Məhkəmə qərarları › İş №2(039)-309/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-309/2021

16.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-309/2021 16.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 29600 manat borc pulun, “Vestel” mağazasında aldığı 1389 manat dəyərində kondisionerin, 500 manat dəyərində soyuducunun və 30 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbinin həcmi azadılmışdır.) İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh notarial qaydada təsdiq edilən kredit müqaviləsi əsasında bir il müddətinə qaytarmaq şərtilə 29600 manat borc vermişdir. O, cavabdehi uzun müddətdir tanıyır, bu müddətdə onun etibarını qazana bilmişdir. 2019-cu ilin təxminən iyul-avqust ayında cavabdeh ona evini satmasını və həmin pula ona yeni ev tikib verəcəyini bildirmişdir. Həmin vaxtlar onların münasibətləri yaxşı olmuş və bir-birilərinə etibar etmişlər. O, öz evini Mingəçevir şəhər sakini olan Elşad adlı şəxsə satmış və xx.xx.2020-ci il tarixdə Mingəçevir regional ASAN xidmət mərkəzindəki Notariat ofisində rəsmi qaydada kredit müqaviləsi bağlayaraq, 29600 manat pulu Cavabdeh borc verdir. Həmin vaxt cavabdeh ona söz vermişdi ki, ən geci bir ilə kimi ona yeni ev tikib verəcək, əgər alınmasa, tez bir zamanda həmin pulu tam şəkildə ona qaytaracaq. Müqavilə bağlandıqdan bir-iki ay sonra cavabdehin evin tikilməsi və ya alınması ilə bağlı heç bir addım atmadığını görmüş və ondan ya ona ev almağı, ya da şərtləşdiyi kimi pulu müqavilə ilə müəyyən olunmuş vaxtda qaytarmağı tələb etmişdir. Təxminən 2019-cu ilin avqust ayında cavabdeh ona ev tikmək üçün torpaq aldığını bildirmiş, bir müddət sonra isə kiməsə 2000 manat borcu olduğunu demişdir. Artıq cavabdehin onu aldatdığını anlamış və ondan müqavilə ilə müəyyən olunmuş vaxtda borc pulunu qaytarmağı tələb etmişdir. Cavabdeh isə öz növbəsində müxtəlif bəhanələr gətirərək həmin borc pulu qaytarmaqdan yayınmışdır. Belə olduqda onların münasibətləri kəskinləşmiş və ayrılmışlar. O, hazırda Mingəçevir şəhərində dayısının evində qalır. Onun cavabdehlə normal münasibətləri olan zaman ona Mingəçevir şəhərində yerləşən Vestel mağazasından kreditlə aldığı 1389 manat dəyərində kondisioner, 500 manat dəyərində soyuducu və 300 manat dəyərində stol dəstini də borc vermişdir. Cavabdeh həmin kondisinoneri anasının evinə qoymuşdur. Soyuducu və stol dəstini isə Gəncə şəhərindəki mağazasına aparmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 oğlu iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin dəlillərinə etiraz edərək bildirmişdir ki, 2019-cu ildə işləmək üçün Yevlax şəhərindən Mingəçevir şəhərinə getmiş və orada dönərxanada işləməyə başlamışdır. İddiaçı, işlədiyi kafeyə qonşu kafelərin birində işləmişdir. Bir müddət sonra o, iddiaçıyla tanış olmuş və bir-birilərinə etibar etmişlər. Həmin vaxt İddiaçı bilmişdir ki, iddiaçı özünə məxsus evi satıb və özünə yeni ev almaq istəyir. O, iddiaçıya təklif etmişdir ki, evin pulunu ona versin və birlikdə iş qursunlar və quracaqları işin nəticəsində daha çox pul qazansınlar. Onların şəxsi münasibətləri də yaranmağa başladığından iddiaçı həmin pulu ona etibar etmişdir və bu barədə notariusda müqavilə bağlamışlar. O, həmin pulu götürüb Gəncə şəhərinə getmiş və orada mağaza icarəyə götürmüş və satmaq üçün mal almışdır. Pandemiya ilə əlaqədar işləri alınmamış və müflis olmuşdur. O, bir müddət iddiaçıyla birlikdə Gəncə şəhərində yaşamış və borc aldığı pulun bir hissəsini iddiaçıyla birlikdə xərcləmişdir. İddiaçının tələb etdiyi kondisioner və soyuducu onun Gəncə şəhərində icarəyə götürdüyü mağazada olmuş və o, həmin əşyaları pulu olmadığı üçün satmışdır. Əşyaları satması barədə iddiaçının xəbəri olmamışdır. Soyuducunu 160 manata, kondisioneri isə 350 manata satmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı tərəfindən borc alan Cavabdeh 29600 manat pul verilmişdir. Borc alan həmin məbləği xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin müəyyən olunan hallarından görünür ki, iddiaçı cavabdehə 29600 manat məbləğində pul vermiş, Cavabdeh həmin pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Eyni zamanda cavabdeh iddiaçıya məxsus kondisioneri və soyuducunu onun razılığı olmadan satmışdır. Cavabdeh iddiaçıdan aldığı borc pulun bir hissəsini iddiaçı ilə birlikdə xərclədiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdeh iddiaçıdan aldığı pulu qaytarmasını və ya onu iddiaçı ilə birlikdə xərcləməsini sübut edə bilmir. Sübuta söykənməyən dəlil isə əsaslı hesab edilmir. İddia tələbinin 1389 manat dəyərində olan “Vestel” markalı kondisionerin və 500 manat dəyərində olan “Vestel” markalı soyuducun cavabdehdən alınması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında qeyd olunan əşyaların iddiaçıya məxsus olduğunu və iddiaçının razılığı olmadan müvafiq qiymətlərə satdığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əşyaların cavabdehdən alınması hissəsində də əsaslıdır. Lakin iddiaçı əşyaların dəyəri ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, əşyaların qiyməti Cavabdeh etiraf etdiyi dəyərdə qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 29600 manat məbləğində pul və 350 manat dəyərində olan “Vestel” markalı kondisioner, 160 manat dəyərində olan “Vestel” markalı soyuducu alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 29600 (iyirmi doqquz min altı yüz) manat məbləğində pul, 350 (üç yüz əlli) manat dəyərində olan “Vestel” markalı kondisioner, 160 (bir yüz altmış) manat dəyərində olan “Vestel” markalı soyuducu və ya həmin əşyalar naturada mövcud olmadıqda onların dəyəri və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar