Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-3166/2025 13.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə qət etdi: İşin halları: Cavabdeh tərəfindən tərtib olunmuş, xx.xx.2019-cu il tarixli ******* №li Akta əsasən, İddiaçı yaşadığı Yevlax şəhəri Xoyski küçəsi ev 96-da **********00000 nömrəli sayğaca müdaxilə olunmasına görə qaz itkisi 4644 m3 hesablanmışdır. Cavabdeh tərəfindən xx.xx.2018-ci il üzrə üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2019-cu il tarixli 29/1710-01578-2 nömrəli Aktına əsasən G-4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq aşkar olundu. xx.xx.2019-cu il tarixli təbii Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta əsasən **********00000 saylı abonent İddiaçı 4644 m3 qaz sərfiyyatına uyğun dəymiş ziyan həcmi hesablanmışdır. Yevlax şəhəri Xoyski küçəsi ev 96-da yaşayan İddiaçı (abonent **********00000) məxsus saldo məlumatlarına əsasən 29/1710-0158-2 sayğac qurğusu üzrə istehlakçıya 2019-cu il üzrə 464.40 manat məbləğində cərimə borcu hesablanmışdır. İddia tələbi İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ******* saylı xx.xx.2019-cu il tarixli akt əsasında cavabdeh orqan Cavabdeh İB-nin X5 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktına əsasən əsassız hesablanaraq mənim abonet koduma vurulmuş itirilmiş qazın dəyəri kimi 2019-cu il üzrə isə 464.40 manat cərimənin silinməsinə cavabdehə aid edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, Yevlax şəhəri, Xoyski küçəsi ev 96-da yaşayır. Yaşadığı ev işıq, su və qazla təchiz olunmuşdur. Cavabdeh Tərtər X3 İdarəsi tərəfindən 29 iyun 2019-cu ildə ******* saylı akt tərtib edilərək qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi aşkar olunmuş və dəymiş ziyanın hesablanaraq abonent tərəfindən ödənilməsi tələb olunmuşdur. Bundan sonra Cavabdeh Tərtər X3 İdarəsinin 31 iyul 2019-cu il tarixli qərarı ilə 4644 kub.metr qazın dəyərinin onun tərəfindən ödənilməsi qərara alınmışdır. Təbii qaza görə sayğac onun həyətində deyil, həyətdən çöl tərəfdə, yəni küçədə quraşdırılmışdır və sayğac kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. İddiaçı tələbin hüququ əsası kimi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” xx.xx.1995-ci il tarixli Qanunun 4, 18, 26-cı maddələrinə; Mülki Məcəllənin 560ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə istinad etmişdir. İddiaya etiraz: İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iştirakçılarının izahatları: İddiaçı məhkəmə iclasında bildirdi ki, iddia tələbini müdafiə edir, sayğaca müdaxilə etməyib, barəsində heç bir inzibati protokol tərtib edilməyib. Borc əsassız hesablanıb. İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasına gəlməmiş, telefon əlaqəsi saxlanılan zaman iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edildiyini, sayğaca müdaxilə ilə bağlı Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixli akt tərtib edildiyini, akt əsasında 464.4 manat borc hesablandığını, “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə aktın, dəymiş ziyanla bağlı tələbnamənin, alqı-satqı müqaviləsinin, istismara qəbul aktının göndərildiyini bildirmiş, iş həcminin çoxluğu ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini və təqdim edilmiş sənədlər əsasında iddia tələbiin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16] Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Maddə 13.8. (01 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyada) Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 13.9. (01 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyada) Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”
4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 28 noyabr 2016-cı il tarixli 18 nömrəli qərarı Təbii qazın ölkədaxili tarifləri 4.1. Əhali 4.1.1. illik istehlak həcminin 2200 m3 -dək (2200 m3 daxil) olan hissəsi üçün- 100.0
Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında qazın alğı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh iddiaçının yaşadığı ünvanı təbii qazla təchiz etmiş, qaz xəttinin üzərinə qaz sayğacı yerləşdirməklə **********00000 nömrəli abonent kodu vermişdir. İddiaçı 29 iyun 2019-cu il tarixli akta əsasən hesablanmış 464.4 manat borcun silinməsini xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi Xəlilov İlham iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edildiyini, sayğaca müdaxilə ilə bağlı Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixli akt tərtib edildiyini və akt əsasında 464.4 manat borc hesablandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında sayğaca müdaxilə nəticəsində vurulmuş zərərlə bağlı meydana gələn mübahisəli hüquq münasibətləri 2018 – 2022-ci il tarixləri ərzində yarandığı üçün həmin vaxt qüvvədə olan maddi hüquq normaları tətbiq edilməklə mübahisə həll edilməlidir. Məhkəmə qeyd edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının sayğaca müdaxilə etməsi aşkar edildikdə, icavabdehin əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Həmçinin, aşkar edilmiş pozuntu cavabdehin əməkdaşları tərəfindən texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə almalıdır. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli aktın qəbuluna əsas olmuş pozuntu, yəni sayğaca müdaxilə edilməsi faktı, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin aktlar üzrə göstərilmiş həcmdə hesablanmış zərər istehlakçı tərəfindən ödənilməməlidir. Qanun normasının tələbinə görə fiziki şəxslərin evlərinə quraşdırımış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İddiaçının 2019-cu il üzrə qaz sayğacına ehtimal olunan müdaxilə etməklə qanunazidd hərəkəti nəticəsində cavabdehə zərər vurulması, bu zərərlə iddiaçının ehtimal olunduğu qanunazidd hərəkəti arasında səbəbli əlaqənin olması və bu zərərin vurulmasında iddiaçının təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı qaz sayğacının zədələnməsinin müəyyən edilməsi təklikdə buna görə istehlakçıya borc hesablanmasına əsas vermir. Əksinə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İş üzrə müəyyən edilmişdir ki, təhlükəsiz şəraitdə saxlanması üçün iddiaçının evinə gələn təbii qazın qeydiyyatını aparan qaz sayğacının işlək vəziyyətdə saxlanma vəzifəsi iddiaçının üzərinə düşməklə həmin təşkilat tərəfindən bununla bağlı müvafiq tədbirlər görülməli idi. Bu isə həmin sayğaca istənilən şəxs tərəfindən müdaxiləni və ya təbii hadisələrin (zəlzələ, güclü külək, qasırğa nəticəsində və sair səbəblərdən kənar predmetlərin dəyməsi, qaz sayğacının dəyişdirilməsi və sair) təsiri nəticəsində müdaxilə olunmasını istisna etmir.
Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə bütün növ büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin qanunun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddianın verilməsinə görə ödənilməli dövlət rüsumunun məbləği iddia qiyməti 1.000 manatadək olduqda 30,0 manat müəyyən edilmişdir. Məhkəmə hazırkı tələb üzrə ödənilməli olan dövlət rüsumunun “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən 30 manat təşkil etməsini, iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu və iddianın təmin edildiyi əsas götürərək, qanunvericliyin yuxarıda göstərilən tələblərinə əsasən qeyd edir ki, iş üzrə ödənilməli olan 30,0 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Nəticə Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, cavabdeh iddiaçının tələbdə göstərilən borcunun yaranması halını sübut edə bilməməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, CavabdehİB-i tərəfindən iddiaçıya hesablanmış 464.40 manat məbləğində pul vəsaiti silinməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı istehlakçı hesabına ******* saylı xx.xx.2019-cu il tarixli akt əsasında yazılmış 464.40 manat məbləğində borc silinsin. İddiaçının azad edildiyi 30,0 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən ) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aybəniz Babayeva