Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2442/2025 15.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Yevlax rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçinin xahişi: Ərizəçi (Yevlax rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X3 xəstəlik səbəbindən orqanizmin funksiyası 81-100 faiz pozulmasına görə anadangəlmə fiziki qüsurlu, serebral iflic və ruhi xəstəliyi olması ilə əlaqədar özünü idarə edə bilməməsini nəzərə alaraq, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun xx.xx.1979-cu il təvəllüdlü qardaşı X6 xəstəlik səbəbindən orqanizmin funksiyası 81-100 faiz pozulmasına görə (anadangəlmə fiziki qüsurlu, serebral iflic və ruhi xəstəliyi olduğu üçün) İ qrup əlildir. Qardaşının bu tipli ağır xəstəliyi ağırlaşdırıcı olduğundan bu proseslərdə onu idarə etmək olmur. O, özü qardaşını idarə edirə və özünü daim nəzarətdə saxlayır. Hazırda qardaşı onun himayəsindədir. Qardaşının sağlamlığı və təhlükəsizliyi üçün ciddi ehtiyac olduğundan qardaşının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barəsində ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Aidiyyəti üzrə icra hakimiyyətinə müraciətinə də cavab olaraq, , aidiyyəti üzrə məhkəməyə müraciət etməsinin məqsədəuyğun hesab edilməsi barədə cavab verilmişdir. Tərəflərin izahatları: Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar: Vİİİ-ЖГ seriyalı, 490886 nömrəli doğum haqqında şəhdətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci il il tarixdə anadan olmuşdur. Həmin uşağın atası X5, anası X2r; Vİ-ЖГ seriyalı, 458086 nömrəli doğum haqqında şəhdətnamənin surətindən görünür ki, X6 oğlu xx.xx.1979-cu il il tarixdə anadan olmuşdur. Həmin uşağın atası X5, anası X2r; AR ƏƏSMN Mərkəzləşdirilmiş elektron informasiya sisteminin sosial müavinət və təqaüd haqqında xx.xx.2025-ci il tarixli elektron arayışdan müəyyən olunur ki, xx.xx.1979cu il təvəllüdlü X3 ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdir. Yevlax rayon İcra Hakimiyyəti tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, ərizəçiyə qanunvericiliyin tələbləri izah edilmiş və qızlarının fəaliyyəti qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında ərizə ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 tərəfindən qiyabi (sənədlər üzrə) tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 926 saylı məhkəmə-psixiatrik ekspertizasına dair ekspert rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs X4 “Ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri və davranış pozuntuları ilə” müəyyən edilmiş, X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X6 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını dinləyib, işin faktiki hallarını və iş materiallarını araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, ərizəçinin qardaşı xx.xx.1979-cu il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş, bu barədə ərizəni qardaşının psixi vəziyyəti ilə əsaslandırmışdır. Məhkəmə nəzərə çatdırır ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslərin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi imkanı nəzərdə tutulmuş və bu qaydada ərizələrin təmin edilməsi imkanı qanunvericiliklə bir sıra imperativ şərtlərdən asılı edilmişdir. Şəxslərin fəaliyyət qabiliyyətinin əsası və həcmi məhz həmin şəxslərin anlaqlılıq səviyyəsinə görə müəyyən edilir. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərini idarə edə bilməməsi (şəxsin fəaliyyət qabiliyyətinə malik olmaması) xüsusi hal olmaqla, yalnız məhkəmə tərəfindən təsdiq edildiyi halda müəyyən hüquqi nəticələr yaradır. Belə ki, bu kateqoriyadan olan şəxslər psixi pozuntu nəticəsində özü-özlüyündə öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə müstəqil rəhbərlik edə bilmir, lakin şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında ərizələrin verilməsi isə yalnız bu kimi halların məhkəmə tərəfindən təsdiq edilməsi və hüquqi nəticələrə səbəb olması məqsədini güdür. Belə ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Məhkəmə həmçinin işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, ərizəçinin xx.xx.1979-cu il tarixdə Yevlax şəhərində doğulmuş qardaşı X6 xəstəlik səbəbindən orqanizmin funksiyası 81-100 faiz pozulmasına görə anadangəlmə fiziki qüsurlu, serebral iflic və ruhi xəstəliyi olması diaqnozu ilə xəstədir. Etibar Səmədov xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2025-ci il tarixdə müayinə edilmiş, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi birinci dərəcə əlillik təyin edilmişdir. İş üzrə təyin olunmuş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixdə verdiyi 926 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməlidir. Göründüyü kimi mülki qanunvericiliyin tələbinə görə ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən həmin şəxsə qəyyum və ya himayəçi təyin edilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1979-cu il tarixdə Yevlax şəhərində doğulmuş, Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 4, mənzil 10-da qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1979-cu il tarixdə Yevlax şəhərində doğulmuş, Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 4, mənzil 10-da qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Yevlax Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №2(039)-2442/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2442/2025
15.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver