Məhkəmə qərarları › İş №2(039)-2185/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2185/2021

16.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2185/2021 16.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «borcla əlaqədar pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: .İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «borcla əlaqədar pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istehlak etdiyi elektrik enerjisinə görə yaratmış olduğu 1834.52 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ondan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Yevlax EŞ-nin “Proqram bazası”nda **********00150 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış sayğacı vasitəsi ilə 07 dekabr 2017-ci il tarixdən 30 may 2020-ci il tarixinə kimi istifadə etmiş, 30 may 2020-ci il tarixindən hal-hazıra kimi isə PAUD-MP 106 tipli zavod nömrəsi **********0 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. Tərəflər arasında “Elektrik enerjisinin alqı-satqısının bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “enerjitəchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş “Bildiriş-Xəbərdarlığ”a uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Cavabdeh elektrik enerjisindən istifadəyə görə 18 yanvar 2018-ci il tarixdən 31 avqust 2021-ci il tarixinə kimi yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının enerji sərfiyyatı göstəricisinə əsasən dəyəri 2912.42 manat təşkil edən 41606 kvt saat miqdarında elektrik enerjisi istehlak etmişdir. Cavabdeh tərəfindən limitdən (300 kvt) artıq istehlak edilmiş elektrik enerjisinin 1249.32 manat təşkil edən dəyəri də nəzərə alınmaqla 2912.42 manat məbləğində elektrik enerjisi istehlak edilmişdir. Beləliklə Cavabdeh tərəfindən bu günə kimi istehlak edilmiş elektrik enerjisinin dəyərindən 12 iyun 2020-ci il tarixdə cəmi 20 manat ödəniş etdiyi üçün onun 31 avqust 2021-ci il tarixinə ödənilməli olan 1834.52 manat məbləğində debitor borcu vardır. Tərəflərindən Cavabdeh yaşadığı ünvana 27 dekabr 2020-ci il tarixli 102 №-li “Pretenziya” göndərilərək həmin tarixə elektrik enerjisindən istifadəyə görə yaratmış olduğu 1870.18 manat məbləğində debitor borcun 7 gün ərzində ödənilməsinin təmin edilməsi, əks təqdirdə “Borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh ona ünvanlanmış “Pretenziya”nı şəxsən almasına baxmayaraq borcdan ödəniş etməmişdir. Cavabdeh yaşadığı əraziyə xidmət edən 'nəzarətçi mühəndis tərəfindən sayğac göstəriciləri hər ay mini kompüter vasitəsi ilə oxunaraq istehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və qalıq borc məbləği göstərilən “Bildiriş-xəbərdarlıq” təqdim edilməsinə baxmayaraq o ödəniş etməkdən qəsdən yayınmaqla cavabdeh "xxxx" ASC-yə 1834.52 manat məbləğində ziyan vurmuşdur. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 05 yanvar 2021-ci il tarixli 170933 saylı müqavilənin surətindən məlum olur ki, Yevlax EŞ-nin “Proqram bazası”nda **********00150 saylı istehlakçı kodu abonent Cavabdeh verilmişdir. İş materiallarına əlavə edilmiş 28 dekabr 2020-ci il tarixli 110 saylı pretenziya məktubundan məlum olur ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 8.4-cü bəndinə əsasən “Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin Yevlax rayonu Kövər kəndində yerləşən fərdi yaşayış evi elektrik enerjisi ilə təmin olunmuşdur, cavabdeh 2016-cı ildən istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməmiş və nəticədə 1834.52 manat məbləğində debitor borcu yaranmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1834.52 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1834.52 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar