Məhkəmə qərarları › İş №2(039)-2310/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2310/2023

21.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2310/2023 21.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kompensasiya ödəməklə mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kompensasiya ödəməklə mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə olan Yevlax şəhəri, X.Natəvan küçəsi 3 saylı fərdi yaşayış evinə olan istifadə hüququna hər birinə 5000 manat olmaqla, ümumilikdə 15000 manat kompensasiya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, həmin fərdi yaşayış evi vərəsəlik qaydasında iddiaçının adına keçmişdir. Cavabdehlər iddiaçının övladlarıdır. Həmin evdə qeydiyyatdadılar. Lakin həmin evdən köçmüşlər. İddiaçı hər birinə 5000 manat ödəməklə istifadə hüquqlarına xitam verilməsini istəyir. Cavabdehlərin hər birinin öz evi var. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh3 məhkəməyə ərizə təqdim edərək izah etmişdir ki, beş min manat verilməklə istifadə hüququna xitam verilməsinə etiraz etmir. Təklif olunan kompensasiya məbləği ilə razıdır. Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilmir. İddia ilə razıdır. Kompensasiya məbləği ilə razıdır. Cavabdeh1 dəfələrlə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların X5 daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı 20 fevral 2018-ci il tarixli çıxarışının surətindən məlum olur ki, Yevlax şəhəri, Xurşidbanu Natəvan küçəsi ev 3 İddiaçı məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AZ-l 894193 saylı 09 avqust 2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 18 iyul 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ll-JQ 271317 saylı 21 noyabr 1978-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 ilə X6 21 noyabr 1978-ci il tarixdə evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Vl-JQ 432398 saylı 24 oktyabr 1979-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh2 10 sentyabr 1979-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 13 yanvar 2017-ci il tarixli 09 saylı arayışından məlum olur ki, Cavabdeh3 03 noyabr 1983-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Vlll-JQ 313953 saylı 23 mart 1981-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh1 07 fevral 1981-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Əmlakın Qiymətləndirilməsi MMC-nin 04 oktyabr 2023-cü il tarixli rəyindən məlum olur ki, Yevlax şəhəri, Xurşidbanu Natəvan küçəsi 3 saylı fərdi yaşayış evinin aylıq kirayə haqqı 100 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Əmlakın Qiymətləndirilməsi MMC-nin 04 oktyabr 2023-cü il tarixli rəyindən məlum olur ki, Yevlax şəhəri, Xurşidbanu Natəvan küçəsi 3 saylı fərdi yaşayış evinin real bazar dəyəri 34300 manat təşkil edir. Məhkəmədə iclasında müəyyən olundu ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçının övladlarıdır. Yevlax şəhəri, Xurşidbanu Natəvan küçəsi 3 saylı fərdi yaşayış evi İddiaçı məxsusdur. İddiaçı cavabdehlərin həmin evdən hər birinə 5000 manat kompensasiya ödəməklə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddianı etiraf edirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin l və ll hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin l hissəsinə əsasən, Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Ağalarovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyana və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, «…yaşayış sahəsindən istifadəyə xitam verilməsi məsələsi məhz yaşayış sahəsindən istifadə qaydasına aid olunan məsələlərdən biridir… Eyni zamanda, ailə üzvləri yaşadığı halda, onlardan birində mənzilə mülkiyyət hüququ, digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır… Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin». Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Əmlak Məsəlləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 20 fevral 2018-ci il tarixində ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus Yevlax şəhəri, Xurşidbanu Natəvan küçəsi 3 saylı fərdi yaşayış evinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı tərəfindən 5000 manat kompensasiya ödəməklə istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə təklif olunan 5000 manat kompensasiyanı ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əmlak Məsəlləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 20 fevral 2018-ci il tarixində ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus Yevlax şəhəri, Xurşidbanu Natəvan küçəsi 3 saylı fərdi yaşayış evidən İddiaçı tərəfindən cavabdehlərin hər birinə 5000 manat kompensasiya ödəməklə cavabdehlərin istifadə hüquqlarına xitam verilsin. İddiaçı 300 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar