Məhkəmə qərarları › İş №2(039)-198/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-198/2023

16.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-198/2023 16.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (İB) qarşı əsassız hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” X1 X2 İdarəsi tərəfindən əsassız olaraq hesablanmış 1036.80 manat cərimənin silinməsi və yeni quraşdırılmış sayğacının dəyərinin cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi belə əsaslandırılmışdır ki, onun Yevlax şəhəri T.Məmmədov küçəsi ev 23-da yerləşən yaşadığı evə verilən təbii qazın sayğacının dəyişdirilməsindən sonra “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən təqdim olunmuş abonentin saldosunda 1036.80 manat məbləğində borcunun olması qeyd edilmişdir. Həmin borcun qaz sayğacına müdaxilə edilmə səbəbi ilə yarandığını bildirmişlər. O, işlətdiyi qaza görə yaranmış borcunu vaxtlı-vaxtında ödəyir, sayğaca müdaxilə etməmiş, Ona əsasız olaraq üzərinə hesablanaraq yazılmış 1036.80 manat məbləğində cərimənin silinməlidir. Bundan başqa təzə quraşdırılan qaz sayğacının dəyərində ondan tələb olunması qanunsuzdur. Bu səbəblərdən ona əsasız olaraq hesablanıb yazılmış 1036.80 manat məbləğində cərimənin məhkəmə tərəfindən üzərindən silinməsinə dair qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclası zamanı çıxış edərək bildirmişdir ki, Yevlax şəhəri T.Məmmədov küçəsi ev 23-da ailə üzvləri ilə birlikdə özünə məxsus fərdi yaşayış evində yaşayır. “Azəriqaz” İB-nin X3 İstismar İdarəsinin əməkdaşları yaşayış evi üçün qurlaşdırılmış sayğac onun həyətində qurlaşdırılmış, həmin qaz sayğacına baxış keçirilmiş, sayğacın yoxlanılması üçün sayğac çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Akt əsasında ona 1036.80 manat cərimə yazılmışdır. Odur ki, həmin cərimənin silinməsini və yeni quraşdırılmış qaz sayğacının dəyərinin cavabdehə aid edilməsinə dair qətnamə çıxarılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh “Azəriqaz” İB nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: 0356608 nömrəli aktdan müəyyən olunur ki, istehlakçı İddiaçı yaşadığı Yevlax şəhəri T.Məmmədov küçəsi ev 23 nömrəli evdə yerləşən G-4 markalı, ******* nömrəli sayğaca baxış keçirilmiş, sayğacın hesablanma mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi aşkar edilmişdir. Cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli “Aktdan” görünür ki, iddiaçının yaşadığı ünvanda yeni qaz sayğacı quraşdırılmışdır Abonentin **********00000 nömrəli saldosundan görünür ki, İddiaçı akt əsasında xx.xx.2022-ci ilin may ayında 1036.80 manat cərimə hesablanmışdır. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11 bənd 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 87 saylı qərarının 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli “Qazdan istifadə Qaydalarının” təsdiq edilməsi haqqında 80 saylı qərarı: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin hüquqi mövqeyi: Təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında cavabdehə məxsus evin həyətində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacın hesablanma mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi aşkar edilmiş, bu barədə akt tərtib olunmuş və sayğac müayinəyə göndərilmişdir. Akt əsasında İddiaçı 1036.80 manat cərimə hesablanmışdır. Sayğaca müdaxilənin olması mövcud sübutlarla təsdiq edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, sayğac iddiaçıya məxsus evin həyətində yerləşdiyindən və bununla da həmin sayğaca hər hansı digər şəxsin ev sahibinin icazəsi olmadan müdaxiləsi mümkünsüz olduğundan iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (İB) qarşı əsassız hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar