan istəmiş, həmin vaxt məlum olmuşdur ki, cavabdeh razılaşmalarına əmək etməyərək sözügedən 31 ton toxumluq taxılı satmışdır. 31 ton toxumluq taxılının dəyəri hər kq üçün 80 qəpik olmaqla cəmi 24800 manat məbləğində ziyanla qarşılaşmış, o bu taxılı verərkən biçin ərəfəsində cavabdehdən 55 ton taxıl almalı idi. Cavabdeh bu günə kimi həmin taxılı verməmiş, bir ildən artıqdır ki, cavabdehdən taxılını və ya onun dəyərini istəsə də, nəticəsi olmamışdır. 55 ton taxılın hazırki, bazar qiyməti hər kq üçün 60 qəpikdir. Belə olan halda 55 ton taxılın və ya onun dəyərini 33.000 manat pulunu və ödədiyi dövlət rüsumunu cavabdehdən tələb edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək ona uyğun izahat vermiş, əlavə olaraq iddiasında qeyd etdiyi halları təsdiqləyəcək şahidlərinin olduğunu, onların məhkəmə tərəfindən dinlənilməsini və iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli vəsatəti ilə məhkəməyə müraciət edərək 2020-ci ildə iddiaçıdan 30 ton taxıl götürdüyünü, razılaşmalarına əsasən bunun müqabilində iddiaçıya 10.000 manat məbləğində pul verəcəyini, həmin məbləğin 3.000 manat hisəsini bu günədək iddiaçıya qatardığını və ona aldığı taxıldan hazırda 7.000 manat borcu qaldığını, eyni zamanda iddiaçıdan 500 manat dəyərində götürdüyü yanacağın borcunun qaldığını bildirmişdir. O, həmçinin məsələ ilə bağlı iki nəfər şahidinin olduğunu, hazırda İddiaçı cəmi 7.500 manat məbləğində borcunun qaldığını qeyd edərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını, şahid ifadələrini,dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Məhkəmə iclasında iddiaçı tərəfin şahidi qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-yə onun tərəfindən aparılmış sözügedən toxumluq taxıl İddiaçı məxsus olmuş, sonuncunun Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən təxmini 31 ton toxumluq taxılı Cavabdeh aparmış və biçin zamanı İddiaçı 55 ton taxıl qaytarılmasına vəd vermişdir. Məhkəmə iclasında iddiaçı tərəfin şahidi qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, "xxxx" MMC-də anbardar işləyir. İddiaçı 2020-ci ilin sentyabr ayında "xxxx" MMC-yə emal olunması üçün 63 ton çirkli taxıl gətirmiş, emal prosesindən sonra cəmi 41 ton təmiz toxumluq taxıl əldə olunmuş, həmin toxumdan isə təxminən 31 tonunu elə həmin ərəfədə Cavabdeh öz sürücüsü Arzuman adlı şəxsin vasitəsi ilə çıxarıb aparmışdır. Şahid həmçinin müvafiq taxılın MMC-dən çıxarılmasını təsdiqləyən qəbzləri məhkəməyə təqdim etmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-yə təmizlənmə-emal məqsədi ilə 63420 kq buğda məhsulu verilmiş, qəbul edilmiş həmin 63420 kq buğda məhsulu aidiyyatı üzrə emal prosesindən keçirilməklə, toxumluq buğda 41000 kq, ərzaqlıq buğda 18900 kq, Siklon isə 2920 kq olmaqla ona təhvil verilmiş və həmin dövürdə "xxxx" MMC-də buğda toxumunun 1kq-nın satış qiyməti 65-70 qəpik aralığında olmuşdur. Hal-hazırda toxumluq buğdanın satış qiyməti 1 manatdır. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 3030 nömrəli tərəzi qəbzlərindən görünür ki, həmin tarixdə saat 15:29-da sürücü Arzuman Zərbəliyevin idarə etdiyi **-BO-*** dövlət nömrə nişanlı yük avtomobili MMC-yə boş vəziyyətdə daxil olmuş, eyni tarixdə saat 17:59da isə 31.100 kq buğda toxumu yükü ilə çıxış etmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 47 saylı evlər komtəsinin tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən də Yevlax şəhəri, R.Behbudov küçəsi ev 18-da pasport qeydiyyatındadır və yaşayır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 662-ci maddəsi (Dəyişdirmə müqaviləsi) təşkil edir. Həmin maddənin tələblərinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 329.1 Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (329.1). Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (329.2). Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (329.3).Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır (329.4). Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Maddə 387.2. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Maddə 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 662. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür (662.1.). Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir (662.2.). Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır (662.3.). Maddə 664. Dəyişdirmə müqaviləsinə uyğun olaraq dəyişdirilən malların verilməsi müddətləri üst-üstə düşmədikdə digər tərəf malı verdikdən sonra malı verməli olan tərəfin malı vermək öhdəliyinin icrasına öhdəliklərin qarşılıqlı icrası haqqında qaydalar tətbiq edilir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, tərəflərin izahatları və mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, 2020-ci ilin sonlarında iddiaçı ilə cavabdeh arasında birincinin sonuncuya 31.100 kq toxumluq taxıl verməklə bunun əvəzində növbəti ilin taxıl biçini zamanı sonuncunun birinciyə 55.000 kq taxıl qaytarması şərti ilə müvafiq razılaşma əldə olunmuş, iddiaçı 2020ci ilin dekabr ayının 18 – də həmin razılaşmanın şərtinə əməl edərək cavabdehə 31.100 kq toxumluq taxılı təhvil versə də, cavabdeh vəd etdiyi 55.000 kq taxılı bu günədək iddiaçıya qaytarmamış və nəticədə iddiaçı maddi zərərə uğramışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı məxsus aldığı 31,1 ton təmiz toxumluq taxılı əldə edərək tərəflər arasında əldə olunmuş şifahi müqavilənin şərtlərini pozduğundan iddiaçıya vurduğu maddi zərəri ödəməli, həmin zərər hal-hazırda toxumluq buğdanın satış qiymətinin 1 manat olması (əsas - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubu) əsas götürülərək 31.100 kq toxumluq taxılın dəyəri 31.100 manat olaraq hesablanmalıdır. Eyni zamanda cavabdehin təqdim etdiyi vəsatətə münasibətdə məhkəmə qeyd edir ki, göründüyü kimi Cavabdeh İddiaçı 30 ton taxıl götürdüyünü etiraf edərək sonuncuya 3.000 manat pul qaytardığını bildirrərək məsələ ilə bağlı iki nəfər şahidinin məhkəmədə dinlənilməsini xahiş etsə də, bu halları təsdiqləyəcək sübütu məhkəməyə təqdim etməmiş, habelə tərəfindən şahidlərinin məhkəmədə iştirakı təmin olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 31.100 manat pul alınıb iddiaçıya verilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 189.40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 31.100 (otuz bir min yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 189.40 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1784/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1784/2022
07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver