Məhkəmə qərarları › İş №2(039)-2420/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2420/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2420/2021 15.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «müqavilələrin ləğvi, texnikaların saz vəziyyətdə geri qaytarılması və pul məbləği» tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «müqavilələrin ləğvi, texnikaların saz vəziyyətdə geri qaytarılması və pul məbləği» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11240 manat əsas borcun, 5401 manat cərimənin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi, müqavilələrin ləğv edilərək, lizinq obyekti olan 1 ədəd MTZ-89.2 markalı traktor və 1 ədəd AG-14-4 markalı kotanın saz vəziyyətdə geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 02 sentyabr 2016-cı il tarixli 2(039)-2177/2016 saylı qiyabi qətnaməsi ilə iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 488-L/12 nömrəli, 10 aprel 2012-ci il tarixli müqavilənin ləğv olunması; Lizinq obyekti olan 1 ədəd MTZ-89.2 markalı traktor və 1 ədəd AG-14-4 markalı kotanın saz vəziyyətdə geri alınması; Cavabdeh 11240 manat, əsas 5401 manat cərimə cəmi 16641 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi; Məhkəmə xərcləri hesabına ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb iddiaçı "xxxx" ASC qaytarılması qət edilmişdir. Cavabdeh məhkəmənin qiyabi qətnaməsinin ləğv olunması barədə etirazla məhkəməyə müraciət etmiş, qiyabi qətnamənin ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(039)-2420/2021 saylı qərardadı ilə məhkəmənin 02 sentyabr 2016-cı il tarixli 2(039)- 2177/2016 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, 3450 manat əsas borcun, 3151.68 manat cərimənin və 20 manat dövlət rüsumunun, cəmi 6621.68 manatın Cavabdehdan tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması qaydalarına müvafiq olaraq "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2012-ci il tarixli 488-L/12 saylı müqaviləyə əsasən lizinqə götürdüyü kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına 3110 manat ilkin ödəniş etmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, bu ödəniş qrafiklər üzrə 01 yanvar 2016-cı il tarixədək 15540 manat ödənilməli olduğu halda, 4300 manat ödəniş etmişdir. Cavabdehə borc məbləğinin ödənilməsi barədə göndərilmiş 21 fevral 2014-cü il tarixli ASC/2-394 saylı pretenziya cavabsız qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. İddiaçı təşkilatın nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izah etdi ki, lizinqə kənd təsərrüfatı texnikası götürmüşdür. Lakin müqavilə üzrə pulu vaxtı vaxtında ödəyə bilməmişdir. Borcunu qısa müddətdə ödəyəcəkdir. Cərimə borcunda ona köməklik edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 10 aprel 2012-ci il tarixli 488-L/12 saylı müqavilədən məlum olur ki, tərəflər arasında bağlanmış müqavilə əsasən 1 ədəd MTZ-89.2 markalı traktor və 1 ədəd AG-14-4 markalı kotan Cavabdeh mülkiyyətinə verilmişdir. Lizinq müqaviləsinin 2.3-cü bəndinə əsasən bu müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlrlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748.1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə iddiaçı şirkətdən 1 ədəd MTZ-89.2 markalı traktor və 1 ədəd AG-14-4 markalı kotan lizinqə götürmüş, lizinq obyektinin lizinqə alınması ilə bağlı ödəməli məbləğləri ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələbinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsində göstərilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 3151.68 manat dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Bildiriş məktubundan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh öhdəliklərinin icra edilməsini, borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 3450 manat əsas borc, 345 manat cərimə borcu, cəmi 3795 manat məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3450 manat əsas borc, 345 manat cərimə borcu, cəmi 3795 manat məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ASCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar