Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1796/2025 25.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən tərtib olunmuş, xx.xx.2024-cü il tarixli ******* №li Akta əsasən, İddiaçı yaşadığı ünvan 1i ünvanında **********6 nömrəli sayğaca müdaxilə olunmasına görə qaz itkisi 4320 m3 hesablanmışdır.
2. Cavabdeh tərəfindən xx.xx.2024-cü il üzrə üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2024-cü il tarixli M 0666 nömrəli Aktına əsasən G-4 markalı **********6 nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının üzərinə vururlan 3 ədəd plastmas zavod plomdan 1 ədədi aşkar olunmadı. xx.xx.2024-cü il tarixli təbii Təbii qazdan istifadə qaydalarının pozulması haqqında * * * * * * * nömrəli akta əsasən **********00000 saylı abonent İddiaçı 4320 m3 qaz sərfiyyatına uyğun dəymiş ziyan həcmi hesablanmışdır.
3. ünvan 1ində yaşayan İddiaçı (abonent **********00000) məxsus saldo məlumatlarına əsasən 1 Zenner G4 Mexaniki sayğac qurğusu üzrə istehlakçıya 2024-cü il üzrə 518,40 manat məbləğində cərimə borcu hesablanmışdır.
İddia tələbi
4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ******* saylı xx.xx.2025-cü il tarixli akt əsasında Cavabdeh İB tərəfindən onun adına (ünvanına) itirilmiş qazın həcmi üçün hesablanmış 518,40 manat məbləğin cərimə borcun silinməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh Tərtər X3 idarəsinin əməkdaşları onun yaşayış evi üçün qurlaşdırılmış (sayğac həyətdə yox, həyətdən çölə qurlaşdırılmışdır) qaz sayğacına baxış keçirmiş, sayğacın yoxlanılması üçün sayğacı dəyişdirmiş və bu barədə akt tərtib etmişdir. Yoxlamadan sonra ona bildirmişlər ki, sayğaca güya müdaxilə olunub.Lakin o, sayğaca heç bir müdaxilə etməmişdir. Səbəbini ona bildirmədən akta imza etməyini demişlər və o, isə imza etməkdən imtina etmişdir. Cavabdeh tabeliyində olan bölmələrdən ona 518,40 manat borc tələb olunduğu bildirilmişdir. Ona görə də o barəsində tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktla razı deyildir, həmin akt qanunsuz tərtib edilmiş, nəticədə istehlakçı kimi qanunla qorunan hüquqlarının cavabdeh orqan tərəfindən kobud şəkildə pozulmuşdur. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
6. İddiaçı tələbin hüququ əsası kimi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” xx.xx.1995-ci il tarixli Qanunun 4, 18, 26-cı maddələrinə; Mülki Məcəllənin 560ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə istinad etmişdir.
İddiaya etiraz
7. Cavabdeh İB iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, ünvan 1ində yaşayan İddiaçı mənzilinə gedən qaz xəttinin quraşdırılmış, G-4 markalı **********6 nömrəli sayğacın hesablanması mexanizminin plastmas qapağının üzərinə vururlan 3 ədəd plastmas zavod plomdan 1 ədədi aşkar olunmamışdır. Bu səbəbdən İddiaçı 4320 m3 yəni (4320 m3 x 0,12 qəpik =518,40 manat) 518,40 manat itirilmiş qaz hesablanmışdır.
8. Cavabdeh etirazın hüquqi əsası kimi “Qazdan istifadə qaydaları”nın 4,7-ci bəndinə, “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndinə, “Əhalinin təbii qazda istifadə üzrə yaranmış borcların silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 385.1, 443.1-ci maddələrinə əsaslanmışdır.
9. Qarşılıqlı iddia ərizəsi verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
10. İddiaçı məhkəmə iclasında bildirdi ki, iddia tələbini müdafiə edir, sayğaca müdaxilə etməyib, barəsində heç bir inzibati protokol tərtib edilməyib. Borc əsassız hesablanıb. İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir.
11. Cavabdeh İB-nin səlahiyyətli nümayəndəsi X2itərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasında nümayəndənin iştirak edə bilməyəcəyini, iddia tələbini qəbul etmədiklərini və iddianın təmin edilməməsini xahiş edilmişdir.
Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir.
13. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun: 6-2-ci bəndinə əsasən, müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə ilə tənzimlənir.
14. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Qanunun: 17-ci maddəsinə əsasən, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan İstifadə qaydaları”nın: 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
17. İddia əsaslıdır.
18. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı mənzilinə quraşdırılmış sayğac üzrə xx.xx.2024-cü il tarixli Cavabdeh İB tərəfindən tərtib edilmiş akta əsasən sayğacın hesablama mexanizminə kənar müdaxilə edilməklə qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, həmin akt əsasında hesabat müddəti 90 gün qəbul edilməklə 4320 m3 qaz itkisi müəyyən edilmiş və iddiaçıya məxsus saldo məlumatlarından göründüyü kimi ona 2024-cü il üzrə isə 518,40 manat borc hesablanmışdır. İstehlakçı cavabdehin hesablanmış olduğu ziyan məbləği və aktla razılaşmayaraq 518,40 manat borcun silinməsini tələb edir.
19. Məhkəmə ilk növbədə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, hazırkı iddia tələbi bilavasitə qanundan irəli gəlməklə, tərəflər arasında mübahisənin maddi hüquqi əsası mülki hüquq pozuntusundan (delikt) yaranan münasibətlərə aiddir.
20. Mülki hüquq pozuntusunun (delikt) (Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1097.1- ci maddələri) dizpozisiya şərtləri aşağıdakı ünsürlərdən ibarətdir: əməl (hərəkət və hərəkətsizlik), əməlin hüquqazidd olması və təqsir.
21. Hazırkı işdə əməlin baş verib-vermədiyi, iddiaçının hüquqazidd hərəkət etməsi və bu zaman təqsirli olmasının yoxlanması zamanı ilk növbədə sübutetmə yükünün düzgün müəyyən edilməsi zəruridir. Məhkəmə qeyd edir ki, kənar xəttin çəkilməklə qaz itkisinin baş verməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutları təqdim etmək vəzifəsi qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə məhz Cavabdeh İB-nin üzərinə düşür.
22. Cavabdeh İB tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı sübut qismində xx.xx.2024-ci il tarixli akta, cavabdehin özü tərəfindən tərtib edilmiş laborator akt və həmin akta əsasən hesablanmış dəymiş ziyanla bağlı tələbnaməyə istinad edilmişdir.
23. Məhkəəmə qeyd edir ki, yuxarıda qeyd edilən “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci maddəsi (maddə 2022-ci ilin mayın 1-dən qüvvəyə minmişdir) və “X5”nın 6.5-ci bəndinin tələblərindən aydın olduğu kimi, istehlakçının qazın talanmasında təqsirli olması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan təleb etməlidir.
24. Hazırkı işdə Cavabdeh tərəfindən Qanunun yuxarıda göstərilən maddəsinin tələblərinə əməl edilməmiş, sayğaca müdaxilə halları ilə bağlı tərtib edilmiş akt inzibati xəta haqqında iş üzra icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilməmiş, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların va ya məhkəmənin qərarı ilə təsdiq edilmədən onun şəxsi hesabına borc kimi yazılaraq tələb edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı qanunsuz müdaxilə halının etirafı baş verməmişdir.
25. Məhkəmə qeyd edir ki, istehlakçının sayğaca müdaxiləsi ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələblərinin əsaslı olmasına qiymət verilməsi üçün kifayət edir.
26. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması halına dair başqa heç bir sübut vasitəsi təqdim edilməmişdir. Bu da öz növbəsində iddiaçıya hesablanmış borc məbləğinin əsassız olmasını şərtləndirir. Bununla da, hazırkı mülki iş üzrə istehlakçı qismində çıxış edən iddiaçıya qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına qeyd edilən məbləğdə ziyan vurulması halının müəyyən edilməsi və cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli aktın əsasının müəyyən edilməsi mümkün olmamışdır.
27. Məhkəmə qeyd edilən halları əsas götürərək hesab edir ki, mübahisələndirilən akt əsasında cavabdeh tərəfindən istehlakçıya məxsus sayğac üzrə onun şəxsi hesabına ziyan məbləği əsassız yazıldığından iddia tələbi təmin edilməlidir.
Məhkəmə xərcləri
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
29. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
30. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə bütün növ büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
31. Həmin qanunun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddianın verilməsinə görə ödənilməli dövlət rüsumunun məbləği iddia qiyməti 1.000 manatadək olduqda 30,0 manat müəyyən edilmişdir.
32. Məhkəmə hazırkı tələb üzrə ödənilməli olan dövlət rüsumunun “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən 35.55 manat təşkil etməsini, iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu və iddianın təmin edildiyi əsas götürərək, qanunvericliyin yuxarıda göstərilən tələblərinə əsasən qeyd edir ki, iş üzrə ödənilməli olan 30,0 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Nəticə
33. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, cavabdeh iddiaçının tələbdə göstərilən borcunun yaranması halını sübut edə bilməməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, CavabdehİB-i tərəfindən iddiaçıya hesablanmış 518,40 manat məbləğində pul vəsaiti silinməlidir.
34. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh İB-i tərəfindən İddiaçı **********00000 saylı istehlakçı hesabına ******* saylı xx.xx.2024-cü il tarixli akt əsasında yazılmış 518,40 manat məbləğində borc silinsin. İddiaçının azad edildiyi 30,0 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aybəniz Babayeva