Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2308/2022 31.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı, nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Mingəçevir regional Asan xidmət mərkəzində Qeydiyyat şöbəsinə qarşı «atalığın müəyyən olunması, aliment və uşağın üç yaşına çatanadək saxlanılması üçün atanın əlavə xərclərə cəlb olunması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və maraqlı şəxs Mingəçevir regional Asan xidmət mərkəzində Qeydiyyat şöbəsinə qarşı «atalığın müəyyən olunması, aliment və uşağın üç yaşına çatanadək saxlanılması üçün atanın əlavə xərclərə cəlb olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 may 2022-ci il təvəllüdlü X3 atası olması faktının müəyyən olunması və uşaqları 10 may 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasına görə 10 may 2022-ci il tarixdən başlayaraq, bir uşaq üçün, hər ay sabit pul məbləğində 193 manat alimentin, eyni zamanda övladının üç yaşına çatanadək saxlanılması üçün atanın əlavə xərclərə cəlb olunmaqla, aliment məbləğindən əlavə 100 manat pul məbləğinin Cavabdeh tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdehlə faktiki ailə quraraq birgə yaşamışlar. Birgə yaşayışlarından Sudə adlı bir uşaqları olmuşdur. Cavabdehlə aralarında rəsmi nikah olmamışdır. Cavabdeh uşağın atasının olmasının təsdiq edilməsi üçün Qeydiyyat orqanlarına getmir və uşağın saxlanılması üçün aliment ödəmir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, tərəflər faktiki ailə quraraq birgə yaşamışlar. Birgə nikahlarından bir övladları olmuşdur. Hazırda ayrılmışlar və uşaq iddiaçının yanındadır. Cavabdeh özü könüllü olaraq atalıq vermir. Həmçinin uşağın saxlanılması üçün maddi kömək göstərmir. Cavabdeh və maraqlı şəxs və maraqlı şəxs Mingəçevir regional Asan xidmət mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh və maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmənin əvvəlki iclasında Cavabdeh nümayəndəsi X4 məhkəməyə ərizə təqdim edərək izah etmişdir ki, Cavabdeh iddianı qismən qəbul edir. X3 atası həqiqətən Cavabdehdur. İddianın aliment hissəsində isə uşağın saxlanılması üçün hər ay 100 manat aliment və uşağın üç yaşı tamam olana kimi 30 manat ödəməyə imkanları var. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs 30 iyun 2022-ci il tarixli 05/9-298/15 saylı məktubundan məlum olur ki, İddiaçı məhkəməyə müraciət etməsi bildirilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 23 sentyabr 2022-ci il tarixli MT-00969 saylı məktubundan məlum olur ki, İddiaçı atalığın müəyyən edilməsi və aliment üçün mediatora müraciət etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir regional Asan xidmət mərkəzində Qeydiyyat şöbəsinin 28 iyun 2022-ci il tarixli 05/Q-325/69 saylı arayışdan məlum olur ki, X6 10 may 2022-ci il tarixdə anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin N sentyabr 2022-ci il tarixli 3492 saylı məktubundan məlum olur ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu Cavabdeh aylıq əmək haqqı 687.99 manat təşkil edir. Beləliklə, məhkəmədə aydın olur ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah qeyd etdirmədən faktiki olaraq evlənərək ailə qurmuşlar. Onların birgə yaşayışlarından 10 may 2022-ci il təvəllüdlü X6 adlı bir uşaqları olmuş və hazırda iddiaçının himayəsindədir. Hazırda uşağın soyadı iddiaçının soyadı ilə qeyd edilmişdir. Tərəflərin münasibətləri pozulduğundan ayrılmışlar. İddiaçı məhkəməyə müraciət edərək uşağın atasının Cavabdeh olmasının müəyyən edilməsini və uşağın saxlanılması üçün alimentin tutulmasını xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edir. Məhkəmə qeyd edir ki, iddiaçı alimentin tutulmasını 10 may 2022-ci il tarixdən hesablanmasını xahiş etsə də, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsinə, cavabdehin aliment verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığına dair məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxx 1987-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi ev 12, mənzil 17-də qeydiyyatda olan və yaşayan Cavabdeh 10 may 2022-ci il təvəllüdlü X6 adlı uşağın atası olması müəyyən edilməli, Cavabdeh 27 sentyabr 2022-ci il tarixdən hesablanmaqla, 10 may 2022-ci il təvəllüdlü X6 adlı uşağın 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat aliment və uşağın 3 yaşı tamam olan günədək hər ay 30 manat məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törənməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən, Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideyninin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. “Azərbaycan Respublikasında 2022-ci il üçün Yaşayış minimumu haqqında” Qanuna əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan qanundan göründüyü kimi uşaqların saxlanması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 186-cı maddəsinə əsasən atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə və atalığın müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin çıxardığı yerdə qeydə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx xxxx 1987-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi ev 12, mənzil 17-də qeydiyyatda olan və yaşayan Cavabdeh 10 may 2022-ci il təvəllüdlü X6 adlı uşağın atası olması müəyyən edilsin. Cavabdeh 27 sentyabr 2022-ci il tarixdən hesablanmaqla, 10 may 2022-ci il təvəllüdlü X6 adlı uşağın 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat aliment və uşağın 3 yaşı tamam olan günədək hər ay 30 manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2308/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2308/2022
31.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver